Qarakənddə öldürülən generalın bildiyi sirr nə idi? – ŞOK FAKTLAR

Baxış sayı:
8295

90-cı illərdə Azərbaycanla Ermənistan arasındakı döyüşlər başlamazdan əvvəl ölkədə müharibənin qoxusu hiss edilməyə başlamışdı. Azərbaycanda bir çox adam artıq bilirdi ki, ölkədə faciəvi hadisələr baş verəcək. Bu istiqamətdə ilk tədbir görən şəxslərdən biri Məhəmməd Əsədov oldu. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri vəzifəsinə təyin edilən general, Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görür və təcili tədbirlərin görülməsi üçün Moskvaya, SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır. Daha sonra tez bir vaxtda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Yeniavaz.com xatırladır ki, 1991-ci ilin may ayında Məhəmməd Əsədovun göstərişi ilə "Çaykənd"digər adı ilə "Halqa" əməliyyatı başlayır. Əməliyyat strateji əhəmiyyət daşıyırdı. Əsas məqsəd Qarabağda təxribat törətməyə çalışan erməniləri zərərsizləşdirmək və həmin ərazidə təhlükəsiz zona təşkil etmək idi. Bu səbəblə bütün üzvləri azərbaycanlılardan təşkil edilmiş Xüsusi Təyinatlı Milis dəstəsi ilə birgə Azərbaycan ordusunun əsgərləri aprel ayının 10-da "Çaykənd"ə yeridilir. Əməliyyat 2 həftədən çox davam edir. Döyüş zamanı məlum olur ki, Çaykəndə çox sayda terrorçu, cinayətkar və Azərbaycana qeyri-qanuni yolla gəlmiş axtarışda olan şəxslər yerləşdirilib. Hərbi əməliyyatla Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində erməni hərbi dəstələri silahsızlaşdırılır. Artilleriya və vertolyotlarla müşayiət olunan əməliyyatda özünü fədai adlandıran erməni silahlı dəstələri zərərsizləşdirilir. Araşdırma zamanı məlum olur ki, Qarabağda təxribata hazırlaşan terrorçulardan bir çoxu Azərbaycanın müxtəlif bölgələrində ağır cinayətlər törətmiş şəxslərdir. "Çaykənd" əməliyyatı zamanı ortaya çıxan digər vacib məsələ də orada yaşayan azərbaycanlı və ermənilərdən ibarət dinc əhalinin uzun müddətdir həmin cinayətkarların təzyiqi altında yaşamaları idi. Dinc əhali, Azərbaycan ordusunun nəzarəti altında həmin bölgəni tərk etmək istədiklərini bildirirlər. Çünki, ərazinin terrorçulardan təmizlənməsinə baxmayaraq hələ də müxtəlif bölgələrdən sifarişlə gələn təxribatçılar dinc əhaliyə qarşı təzyiqlər edirdilər. Nəticədə həmin yerdəki dinc sakinlər təhlükəsiz bölgələrə köçürülürlər. "Halqa" azərbaycanlı hərbçilər tərəfindən olduqca professional şəkildə təşkil edilmiş əməliyyat idi. Döyüşlərdə itkinin minimuma enməsinin əsas səbəblərindən biri də dəqiq kəşfiyyat məlumatları idi. Hələ bir neçə gün əvvəl azərbaycanlı kəşfiyyatçılar bölgə barədə bütün məlumatları topladıqdan sonra əməliyyat planı hazırlanmışdı. İştirak etmiş döyüşçülər xatirələrində belə deyir: "Biz "Çaykənd"ə gedəndə hamımızda ruh yüksəkliyi vardı. Əməliyyat başlamadan biz artıq qalib gələcəyimi hiss edirdik". "Çaykənd" əməliyyatı ilə Qarabağda erməni təxribatlarının başladığına dair şübhələrin nə qədər doğru olduğu sübut edilir. Ancaq işlər planlandığı kimi getmir və fərqli hadisələr baş verir. Həmin əməliyyatdan sonra Rusiyada Azərbaycan əleyhinə şüarlar səsləndi. Hətta Azərbaycana xarici dövlətlərdən sifarişlə bir çox jurnalistlər gələrək, DİN-in apardığı əməliyyatı pisləməyə başlayırlar. Bunu görən, Məhəmməd Əsədov televiziya verilişində çıxış edərək aparılan əməliyyatın bütün detallarını sübutları ilə birgə danışmağa başlayır. Məhəmməd Əsədov çıxış etdikdən sonra bildirir ki, Qarabağda qeyri-adi hadisələr baş verir, lazım gələrsə bu barədə bəzi məlumatları da açıqlamağa hazırıq: "Orda əvvəllər şahidi olmadığımız qədər erməni quldurları həbs etmişik. Qarabağa çox sayda silah daşınır. Biz bunu bilirik və əməliyyatlara dava edəcəyik. Bizə gələn məlumatlarda Azərbaycan kəndlərinin adlarının dəyişdirildiyi, vətəndaşlarımızın təzyiqlərə məruz qaldığı bildirilir. Görünür ermənilərin Qarabağla bağlı hansısa planları var. Ancaq biz olduğumuz müddətcə Qarabağı heç kəs ala bilməyəcək". Sabiq Daxili İşlər Naziri bu çıxışından qısa müddət sonra, 1991-ci ilin noyabr ayının 20-də içərisində olduğu helikopterin vurulması ilə dünyasını dəyişir. Tarixə "Qarakənd" faciəsi kimi düşən hadisə nəticəsində Məhəmməd Əsədovla birlikdə ölkənin baş prokuroru İsmət Qayıbov, Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov və bir çox vəzifəli şəxslər dünyasını dəyişir. Qəza nəticəsində ölən bir neçə şəxsin cəsədi isə ümumiyyətlə tapılmır. Maraqlıdır ki, İsmət Qayıbov da ölmədən əvvəl mətbuata Məhəmməd Əsədovun çıxışlarına bənzəyən açıqlamlar verir. Hər ikisinin çıxışında ortaq bir cümlə vardı: "Biz olduğumuz müddətcə Qarabağı heç kəs ala bilməz".