​Qarabağda yeni cəbhə: KREML TÜRKİYƏ MÜDAXİLƏSİNƏ RAZIDIR

Rusiya Prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə əliboş qatılmayacaq.
Muxalifət.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraovanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə açıqlamasını şərh edərkən bildirib.
“M.Zaxarova bu gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmasların istisna olunmadığını və bunun üzərində iş getdiyini deyib.
Burada iki əsas məsələ var. Birinci hissədə ona işarə edilir ki, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olması vacib deyil. Məsələn, Türkiyə ilə də bu mövzuda dərin müzakirələr mümkündür. İkinci hissədəki “üzərində işlənilir” ifadəsinə gəldikdə isə görünür, Rusiya münaqişənin həlli məqsədilə ona münasib şərtləri müəyyənləşdirir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlarını deyib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib və iki ölkənin XİN rəsmilərinin görüşünün ilin sonuna planlaşdırıldığını qeyd edib.