Qarabağın işğalı ilə bağlı ermənilərin etirafı... - VƏ AZƏRBAYCANIN RUSİYADAN ÇƏKİNGƏN "QARABAĞ SİYASƏTİ" / Təhlil

Baxış sayı:
9835

Hrant Baqratyan: "Rusiyanın baş naziri olmasaydı, Qarabağ ermənilərin olmazdı" Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bir müddət əvvəl Dağlıq Qarabağın Rusiyanın dəstəyi ilə işğal edilməsi faktını etiraf etmişdi. Hansı ki, bu açıqlama Azərbaycanda ictimai müzakirələrə səbəb olmuşdu. Xatırladaq ki, 1990-cı illərdə Ermənistanın Baş naziri olmuş Baqratyan Ermənistan televiziyasındakı "Profil" verilişinə verdiyi müsahibədə Rusiyanın o vaxtkı baş naziri Yeqor Gaydar olmasaydı, ermənilərin hazırda Qarabağa sahib olmayacağını söyləmişdi. O, İrəvanda və ya Xankəndidə bir küçəyə Yeqor Gaydarın adının verilməsini təklif etmişdi. Dağlıq Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşərək, 1992-ci ildə Qarabağda şiddətli bir müharibənin getdiyini bildirən Baqratyan vurğulamışdı ki, yeni qurulmuş Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad etdi və irəlilədi: "1992-ci ilin yayında Xankəndidən bir neçə kilometr aralıda məğlub olduq. Çıxış yolumuz yox idi. Düşmən Gandzasara (Ağdara rayonunun Vəng kəndi) girmişdi. Hər şey dağılmışdı. Mən hələ baş nazir deyildim. Görünür, artıq qərar verilmişdi. Azərbaycan ordusu Xankəndinə girməli idi və bundan sonra danışıqlar üçün oturmalı idik". Hrant Baqratyan Baqratyan daha çox məlumat verməkdən imtina etmiş və İrəvanda, eləcə də Xankəndidə ən yaxşı küçələrdən birinə Qaydarın adını verməyə çağırş etmişdi. "Hrant Bagratyan haqlıdır" O dövrdə Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini olan Sülhəddin Əkbər "Meydan TV"-yə Hrant Baqratyanın dediklərinin həqiqət olduğunu söyləyib: "O zaman Azərbaycan ordusu Xankəndinə yaxınlaşdı və Laçın dəhlizi bizim nəzarətimizdə idi. Məhz bu andan sonra Azərbaycana qarşı təxribatlar başladı". Sülhəddin Əkbər "Ermənistan bunu idarə etmək gücündə deyildi" Əkbər əlavə edib ki, Dağlıq Qarabağ müharibəsini Azərbaycana qarşı aparan Rusiyadır, Ermənistan bu kontekstdə yalnız vəkil kimi çıxış edir: "Cəbhədəki vəziyyət dəyişəndə Ermənistan onu idarə etmək iqtidarında deyildi. Rusiya ön plana çıxmalı idi. Rusiya da Kəlbəcərin işğalı ilə birbaşa məşğul idi. Ermənilər bizə yalvardılar ki, Ermənistana geri çəkilmək üçün onlara dəhliz verək". Keçmiş müdafiə naziri Rəhim Qazıyev deyir ki, Azərbaycan ordusu 1992-ci ilin oktyabrında böyük hücuma keçdi: "Müharibə qısa müddət ərzində başa çatmalı idi. Erməni separatçıları bizdən xahiş etdilər ki, Ermənistana geri çəkilsinlər deyə dəhliz verək. Heydər Əliyev Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışdı. Lakin prezident Əbülfəz Elçibəyin komandasında xainlər daxil olduğu üçün uduzduq". Rəhim Qazıyev "Belyanın gətirdiyi müraciət niyə parlamentdə müzakirə edilmədi?" Rəhim Qazıyev deyir ki, həmin vaxt erməni deputat Aşot Belyan Bakıya 55 erməni deputat tərəfindən imzalanmış müraciəti gətirmişdi. Müraciətdə məsələnin