QARABAĞDA SÜLH ZƏNGƏZUR DƏHLİZİNDƏN "ASILI QALIB"? - Münaqişə nə vaxt bitəcək və gələcəkdə nələr ola bilər?

Baxış sayı:
689

Qarabağdakı hərbi toqquşmalardan bir il sonra hərbi əməliyyatların yerini diplomatiya və iqtisadi əlaqələrin bərpası cəhdləri tutub. Köhnə rəqiblər yerlərini dəyişiblər, bölgəyə isə yeni oyunçular gəlib.

Görüşlərin sayı artsa da Emənistan və Azərbaycan arasında fikir ayrılıqları həll edilməmiş qalır. İstənilən məsələ fərqli şəkildə şərh olunur, hər iki ölkədə hakimiyyət güzəştə getmək istəmir, ya da bunu edə bilmirlər.

Rusiyanın iqtisadi əlaqələri inkişaf etdirmək planı hələ ki, tərəfləri sülhə meyilləndirməyib və Qarabağa aid olmayan ərazi iddiaları ortaya çıxarıb.

Bölgədəki kövrək sülhü Rusiya sülhməramlıları təmin edir. Ancaq ekspertlər deyirlər ki, missiya müvəqqətidir və rusiyalı hərbçilərin mövcudluğu son onilliklərdə gah alovlanıb, gah da sönən münaqişənin artıq həll edilmiş olması demək deyil.

Buna baxmayaraq, müvəqqəti sərhədin hər iki tərəfində genişmiqyaslı tikinti işləri gedir - Azərbaycan yollar, mehmanxanalar və aeroportlar, Qarabağ erməniləri isə Rusiyanın yardımıyla qaçqınlar üçün yaşayış evləri tikirlər.

2020-ci ilin oktyabr ayı. Gəncə

2020-ci ilin oktyabr ayı. Gəncə sakini Vəsilə Məmmədova Ermənistanın raket zərbəsi nəticəsində dağılmış evinin xarabalıqları arasında

Müharibə və diplomatiya ili

27 sentyabr 2020-ci ildə Qarabağda başlamış müharibə siyasətçiləri, diplomatları və aparıcı ekspertləri qəfil yaxaladı. Son 30 ildə bu region münaqişə zonası olaraq qalmaqda davam edirdi, amma Rusiya-Gürcüstan müharibəsindən və Ukraynanın şərqindəki savaşdan sonra postsovest məkanının qaynar nöqtəsi statusunu itirmişdi.

44 gün ərzində Azərbaycan ordusu 1994-cü ildən etibarən Ermənistanın nəzarətində olan ərazilərin böyük hissəsini tutdu, o cümlədən Qarabağın simvolik ürəyi hesab olunan Şuşa şəhərini də.

Təxminən 7 min hərbçi və 160 nəfərdən çox mülki şəxs həlak oldu, yüzlərlə dinc sakin yaralandı. Hər iki tərəfin atdığı bombalar yaşayış evlərini, xəstəxanaları və məktəbləri dağıtdı. Hüquq müdafiəçiləri həm Ermənistanı, həm də Azərbaycanı hərbi cinayətlər törətməkdə ittiham etdilər, hər iki tərəf bu ittihamları rədd etdi.

Döyüşlər rəsmi Moskvanın vasitəçiliyilə durduruldu, amma xarici işlər nazirləri səviyyəsində imzalanmış atəşkəs razılaşmasına əməl edilmədi. Müharibə ölkə rəhbərləri Rusiya prezidentinin hazırladığı razılaşmanı imalayandan sonra bitdi.

Vaxtı uzatmaq imkanı verən razılaşmaya əsasən 2 min Rusiya sülhməramlısı 5 il müddətinə atəşkəsə nəzarət etmək üçün bölgəyə getdi. Orda humanitar fəlakətə yaxın bir vəziyyətlə üzləşən sülhməramlılar dağılmış evlərin və məktəblərin bərpası, qaçqınların öz yaşayış yerlərinə qaytarılması və hətta Qarabağ ermənilərinin vaksinasiyasıyla məşğul olmağa başladılar. Tezliklə ermənilər də əraziyə yenidən investisiya qoymağa başladılar.

Xankəndi avtobus noyabr 2020

Dağlıq Qarabağ ermənilərinin yaşayacağı ərazinin statusu həll olunmamış qalıb

Orduların dayandığı sərhədin o biri tayında daha böyük tikinti işləri gedir. Azərbaycan dağıdılanları bərpa etməklə kifayətlənmir, yeni yollar çəkir, mehmanxanalar tikir. Füzulidə tikilən beynəlxalq aeroport, demək olar ki, hazırdır.

