Qarabağda "pilotsuz" müharibə ssenariləri - ZAKİR HƏSƏNOV İDLİB DÖYÜŞLƏRİNİN ÖYRƏNİLMƏSİNİ TAPŞIRIB

Baxış sayı:
3442

Ötən gün Azərbaycan Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib və xəbər verildiyi kimi, müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın əvvəllərində keçirilmiş irimiqyaslı döyüş təlimlərinin nəticələrini müzakirə edib. Eyni zamanda döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyəti barədə danışıb. Və ən mühüm olanı budur ki, nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən nazir Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınması bundan sonra da davam etdiriləcəyini deyib.

Bu məlumatdan dərhal aydın olur ki, söhbət Türkiyə ordusunun məhz Suriyanın şimalında Bəşər Əsəd qüvvələrinə qarşı fevralın sonlarında həyata keçirdiyi döyüş əməliyyatlarından gedir. Həmin vaxt Suriya və Rusiya aviasiyasının endirdiyi raket zərbələri nəticəsində Türkiyə ordusu İdlibdə 34 hərbçisini itirdi. Buna cavab olaraq Türkiyə ordusu Bəşər Əsədin qüvvələrinə və onu dəstəkləyən muzdlulara hərb tarixində bənzəri olmayan cavab taktikasını işə saldı. Artilleriya və reaktiv yaylım atəşi sistemləri ilə paralel olaraq Türkiyə ordusu çoxsaylı pilotsuz zərbə təyyarələrindən də kamikadze-dronlardan eyni vaxtda, sürü halında istifadə etməklə Əsəd ordusuna sarsıdıcı zərbələr vurdu.

Bu əməliyyat dünyada geniş rezonans doğrurub və nüfuzlu nəşrlər, hərbi  ekspertlər Türkiyənin süni intellektlə, avtonom şəkildə idarə olunan pilotsuz zərbə təyyarələri və kamikadze-dronları eyni vaxtda istifadə etməklə döyüş əməliyyatları həyata keçirə bilən ilk ölkə olduğunu qeyd ediblər.

Xatırladaq ki, Türkiyənin zərbə pilotsuz aparatlarlardan kütləvi istifadə etməklə endirdiyi zərbələr Rusiya hərbi komandanlığını da təəcübləndirib. Hətta pərt edib. Həmin əməliyyat zamanı Əsəd ordusunun yeriyən, hərəkətdə olan və stasionar hədəfləri bir-birinin ardınca məhv edilmişdi. Çoxsaylı zirehli texnika və canlı qüvvə itirən Əsəd ordusu İdlibdə hücumu dayandırmalı oldu və sonrakı günlərdə Rusiya həmin itkilərin yerini doldurmaq üçün təcili olaraq gəmilərlə Suriyaya çoxsaylı hərbi texnika çatdırmışdı.

Sonrakı günlərdə Rusiya Türkiyə ordusunun dron zərbələrinə müqavimət göstərə bilmək üçün İdlib bölgəsinə təcili qaydada “Pantsir-S” zenit-raket kompleksləri, güclü radioelektron mübarizə vasitələri yerləşdirdi. Doğrudur, Türkiyə ordusu bir neçə pilotsuz təyyarə itirdi, amma əvəzində dron-kamikadzelərin “Pantsir” komplekslərini necə vurduğuna dair görüntülər də yayıldı.

Azərbaycan müdafiə nazirinin İdlib döyüşlərinin təcrübəsinin öyrənilməsi barədə göstəriş verməsi gözlənilən idi. Çünki Azərbaycan özü də pilotsuz uçan aparatların geniş çeşidi ilə silahlanan, bu aparatları döyüşdə tətbiq edən ilk ölkələrdən biridir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun Qarabağda düşmənə İsraildən alınan “Harop” kamikadze-dronları ilə endirdiyi zərbələr erməniləri çaş-baş salmışdı və sarsıtmışdı. Bəlli olduğu kimi Azərbaycan indiyədək İsraildən pilotsuz təyyarələrin bir neçə tipini əldə edib, habelə onların birgə istehsalını təşkil edib.

Lakin indiki halda Azərbaycan ordusunun arsenalını Türkiyənin milli istehsalı olan və Odlib döyüşlərində tətbiq olunarkən dünyanı heyrətə salan pilotsuz zərbə təyyarələri və kamikadze-dronları ilə genişləndirmək üçün real imkan yaranıb. Türkiyənin hərbi sənayesinin istehsalı olan, süni intellektlə idarə edilən və avtonom rejimdə yüzlərlə kilometr məsafəyə uçub 1300 kiloqramdan çox faydalı yük (lazerlə yönləndirilən raketlər,ağıllı bombalar və digərləri) daşıyan “Akıncı” dronlarının taktiki-texniki göstəriciləri barədə məlumat vermişik. Türkiyə hərbi sənayesi eləcə də GPS rabitəyə ehtiyacı olmadan, nəticədə radioelektron mübarizə sistemlərinə qarşı dayanıqlı, süni intellektlə idarə edilən kvadrakopter tipli kamikadze-dronları ( “Anka”, “Kargu” ) kütləvi istehsal edir. Bu dronlar sürü halında hərəkət etməklə öz aralarında bir-birləri ilə koordinasiya qurur və hədəfləri avtonom rejimdə aşkar edib vurur. Qeyd etmək lazımdır ki, Türkiyənin zərbə pilotsuz təyyarələri və kamikadze-dronları bu sahədə dünyanın ən qabaqcıl ölkəsi hesab edilən İsraili də təəcübləndirib.

Və qardaş ölkənin bu imkanları Azərbaycan üçün öz ordusunu texnoloji baxımdan daha da irəli aparmaq və döyüş gücünü artırmaq baxımından olduqca əlverişli fürsət yaradıb. Böyük ehtimalla Azərbaycanın Türkiyədən həmin pilotsuz təyyarələrin və kamikadze-dronların böyük partiyada sifariş verməsi üçün danışıqlar artıq gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev Türkiyədən müasir silahların və hərbi texnikanın alınmasının davam edəcəyini deyib.

Azərbaycan ordusunun öz arsenalını Türkiyə milli hərbi sənayesinin istehsalı olan pilotsuz döyüş sistemləri ilə genişləndirməsi Qarabağda potensial müharibə zamanı müqayisəolunmaz üstünlük yaradacaq. Sürü halında dronların tətbiqi düşmənin eyni vaxtda həm ön xətdəki, həm işğal edilmiş ərazilərin dərinliklərindəki stasionar və hərəkətdə olan hədəflərinə qəfil, sarsıdıcı zərbələr endirmək imkanı verir. Ehtimal etmək olar ki, xüsusən də Türkiyə ordusunun təcrübəsini nəzərə alaraq Azərbaycan Qarabağda potensial müharibə ssenarilərini məhz pilotsuz döyüş sistemlərinin geniş tətbiqi üzərində quracaq.

F.Məmmədov,
Virtualaz.org