​“Qarabağda müharibə ehtimalı var” - POLİTOLOQDAN AÇIQLAMA

Baxış sayı:
9040

İlqar Vəlizadə: “Bu müharibəyə hazırlıq illərdir gedir”
“Amma heç kəs deyə bilməz ki, bu il, yoxsa gələn il müharibə olacaq”

“Exo Moskva” radiosuna müsahibəsində Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski deyib ki, tezliklə Qarabağda müharibə başlayacaq.
“Kiçik bir ərazidə son 20-30 il ərzində xeyli müharibə baş verib. Postsovet məkanında heç yerdə bu qədər savaş olmayıb”,-deyə Q. Pavlovski əlavə edib.
Pavlovski onu da qeyd edib ki, Ermənistanda kifayət qədər inqilab olub: “80-ci illərin sonu 90-cı illərin əvvəlində Ermənistan inqilab yaşayıb. O vaxt küçələrdə insanların sayı bu inqilabda olanlardan çox idi. Bütün insanlar küçədə yaşayır, İrəvanda gəzişir, yüzminlər küçələrdə dayanırdı. İnqilabdan sonra müharibə, müharibədən sonra inqilab... İndi inqilab oldu və görünür, bundan sonrası müharibədir”.
“Mən indi Paşinyanın nəticələri haradan əldə edəcəyini düşünürəm. Saakaşvili belə deyilən nəticələrə sahib ola bilmədi. Demək ki, müharibə olacaq”,- deyə o, vurğulayıb.

“Mən Pavlovskinin ehtimallarına skeptik yanaşıram”

Rusiya Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovskinin açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, o, Pavlovskinin hansı məntiqə əsasən Qarabağda müharibə başlayacağı qənaətində olduğunu bilmir: “Amma bu regionda müharibə ehtimalı həmişə var. Bunu heç kəs deyə bilməz ki, bu il, yoxsa gələn il müharibə olacaq. Aydındır ki, tərəflər bütün hallarda müharibəyə hazırlaşırlar. Bu müharibəyə hazırlıq illərdir gedir. Belə vəziyyətdə Çexovun bir sözü var: “Divarda asılan tüfəng mütləq haçansa atəş açmalıdır”. Əlbəttə ki, əgər bu qədər hərbi sursat regiona gətirilirsə, iri miqyaslı təlimlər keçirilirsə, demək tərəflər müharibəyə hazırlaşırlar. Amma müharibə olacaq, olmayacaq proqnozlarını vermək çətindir. Yəni konket demək çətindir ki haçan olacaq. Ona görə, mən Pavlovskinin ehtimallarına skeptik yanaşıram. Yenə də deyirəm müharibəyə hazırlıq gedir. Müharibə hər an müxtəlif səbəblərdən baş verə bilər. Amma kim bilər ki, səbəblər nə olacaq”.

“Paşinyan çox gözəl başa düşür ki, Ermənistan o vəziyyətdə deyil ki, müharibə aparsın”

“Bu yandan Paşinyan öz oğlunu cəbhəyə göndərir. Cəbhədə olan vəziyyətdən xəbərdardır. Bir müddət öncə oğlu yazmışdı ki, kifayət qədər yemək yoxdur, ordu yeməklə təchiz olunmur. Paşinyan məcbur olub evdən oğluna yemək göndərir. Belə bir vəziyyətdə, yəni ac ordu müharibə apara bilərmi? Ona görə, o, çox gözəl başa düşür ki, Ermənistan o vəziyyətdə deyil ki, müharibə aparsın. Azərbaycanla da belə oyun oynamaq risklidir. 2016-cı ilin hadisələri göstərir ki, Azərbaycan ermənilərin ssenariləri əsasında müharibə aparmaq niyyətində olmayacaq. Yəni olsa, təsirli zərbə olacaq. Ermənistan cəmiyyəti nə dərəcədə təsirli zərbə almaq marağındadır, bunu yəqin ki, Paşinyan özü çox gözəl başa düşür”,-deyə politoloq vurğuladı.

“Paşinyanın bu şüarı dəyişməyə siyasi resursları çatarsa, onda ola bilər”

“ABŞ-ın Azərbaycandakı keçmiş səfiri isə dünən mətbuata açıqlamasında bildirmişdi ki, Köçəryan və Sərkisyanın Qarabağın liderləri qarşısında öhdəlikləri var idi, Paşinyanın isə belə öhdəliyi yoxdur və bu münasibətlərdə o daha sərbəstdir. Paşinyanın Qarabağın liderləri qarşısında öhdəliyi olmaması Dağlıq Qarabağ məsələsinin həllinə təsir edəcəkmi” sualına İ. Vəlizadə belə cavab verdi: “Yox. Düzdür, Paşinyanın Qarabağın rəhbərləri qarşısında öhdəlikləri yoxdur, amma Ermənistan xalqı son illiklər ərzində öyrəşib ki, Qarabağ bunların əlindədir. Bunlar torpaqları heç kəsə vermək niyyətində deyillər və bu şüarlar onların fikirlərinin əsasını təşkil edir. Yəni Paşinyanın bu şüarı dəyişməyə siyasi resursları çatarsa, onda ola bilər. Ona görə, əvvəl bu şüarı dəyişmək lazımdır. Bu şüarı dəyişməyə cəsarəti çatırsa, onda burada müəyyən elementlərdən danışmaq olar. Məsələn, Ter-Petrosyan vaxtilə demişdi ki, “ən azı ətraf rayonları Azərbaycana qaytarmaq lazımdır. Hər halda, bu barədə biz düşünməliyik”. O, Ermənistan cəmiyyətinə belə mesajlar ötürürdü. Amma indiyə qədər mən Paşinyandan belə mesajlar eşitməmişəm. Haçansa bu mesajları verməyə başlasa, onda dəyişikliklər gözləmək olar. Yoxsa ki, o, tez-tez Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edir, burada ziddiyyətli fikirlər söyləyir. Belə fikirlərlə bu insandan indiki etapda kardinal dəyişikliklər gözləmək olmaz”.
Şamo EMİN, Hurriyyet.org