Döyüşlərin dayandırılması, qaçqınların qaytarılması, tikinti - bütün bunlar sülh şəraitinin əlamətləridir. Ola bilsin, Rusiya prezidenti Vladimir Putin məhz buna görə "Münaqişə bitib" deyir.

Amma real sülh prosesi və ciddi dialoq olmadan indiki mərhələ müharibələrarası sakitlik dövrünə çevrilə bilər, - Britaniyanın "Atəşkəs resursları" təşkilatının direktoru Conatan Koen BBC-yə açıqlamasında belə deyib.

O, həmçinin qeyd edib ki, Rusiya regionda sabitliyə nail omağa çalışır, müharibənin bitməsi üçün digər benəlxalq oyunçulardan daha çox səy göstərir, amma sabitlik uzunmüddətli həll deyil.

Sərhəddə atışmalar davam edir. Dağlıq Qarabağın statusu məsələsi həll edilməyib, Bakıda həbsdə olan erməni hərbçiləri var, Azərbaycanın geri aldığı torpaqlarda mülki əhalinin minaya düşüb həlak olması halları davam edir.

İki ölkə arasındakı fikir ayrılıqları da həll edilməyib, iddialar siyahısına yeni bəndlər - məsələn, Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək "Zəngəzur dəhlizi"ylə bağlı gərgin mübahisələr də əlavə olunub.

Qarşılıqlı ittihamlara baxmayaraq, geridə qalan bir ili diplomatiya baxımından ən aktiv dönəm kimi xarakterizə etmək olar. Azərbaycan və Ermənistan nümayəndələri əvvəlki illərdəkindən dəfələrlə çox görüş keçirdilər, iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyası kimi bəzi məsələlər ilk dəfə müzakirə olundu.

Baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrupun artıq 7 toplantısı olub. Hələ ki, bu danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Bütün görüşlər üçtərəfli formatda baş tutur - əvvəldən tərəfləri danışıqlar masasına dəvət edən Rusiyanın da iştirakıyla.

Qarabağın statusu: sonraya saxlanmış məsələ

Stepanakert/Xankəndi. Partlamamış "Smerç" - reaktiv yaylım atəşi sistemli raket

Xankəndi. Partlamamış "Smerç" - reaktiv yaylım atəşi sistemli raket

Aktiv üçtərəfli danışıqlar Qarabağın statusuyla əlaqəli deyil. Onun gələcəyi ATƏT-in nəzdində yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu çərçivəsində müzakirə olunmalıdır.

Bu qrup 1994-cü ildən bəri mövcuddur və indiyə qədər bir neçə kompromis təkliflər paketi hazırlayıb, amma tərəflər razılığa gəlməyiblər. Minsk Qrupu, əsasən, iki problemlə məşğul olub: ermənilər tərəfindən işğal olunmuş, Dağlıq Qarabağın ətrafında yerləşən 7 Azərbaycan rayonunun qaytarılması və Dağlıq Qarabağın (başqa sözlə, Azərbaycan SSR-nin ərazisinə daxil olan, əsasən, ermənilərin yaşadığı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin) statusu.

Sonuncu müharibə birinci məsələni gündəmdən çıxardı - Azərbaycan ordusu bir neçə rayonu hərbi əməliyyatlar vasitəsilə, digərlərini atəşkəs razılaşması nəticəsində geri aldı.

Rəsmi Bakı hesab edir ki, ikinci məsələ də həll olunub. "Heç bir statusdan söhbət gedə bilməz. Vahid Azərbaycan var - çoxmillətli və çoxdinli", - Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.

Bundan başqa, sentyabr ayında ölkənin Xarici İşlər Nazirliyi də bəyan edib ki, Dağlıq Qarabağın statusu məsələsi qapadılıb və artıq Dağlıq Qarabağ anlayışı yoxdur.

"Biz Qarabağın erməni əhalisini Azərbaycan vətəndaşları hesab edirik, ancaq onlar Azərbaycan qanunlarını tanımalıdırlar və özlərini Azərbaycan vətəndaşları hesab etməlidirlər", - prezident köməkçisi Hikmət Hacıyev BBC əməkdaşının sualına cavab verərkən belə deyib.