müzakirə olunması təklif edilib: "Aşot Milli Məclisin sədri İsa Qəmbərlə görüşdü. Sual olunur, Belyanın gətirdiyi müraciət niyə parlamentdə müzakirə edilmədi? O vaxt Laçın dəhlizi 1 km-ə qədər daraldı. Biz Xankəndinin yaxınlığında idik. Cəmi Kəlbəcərdə 52, Qubadlıda 14 yaşayış məntəqəsi təmizləndi. Təsəvvür edin, Ermənistan hansı vəziyyətdə idi". "Milli İstiqlal Partiyasının danışıqlara etiraz etməsi prosesi dayandırdı" Təhlükəsizlik mütəxəssisi İlham İsmayıl o vaxt hökumətdə vəzifə tutmurdu. Ancaq hadisələrin inkişafını yaxşı xatırlayır. Deyir ki, Azərbaycan ordusu Laçın dəhlizinə yaxın idi. Ermənilər yolun bağlanmaması üçün bütün güclərini sərf etdilər: "Kəlbəcər də Azərbaycanda idi. Bildiyim qədər, Ermənistandan və Moskvadan Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən qurulması ilə bağlı bir təklif gəldi. Rusiya da ermənilərin gedib-gələ bilməsi üçün dəhlizin qalmasını istədi. Əbülfəz Elçibəyə məlumat verildi. Bununla əlaqədar müxalif Milli İstiqlal Partiyasının danışıqlara qəti etirazı bu prosesi dayandırdı". İlham İsmayıl İlham İsmayıl deyir ki, Azərbaycan razılaşmadıqdan sonra Rusiya məsələyə müdaxilə etdi. Nəticə etibarilə Azərbaycan ordusu yayın sonunda geri çəkilməyə başladı: "Bundan əlavə, Heydər Əliyev Levon Ter-Petrosyanla 1992-ci ilin avqustunda deyil, Kəlbəcər işğal olunmadan bir neçə ay əvvəl görüşdü. Əslində bu ayrı bir razılıq idi. Milli Məclis qərara gəldi ki, Heydər Əliyev gəlsin və niyə belə separat razılaşmaya getdiyini izah etsin. O, bunu ona görə etdi ki, Ermənistan öz qoşunlarını Naxçıvan sərhəddinə geri çəksin və Rusiyanın dəstəyi ilə Kəlbəcəri işğal etsin". Eks-spiker İsa Qəmbər Rusiyanın 1992-ci ilin sonuna qədər Ermənistana dəstəyini artırdığını söylədi. Onun fikrincə, bu baxımdan, Ermənistan Baş nazirinin açıqlamasını etiraf kimi qiymətləndirmək olar: "Ancaq, bu günə qədər Qaydarın bu məsələdə iştirak etməsi ilə bağlı heç bir məlumata sahib olmamışam. Hrant Bagratyan bu açıqlamalarla çıxış edə bilər". İsa Qəmbər Bu açıqlamalardan göründüyü kimi, “müstəsna rus köməyi” olmasaydı, dövlətin əsas təməli olan torpaqlarımız itirilməzdi. Əlbəttə, o vaxtkı Rusiyanın baş naziri Yeqor Qaydar olmasaydı belə, bunu hansısa digər rus rəsmisi edəcəkdi. Döğrudur, bu adamın Abxaziyadan gürcülərin qovulmasında və bu bölgənin separatizmə uyub Gürcüstandan ayrılmasında da müstəsna rolu olub. Xəbərləri diqqətlə izləsək, görərik ki, ermənilərə orada da söz sahibi olmağa çalışırlar və sabah Abxaziyada “qondarma prezident” erməni olsa, bu təəccüb yaratmamalıdır, onların artıq Ruben Tatulyan adlı namizədləri də var. Qayıdaq Qarabağa. Qarabağın ruslar tərəfindən ələ keçirilməsi Rusiyanın Azərbaycan torpaqlarını qəsb etməsi silsiləsindən bir fraqmentdir və iki yüz il davam edən rus ekspansiyasının bir parçasıdır. Amma nədənsə bu məqam yüksək dairələrdə dilə gətirilmir. Odur ki, bunun ayrı-ayrı ekspertlər tərəfindən dilə gətirilməsi bizə heç nə qazandırmayıb. Bəlkə