QARABAĞDA KRİTİK "SEÇKİ" HAZIRLIĞI - Separatçı rejimin "prezidenti" olmaq istəyən Mayilyan "Ermənistanla birləşmə" təklifi irəli sürüb...

Baxış sayı:
745

Nüfuzlu "Eurasianet" saytı "Ermənistandakı inqilab öz protektoratına - Dağlıq Qarabağa qədər uzanacaqmı?" - sərlövhəli yazı dərc edib. Muxalifet.az həmin yazını oxucularına təqdim edir:
"İlk baxışdan son vaxtlar Qarabağın mərkəzi Stepanakertdə (Xankəndidə) az şey dəyişdi: yuxulu Xankəndi küçələri eyni hərbi geyimli əsgərlər və diaspor tərəfindən maliyyələşdirilən tikinti layihələri ilə doldu.
Ancaq Qarabağın siyasi təbəqəsi ərazinin idarə edilməsində və himayəçisi - Ermənistanla münasibətlərdə əhəmiyyətli dəyişikliklərdən danışır. Bu dəyişikliklər qarşıdan gələn apreldə keçiriləcək "prezident və parlament seçkiləri" ilə möhkəmləndiriləcəkdir. Səsvermə prosesinin Qarabağ tarixində ən "azad olacağı" - müxalifətin daha fəal iştirakı və İrəvandan daha az müdaxilə ilə keçəcəyi gözlənilir.
"Bu, Dağlıq Qarabağ tarixində ən rəqabətli seçki olacaq", - "Milli Dirçəliş" müxalifət partiyasından olan Hayk Xanumyan deyib: "Hökümət zəifdir, indi çox düşərgələrə bölünmüşdür və bu, bizim üçün bir fürsətdir, çünki güclərini cəmləşdirə bilmirlər".
"Bu seçki normal bir ölkə olmaq üçün böyük bir fürsətdir, eyni zamanda böyük bir təhlükədir", - Stepanakert (Xankəndi) Mətbuat Klubunun prezidenti Gegham Bağdasaryan deyib: "Hər şey xaotik olacaq".
Bağdasaryanın sözlərinə görə, təhlükə İrəvandakı keçmiş avtoritar hökumətin qalan üzvləri və onların Stepanakertin (Xankəndinin) hökumət və təhlükəsizlik orqanlarında çalışan bir çox müttəfiqlərindən gəlir.
Ermənistanda gücünü itirərək, yəqin ki, Qarabağda yenidən toplanmağa və onu son dayaqlarına çevirməyə çalışırlar. "Onlar həyat uğrunda mübarizə aparmalı olacaqlar", - Bağdasaryan deyib.