Ancaq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaq istəmədiklərini bildirir, öz müqəddəratlarını təyin etmək hüququnun tanınmasını tələb edirlər. Hazırda Azərbaycan onların yaşadığı ərazilərə nəzarət etmir. Rusiya sülhməramlıları məhz Dağlıq Qarabağın sərhədində yerləşiblər.

Bu məsələylə bağlı mövqelər bir-birindən o qədər kəskin fərqlənir ki, Rusiyanın xarici işlər naziri onu tərəflər daha yaxşı yaşayacaqları vaxta qədər təxirə salmağı təklif edib.

"Mən başa düşürəm, bu gün çoxları deyir ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmamış qalıb. Bunu ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakıyla razılaşdırmaq lazım gələcək. İndiki mərhələdə onlar status məsələsini gündəmə gətirməməli; etimad tədbirlərinin gücləndirilməsinə, humanitar problemin həllinə, azərbaycanlılarla ermənilərin yenidən bir yerdə və təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yardım etməlidirlər. Mən sizi əmin edirəm ki, orda belə bir həyatı təmin etsək, iki-üç ildən sonra status problemi daha asan həll olunacaq", - Sergey Lavrov belə deyib.

Beynəlxalq vasitəçilərsə bu əraziylə bağlı problemə ayrıca götürülmüş məsələ kimi baxmaqda davam edirlər. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Dağlıq Qarabağın statusunun müəyyənləşmədiyini bir neçə dəfə vurğulayıb.

AZƏRBAYCAN

Döyüşlər bitib, bəs münaqişə necə? Dağlıq Qarabağla bağlı hadisələri izləyən ekspertlərin əsas sualı budur

"Keçən ilki müharibə münaqişənin dinamikasını kəskin şəkildə dəyişsə də, 1980-ci ildən bəri tərəfləri qarşı-qarşıya qoyan fundamental problem - ermənilərin yaşadığı Dağlıq Qarabağın statusu məsələsi həll olunmamış qalmaqdadır", - "Eurasianet" saytının redaktoru Coşua Kuçera belə yazır.

Azərbaycanın özündə də münaqişənin bitməsiylə bağlı rəsmi Bakının əminliyini bölüşmürlər.

"Hesab edirəm ki, bunu qələbə adlandırmaq olmaz. Azərbaycan Şuşanı, 7 rayonu və onlardan 3-nü itkisiz qaytarmış olsa da, hər iki ölkə müharibədən məğlub çıxdı. Müəyyən güzəştlərə getmək lazımdır, ancaq mən bizim hakimiyyətin buna hazır olduğunu düşünmürəm", - bunları BBC-yə açıqlamasında siyasi şərhçi Şahin Rzayev deyib.

"Atəşkəs resursları" təşkilatının direktoru Koen qeyd edir ki, münaqişənin uzanması onu bitirməyi mürəkkəbləşdirən faktordur, çünki zaman keçdikcə konflikt mutasiyaya uğrayır və mürəkkəbləşir:

"Bu münaqişədə öz müqəddəratını təyin etmə, irredentizm, dekolonizasiya, iki dövlət arasındakı fikir ayrılığı, böyük dövlətlərin rəqabəti, yeni müstəmləkəçilik var. Zamanla yeniləri də əlavə olunacaq".

Sülhə mane olan səbəblər

Zəngilan rayonu

Keçən il Zəngilan rayonu döyüş meydanıydı

10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri hərbi əməliyyatların dayandırılması və əsirlərin qaytarılmasıyla bağlı razılıq əldə edildiyini açıqladılar. Eyni zamanda, onlar regionda iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunacağını və Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvana yol şəkilməsi məsələsinin müzakirə ediləcəyini də bildirdilər.

Həmin gündən sonra genişmiqyaslı hərbi əməliyyatlar olmayıb, ancaq razılaşmanın bütün digər bəndləri mübahisə predmeti olmaqda davam edir. Ermənistan öz vətəndaşlarının Azərbaycanda əsir saxlandığını bəyan edir, Bakıda isə onların diversant olduğunu deyirlər və məhkəməyə çıxarırlar.

Rusiya, ABŞ və Fransa Azərbaycanı erməni hərbçiləri geri qaytarmağa səsləyib, onların bir qismi Rusiya sülhməramlıları sayəsində geri dönə biliblər.

