Qarabağda maraqlı hadisələr gözlənilir...

Baxış sayı:
15255

Qarabağda maraqlı hadisələr cərəyan etməkdədir, hansı ki, bu hadisələrin fonunda bəzi geosiyasi mərkəzlərin maraqları da görünməkdədir. Belə qənaətlə Ermənistanda nəşr edilən “Past” qəzeti çıxış edib. Qəzetin bu qənaətə gəlməsi üçün səbəblərdən biri Dağlıq Qarabağın keçmiş “müdafiə naziri”, general Samvel Babayanın Azərbaycanın işğal altındakı ərazilərində hakimiyyətə gəlmək üçün yürütdüyü fəaliyyətdir. Babayan gələn il keçiriləcək “prezident seçkilərində” namizədliyini irəli sürə bilməz, çünki qondarma rejimin indiki “konstitusiyası” buna iman vermir. Babayan “Dağlıq Qarabağ vətəndaşı” deyil. Lakin o tərəfdarlarını toplayaraq “konstitusiyanı” dəyişdirməyə çalışır, imza toplayır. Hazırda Babayan 15-20 minə yaxın imza toplayıb. Dağlıq Qarabağın “təhlükəsizlik xidməti” isə ona eyhamla bu günlərdə belə xəbərdarlıqla çıxış edib ki, hakimiyyət “antikonstitusion addımların, qanunsuzluğun, sabitliyi pozmaq cəhdlərinin” qarşısını alacaq. Hakimiyyətə yaxın KİV-lərdə belə məlumatlar dərc olunur ki, Babayan Qarabağda çaxnaşma yaratmağa, destablizasiyaya hazırlaşır. Məqsəd isə Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsi yolu ilə münaqişənin nizamlanması planlarını həyata keçirməkdir. “Beləliklə, yaxın vaxtlarda Qarabağda maraqlı hadisələr gözlənilir və bizim məlumatımıza görə Dağlıq Qarabağ hakimiyyəti yolverilməz hərəkətlərin qarşısını almaq üçün bütün səyləri göstərir”,-qəzet belə yazır. Xatırladaq ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında münasibətlər mürəkkəbdir. Bu münasibətlərin gələn il keçiriləcək “seçkilərə” doğru daha da gərginləşəcəyi gözlənilir. Çünki məlumatlara görə Paşinyan Qarabağda öz adamını hakimiyyətə gətirməyə çalışır, Qarabağ klanı isə öz adamlarını-general Vitali Balasanyanı “prezident” etmək istəyir.