Hal-hazırda köhnə qvardiya iyun ayında vəzifəsini tərk edən Qarabağ Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Vitali Balasanyana ümid edir. O, dəfələrlə Ermənistanın yeni hakimiyyətini, xüsusən baş nazir Nikol Paşinyanı tənqid edib.
Balasanyan indi "Qarabağ uğrunda" siyasi təşkilatına rəhbərlik edir. Onların Stepanakertdəki (Xankəndindəki) qərargahının qarşısında əvvəlcə Qarabağın, sonra Ermənistanın prezidenti, indi isə Paşinyanın siyasi düşməni olan Robert Köçəryanı dəstəkləyən böyük bir plakat asılıb. Plakatın yanında insanların səhifələrində Köçəryanın sərbəst buraxılması tələbi ilə petisiya imzalamaq üçün kitab var. Eks-prezident hazırda Ermənistanda 2008-ci ildə prezidentliyi dövründə etirazları zorla yatırmaq ittihamı ilə həbsdədir.
Eurasianet.org müxbirlərinin qısa bir səfəri zamanı iki nəfər kitabı imzalamaq üçün dayandı. Balasanyan, ərizə verildikdən bir neçə gün sonra təxminən 5 min insanın imza atdığını və "Qarabağ naminə" təşkilatının tezliklə Qarabağın kiçik şəhərlərində imza toplamağa başlayacağını söylədi.
Paşinyanın hakimiyyətə gəlməsi İrəvan və Stepanakert (Xankəndi) arasında görünməmiş ictimai qarşıdurmaya səbəb oldu. Qarşıdurma may ayında Qarabağın hazırkı de-fakto "lideri" Bako Saakyan və sələflərindən biri Köçəryan üçün girov qoyandan sonra ən yüksək həddə çatdı. Paşinyanın reaksiyası sərt oldu - o, Qarabağ rəhbərliyini onun siyasi uğurlarına kölgə çalışmaqda ittiham etdi.
Müsahibələrinin birində Balasanyan daha sonra həbs edilən Köçəryanı "siyasi məhbus" və Paşinyanı "Qərbin layihəsi" adlandırdı. Paşinyanın hakimiyyətə gəlməsinə gəlincə, o dedi: "Bu, inqilab deyil, hakimiyyətin zorla ələ keçirilməsidir".
Balasanyan prezidentliyə namizəddir, onun kampaniyası Qarabağın 1990-cı illərdə "faktiki müstəqilliyinə" gətirən Azərbaycanla müharibədə görkəmli komandir nüfuzuna əsaslanır. "Qarabağa müharibədə iştirak edən bir prezident lazımdır, o baş komandan olacaq",- dedi. Lakin o, İrəvandakı hakimiyyət orqanlarının onun qarşısını almaq üçün çalışacağına əmindir: "Ermənistan hökumətinin "seçkilərə" açıq müdaxilə edib-etməyəcəyini bilmirəm. Amma əminəm ki, gizli şəkildə edəcəklər".
"Ermənistan hökuməti hələ də Qarabağda ciddi təsirə malikdir: ərazinin büdcəsinin yarıdan çoxunu təmin edir və Ermənistanın hərbi hissələri burada dislokasiya olunub. Keçmişdə İrəvan "öz" namizədlərinin Qarabağdakı seçkilərdə qalib gəlməsi üçün müxtəlif vasitələrdən istifadə edirdi. Hazırda iki tərəf "daha az koordinasiya olunur", - politoloq və Qarabağın xarici işlər nazirinin məsləhətçisi Hrachya Arzumanyan deyib.

"Əvvəllər Ermənistan burada hər hansı bir dəyişikliyin qarşısını almağa çalışırdı, amma indi bu baş vermir", - dedi.
Bu dəfə Ermənistanın müdaxiləsi, səsvermənin nəticələrinin saxtalaşdırılmaması üçün seçkilərə müşahidəçi göndərməsi ilə məhdudlaşacaq. Sentyabr ayında İrəvan yerli seçkiləri müşahidə etmək üçün kiçik bir missiya göndərdi. Seçkilərin Qarabağ tarixində ən ədalətli olacağı gözlənilsə də, bir nüans var - 90-cı illərdə müharibə zamanı ərazini tərk etmiş 600 mindən çox azərbaycanlı səsvermədə iştirak etməyəcək(Qarabağın əhalisi hazırda 150 min nəfərə yaxındır, demək olar ki, hamısı etnik ermənidir). Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün mövcud danışıqlar çərçivəsi bu keçmiş sakinlərin evlərinə qayıtmaq hüququnu təmin edir, lakin bunun yaxın gələcəkdə baş vermə ehtimalı azdır.

İkitərəfli yarışma?