Ermənistan hərbçilərin məzarı

Ermənistanla Azərbaycanın kompromisə hazır olması Qarabağda sülhün davam etməsi üçün əsas faktora çevrilə bilər

Buna cavab olaraq Azərbaycan geri qaytardığı ərazilərdəki mina probleminə diqqət çəkib -jurnalistlər də daxil olmaqla, həmin ərazilərdə il ərzində bir neçə mülki şəxs həlak olub. Rəsmi Bakı Ermənistandan mina xəritələrini verməyi tələb edib.

Yerevan əvvəlcə belə xəritələr olduğunu inkar edib, ancaq yayda Gürcüstan və ABŞ-ın vasitəçiliyilə onları Bakıda saxlanan 15 erməni hərbçisinə dəyişib.

Bu mübadilə tərəflərin heç birini qane etməyib: Ermənistan Azərbaycan həbsxanalarında hələ də erməni hərbçilərinin olduğunu deyib, Azərbaycan mina xəritələrinin dəqiq olmamasından şikayətlənib.

İqtisadi və nəqliyyat əlaqələrinin bərpası da ancaq kağız üzərində qalıb. Əslində, bunun üçün nə infrastruktur, nə də siyasi iradə var.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, avtomobil və dəmir yollarını öyrənmək üçün Rusiya Nəqliyyat Nazirliyinin, "Rosavtodor" və Rusiya Dəmir Yolları şirkətlərinin nümayəndələri bölgəyə yollanıblar:

"Təəssüf ki, bütün mümkün marşrutlar yararsız hala düşüb və nəqliyyat əlaqələrinin bərpası ciddi investisiya tələb edir".

"Hər iki ölkənin dövlət strukturları 30 ildən çox sistematik şəkildə bir-birinə qarşı fəaliyyət göstəriblər. İndi onlar bu vəziyyəti dəyişmək yollarını axtarmalı, kompromislər tapmalıdırlar. Adamlara bunu etmək çətindir, çünki bütün əvvəlki həyatın və iki ölkə arasındakı münasibətlərin yükü onların çiynindədir", - Overçuk belə deyib.

Dəhlizlər və təhlükələr

Şəkil. Rusiya sülhməramlıları Dadivank monastırının yanında

Rusiya sülhməramlıları Dadivank monastırının yanında

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında yeni yol çəkilməsi ətrafındakı mübahisələrdən də görünür ki, iqtisadi və logistika məsələləri sülh əvəzinə yeni ziddiyyətlər yaradır. Belə bir yolun çəkilməsi 10 noyabr razılaşmasında da var. Amma sənəddəki digər məsələlər kimi, bu bənddə də heç bir detal yoxdur - sadəcə qeyd olunub ki, yolun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidməti təmin edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev layihəni "Zəngəzur dəhlizi" adlandırır, bu məsələdə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan da onu dəstəkləyir. Hətta o, belə bir dəhlizin açılmasını Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə razılığın əsas şərti elan edib.

Əliyev deyir ki, onun ölkəsi "Zəngəzur dəhlizinin yaradılması planını yerinə yetirəcək, Ermənistan bunu istəsə də, istəməsə də".

Ermənistansa sözügedən dəhlizə görə özü üçün həyati əhəmiyyət daşıyan İran sərhədinin bloklanacağından ehtiyat edir. Ermənistan məmurları hesab edirlər ki, üçtərəfli razılaşmada heç bir dəhlizdən söhbət getmir.

"Bizdə dəhliz yoxdur. Biz dəhlizlər məsələsini müzakirə etmirik", - Rusiya Baş nazir müavini Overçuk ötən həftə belə deyib.

Bu, Ermənistanı ümidləndirib, amma onun sözləri çətin ki, məsələni Azərbaycanın gündəmindən çıxara bilsin. Əliyev, onun ardınca da yerli məmurlar və KİV Ermənistanın sərhəd bölgələrini artıq Qərbi Zəngəzur adlandırmağa başlayıblar. Azərbaycan lideri həmin ərazinin öz xalqının tarixi torpaqları olduğunu deyir:

"Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Zəngəzur dəhlizi açılandan sonra biz, əlbəttə ki, ondan istifadə edib vətəndaşlarımızı onların dədə-baba yurduna qaytaracağıq".

Rəsmi Yerevan bu sözləri Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib.

Ekspertlər qeyd edirlər ki, belə mübahisələr real sülh prosesi şansını uzun müddət təxirə sala bilər.

"Azərbaycan erməniləri danışıqlara məcbur etmək üçün sərhəd boyu təzyiqini gücləndirəcək, ermənilərsə deyəcəklər ki, Azərbaycan bizə qarşı güc tətbiq edir, onunla razılığa gələ bilmərik", - Koen hadisələrin ssenarisini belə təsvir edir.

