Qarabağla bağlı nazirlərin Nyu-York görüşü hazırlanır

 “Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün keçirilməsini hazırlayırlar”.
 
Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirilən Moskva-Vyana videokörpüsündə deyib.
Onun sözlərinə görə, həmsədrlər bundan sonra da tərəflərin təmasları sürdürülməsi üçün səylərini davam etdirir.
“Ən vacibi dialoqu saxlamaq, tərəflərin qarşıdurma səviyyəsinə keçməyinə imkan verməmək, regionda güc balansının pozulmasının qarşısını almaqdır. Minsk qrupunun həmsədrləri tərəflərlə ciddi şəkildə işləyir, məhz bu amil münaqişənin alovlanmasının qarşısını kəsir. Bundan əvvəl nazirlərin Brüssel görüşü təşkil edildi. Qarşıdakı Nyu-Yorkda görüşün keçirilməsi planlaşdırılır. Məqsəd daha yüksək səviyyədə təmasların qurulmasıdır”, - deyə o bildirib.