Balasanyanın iştirakına marağın artmasına baxmayaraq, Xankəndindəki əksər müşahidəçilər onun qələbəsinə inanmırlar. Hesablamalara görə, "seçki" iki adamın: yerli oliqarx Araik Harutyunyan və hazırkı de-fakto "xarici işlər naziri" Masis Mayilyanın yarışması ola bilər. Hər ikisi Paşinyanı və İrəvandakı yeni hakimiyyətləri dəstəklədiklərini vurğulamışlar, çoxları hesab edir ki, Mayilyanın keçmiş rejimlə daha az əlaqəsi var.
Harutyunyan, parlamentdəki ən böyük "Azad Vətən" partiyasının rəhbəridir və sabiq baş nazir və maliyyə naziridir. Ayrıca ərazinin müxtəlif sahələrində, o cümlədən bankçılıq, kənd təsərrüfatı və enerji sahələrində geniş biznes əlaqələrinə malikdir.
Harutyunyan Eurasianet.org-a müsahibədən imtina etsə də, 10 Noyabrda başlayan kampaniyada özünü rəsmi olaraq Ermənistan hökumətinin müttəfiqi kimi göstərməyə çalışdı. "Bu gün Ermənistan hakimiyyətinin, xüsusən Baş nazirin Qarabağ məsələsi ilə bağlı hərəkətlərini şübhə altına alan bütün qüvvələr ... məğlubedici, təxribatçı qüvvələrdir", - dedi.
Bağdasaryan bildirib ki, Harutyunyan "çoxtərəfli oyun oynayır, onun hamı ilə yaxşı münasibətləri var". "Keçmişdə bunun əhəmiyyəti var idi, amma bu yanaşmanın məntiqi özünü doğrultmur", - dedi: "Qarabağın inkişafındakı əngəl hökumət və biznesin birləşməsidir. Harutyunyan da məhz bunun simvoludur".

Yenidən birləşmə haqqında

Uzun illər XİN-də çalışmış Mayilyan, "prezident" seçiləsə "ümummilli gündəm və radikal islahat proqramı" vəd etdi.
Müsahibəsində Mailyan, Qarabağın yeni hökumətin bir çoxunun siyasi təcrübəsi olmayan və vətəndaş sektorundan və ya digər ictimai sferalardan hakimiyyətə gələn Ermənistan nümunəsini tətbiq edəcəyini gözlədiyini söylədi: "Eyni şey burada baş verməlidir".

Mayilyan "milli gündəliyi" də hazırladı. O, Paşinyanın avqust ayında Stepanakertdəki (Xankəndindəki) çıxışını, Ermənistan liderinin "Qarabağ Ermənistandır, nöqtə!" dediyini və Ermənisstanla Qarabağın birləşməsinə çağıran 1980-ci illərin millətçi şüarı olan "Miazum" ("birləşmə") qışqıran kütlənin başında dayandığını xüsusi qeyd etdi. Paşinyanın açıqlaması xaricdə çaşqınlığa səbəb oldu, lakin Mayilyanın fikrincə, bu, Qarabağda dönüş nöqtəsi oldu.
"Xüsusilə 5 avqustdan sonra ... yaranan fikir ayrılıqları - və ya Paşinyan deyildiyi kimi, onunla hökumətimiz arasında “dissonans” - bundan sonra səhifəni çevirib başqa bir mərhələyə qədəm qoyduq. "Düşünürəm ki, mitinq insanların Ermənistan hökumətini və xüsusən də Paşinyanı dəstəklədiyini göstərdi", - Mayilyanın "müşaviri" Arzumanyan Ermənistanın və Qarabağın "Miatsum" –birləşməsi ilə bağlı rəsmi təklif üzərində işləyir. Mayilyan Arzumanyanın öz adından danışdığını qeyd etsə də, bu fikri də fəal dəstəkləyib. "Həm Ermənistanda, həm də Qarabağda aktiv müzakirlər gedir - "miatsum" mövzusu yenidən aktuallaşıb. Bu, faktdır", - dedi və bunu davam edən danışıqlarda Azərbaycanın" barışmazlığı"ilə izah etdi. “Birləşmə ideyası populyarlaşarsa, təbii ki, siyasətçilər insanların istədiklərini nəzərə almalıdırlar. Bu burada və gələcəkdə Ermənistanda dominant ideya ola bilər", - Mailyan dedi".

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Muxalifet.az