Nifrət nitqi və düşmən obrazı

Kompromisə hazır olmayan təkcə Ermənistan və Azərbaycan hakimiyyətləri deyil. Hər iki ölkənin mətbuatında və ictimai müzakirələrində vətənpərvər və milliyyətçi ritorika hökm sürür, - Azərbaycanla məşğul olan sosioloq Sergey Rumyantsev BBC-yə açıqlamasında belə deyib:

"Azərbaycan hakimiyyətinin mətbuata təzyiq etdiyini də deyə bilərik, amma realda bu, həmişə birgə hərəkət olub. Nifrət nitqi, düşmən obrazı - mətbuat həmişə bunları siyasi sifariş olmadan dəstəkləyib. Bu, etiraf olunmayan milliyyətçilikdir - kimi dindirsən, deyəcək, biz tolerantıq, milliyyətçi deyilik, o fikirləri jurnalistlər yayır".

Araşdırmaçının sözlərinə görə, redaktorlar və reportyorlar çox vaxt özlərini ölkənin təmsilçisi kimi görürlər:

"Bu, sovet mirasıdır. O dövrün filmlərindəki kimi, "Tribunaya Azərbaycanın nümayəndələri çıxr", - insanlar əvvəl ölkəni, sonra peşələrini təmsil edirdilər".

Erməni jurnalist, "epress.am" saytının baş redaktoru Yuri Manvelyan da BBC-nin əməkdaşıyla söhbətində bildirib ki, müharibə dövründə onun həmkarları qərəzsizlik prinsipindən vaz keçərək ölkənin öz təsəvvürlərindəki maraqlarına uyğun fəaliyyət göstərməyə başlayıblar.

"Onlar yalandan, ağıllarına nə gəldi yazırdılar. Başqa mövzularda erməni mətbuatı nisbətən tolerant və azadfikirli ola bilər, ancaq Azərbaycana qarşı qərəzlərini gizlətmirlər və jurnalsitkanı bir kənara qoyub təbliğatla məşğul olurlar", - Manvelyan belə deyir.

Geosiyasi tənliklər

Azərbaycan hərbçisi Laçın dəhlizində

Azərbaycan hərbçisi Laçın dəhlizində

Rusiya sülhməramlılarından başqa, atəşkəsə təmas xəttinin Azərbaycan tərəfində yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzi də nəzarət edir.

Bu mərkəz iki ölkənin diplomatları arasında gedən mürəkkəb danışıqların nəticəsi olaraq ortaya çıxıb. Müharibə günlərində Türkiyə ATƏT-in Minsk Qrupunda Rusiya, Fransa və ABŞ-la birlikdə aparıcı rola sahib olmaq istəyirdi. Moskva isə bunun əleyhinəydi.

Nəticə etibarilə Türkiyənin bölgədəki mövcudluğu məhdud səviyyədə oldu: birgə mərkəzdə müşahidələri pilotsuz təyyarələr həyata keçirir, əməkdaşlar qurumun ərzaisini tərk etmirlər.

Amma özlüyündə bu, yeni faktora çevrildi: müharibəyə qədər nə Türkiyə, nə də Rusiya zabitləri Qarabağda və ona yaxın ərazilərdə yerləşməmişdilər.

Rusiya və Türkiyənin bölgədəki təmsilçiliyinin güclənməsi münaqişə tərəflərinin təkcə razılığı yox, həm də arzusuyla baş verir.

Azərbaycan Prezidenti Türkiyədən alınan silahları müharibədəki qələbənin vacib faktoru hesab edir, müharibə bitəndən sonrasa Bakı və Ankaranın yaxınlaşması davam edib.

Əliyev artıq Erdoğanı Şuşada qəbul edib, bu yaxınlarda isə Türkiyə və Azərbaycan orduları ötən il geri qaytarılmış Laçın rayonunda birgə təlim keçiblər.

Hətta mətbuatda Türkiyənin Azərbaycan ərazisində hərbi bazasının yaradılacağı barədə xəbərlər də dərc olunub. Rəsmi Bakı xəbəri təkzib edib və hazırda bu informasiyanı təsdiq edəcək heç bir fakt yoxdur.

Oxşar şaiyələr Ermənistanda da yayılıb - ölkədə Rusiyanın ikinci hərbi bazasının yaradılacağı barədə. Amma Ermənistan təhlükəsizlik məsələsində Rusiyadan indiyə qədər heç olmadığı dərəcədə asılı vəziyyətə düşüb.