bu yüksək səviyədə dilə gətirilsə, xarici media və xarici dairələrə bu cür təqdim olunsaydı, onların məsələyə baxışı başqa cür ola bilərdi. Qarabağı “Artsax” kimi rahatlıqla tələffüz etməz, ermənilərin bizim əzəli torpaqlarımıza iddialarını normal qarşılamaz, rahatlıqla Qarabağa tökülüşüb, oranın qondarma rəhbərliyi ilə iqtisadi əlaqələr qurmazdılar. Onlar Gürcüstana rus ekspansiyasını pisləyirlər, Rusiyaya işğal etdiyi Abxaziyanı və Cənubi Osetiyanı azad etməklə bağlı çağırışlar edirlər. Bizim isə Ermənistana qarşı (Rusiya) “dişsiz” bəyanatlarımızı seyr edib, Qarabağı “su yolu” ediblər, bizə fikir vermirlər də. Yeqor Qaydar Hərçənd, biz də “ermənilərin öz müqəddaratını həll etmə hüququ”nun nədən qaynaqlandığını, yüksək kürsülərdən olmasa belə, qeyri-hökumət təşkilatları vasitəsilə məsələnin əslində “Rus ekspansiyasının bir etapı olduğunu” təbliğ edə bilərdik ki, əslində elə belədir də. Gördüyümüz kimi, “Rusiya nə deyər", ya da "aman, Rusiya ilə münasibətlərimiz pozular” kontekstində məsələyə yanaşmaq, Tiflis ermənisi olan Lavrovun “qaça-qaça” İrəvana gedib, “Dağlıq Qarabağ xalqının öz müqəddaratını həll etmə hüququnu" “ağzından səpələməsi” ilə nəticələndi. Belə olduğu halda, bu gün Rusiya XİN rəsmisi Mariya Zaxarovanın verdiyi bəyanatda Ermənistan, Qarabağ və Azərbaycan jurnalistlərinin mübadiləsini ermənilər və azərbaycanlılar arasında “guya münasibətlərin düzəlməsinə” xidmət edəcəyini deməsi hansı sülhə gətirib çıxaracaq? Bizim rəsmilər zəhmət çəkib bu suala cavab verə bilərlərmi? Niyə dövlət səviyyəsində Lavrova deyilmir ki, Qarabağdakı ermənilər hansı növdəndirlər? İrəvandakılar ilə eyni növdən deyillərmi? Azərbaycan XİN başçısı Məmmədyarov bu sualı Lavrova verə bilərmi, yoxsa Rusyanın xətrinə dəyər?! Rusiyanın Qarabağı bizə qaytarmaq fikri yoxdur və olmayacaq. Rusiya üçün bu hədəf sadəcə Azərbaycan torpaqlarının hissə-hissə qopardılıb öz əlinə alması, gəlib Türkiyəyə qonşu olması, imkan düşəndə isə Türkiyəyə həlledici zərbə vurub, bütünlüklə regiona sahib olmasıdır. İtirdiyimiz illər ərzində isə təbliğat siyasətinin düzgün qurulmaması ona gətirib ki, heç kim bizim tərəfimizi saxlamır. Rusiyanın qarşısında tək qalmışıq. Güc isə ərazicə böyük, ya kiçik olmaqda deyil, bunun bariz nümunəsi İsrail dövlətidir. Bu münaqişə sayəsində “məğlubluq” travması almışıq. Heç kim ürəkdən sevinə-gülə bilmir. Qarabağı qanuni olaraq itirsək, bizim xalq heç vaxt “aşağılıq” sindromundan qurtula bilməyəcək. Mübarizə ruhunu diri saxlamaq üçün müharibənin öz yeri var. 50 il sonra indi 20 yaşında olanların əksəriyyəti yəqin ki, həyatda olmayacaq. Şirin-rahat həyata düşkün olub, mübarizədən çəkilməməliyik. Bizə zərbə vuranları ən azı həqiqətləri yaymaqla, təbliğatla biabır etməliyik. Yenə də "İsraildən dərs alın deyəcəm", yəhudilər 4000 ildən sonra torpaqlarına qayıtdılar və dövlət qurdular. Bizim isə dövlətimiz var, sadəcə onu qorumaq, əvvəlki halına qaytarmaq lazımdır. Ülviyyə ŞÜKÜROVA, Muxalifet.az