İlk başda çoxistiqamətli diplomatiyaya və Qərblə əməkdaşlığın genişləndirilməsinə cəhd edən Paşinyan hökuməti hazırda mütəmadi şəkildə Moskvaya üz tutur və Rusiyanın Ermənistan ərazisində hərbi təmsilçiliyinin artmasını istəyir.

Qarabağ münaqişəsinin geosiyasi dinamikasına İranın və daha az ölçüdə ABŞ və Avropa Birliyinin də təsiri var, amma bu ölkələr öz təmsilçiliklərinin formatını hələ ki, müəyyənləşdirməyiblər, - Conatan Koen belə deyir.

İtirilmiş qazanc

Варденис

Azərbaycan Naxçıvana, ordan da Türkiyəyə yük daşımaq imkanı qazanmalı, Ermənistansa Azərbaycan ərazisindən Rusiyaya nəqliyyat dəhliziylə təmin olunmalıdır

Sentyabr ayında Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib ki, Azərbaycan və Türkiyəylə kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının 30 faiz artmasına gətirib çıxara bilər.

Münaqişənin davam etdiyi illər ərzində belə hesablamalar çox olub. 2014-cü ildə Britaniyanın "International Alert" təşkilatı regiondakı mütəxəssislərin köməyilə Azərbaycan, Ermənistan, Türkiyə və İran arasındakı dəmir yollarının bərpası nəticəsində əldə oluna biləcək iqtisadi qazancı hesablayıb. Müəlliflər bildiriblər ki, xətlərin bərpası 434 milyon dollara başa gələ bilər. Bu, Azərbaycan və Türkiyəni Gürcüstan vasitəsilə birləşdirmiş, bir çox yerində sıfırdan salınmış yola çəkilən xərcdən 1,5 dəfə, hazırda regionda çəkilməkdə olan digər dəmir yollarının dəyərindənsə 3 dəfə azdır.

Araşdırmanın nəticələrinə görə, kommunikasayılar açılacağı təqdirdə Ermənistan öz metallurgiya məhsullarını Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına çıxara bilər, İranla dəmir yolu əlaqəsi isə bu ölkəni yükdaşımalar üzrə regionun əsas qovşağına çevirər. Azərbaycanın qazancı Naxçıvanla quru əlaqəsi yaratmaq olar.

Həmin yola çəkilən xərc istismara veriləndən 13 il sonra artıq ödənmiş ola bilər və ekspertlər bunu yaxşı göstərici hesab edirlər. Onlar bu şəbəkəylə daşınan yüklərin il ərzində 4-5 milyon tona çata biləcəyini düşünürlər.

Gələcəyə baxış

Conatan Koen deyir ki, bütün etnik və ərazi münaqişələri bir-birindən fərqlənir, amma bəzi oxşar cəhətləri də var. Onun sözlərinə görə, universal dərslərdən biri budur - tərəflər özləri dəyişiklik istəməyənə qədər kənar oyunçuların situasiyaya təsir etmək imkanları məhdud olur:

"Hazırda biz hər iki tərəfin risklərdən yayındığını görürük. Məğlubiyyətdən sonra Ermənistan çox ehtiyatlı davranır; Azərbaycan istədiyi nəticələri əldə etmək üçün ciddi təzyiq göstərməyə hazırdır, amma başa düşür ki, ərazisində Rusiya hərbçiləri var. Bu onun planına daxil deyildi. Azərbaycan ərazilərini qaytararaq qələbə çaldı, amma istədiyindən daha az sərfəli mövqe əldə etdi və indi Rusiyayla münasibətləri tənzimləmək üçün xeyli səy göstərməli olacaq".

Koen hesab edir ki, indi əsas suallardan biri budur - qələbənin gətirdiyi güclü mövqe Azərbaycana imkan verəcəkmi ki, "öz siyasətində və ritorikasında alicənab davranıb hazırkı vəziyyətin Ermənistan üçün təkcə alçaldıcı nəticədən ibarət olmadığını ona göstərə bilsin:

"Çünki Ermənistan alçaldıldığını və qısnandığını hiss etdikcə, əməkdaşlığa doğru heç bir addım atmayacaq. Azərbaycan Ermənistanın bu cür hiss etməməsi üçün ona nə təklif edə biləcəyi barədə düşünməlidir. Ancaq hələ ki biz bu istiqamətdə hər hansı fəaliyyət görmürük"./"BBC Rusca"