Qarabağda fransız silahları - Bakı və Parisin “Yol xəritəsi”

Baxış sayı:
3913

Silahlanma yarışında Azərbaycanla ayaqlaşa bilməyən düşmən ölkə indi də Fransadan gileylənməyə başlayıb; Ermənistan XİN-in təlaşı, erməni lobbisinin ölkəmizə qarşı yeni təxribat cəhdi... İşğal faktını nəzərə alan Azərbaycan özünün hərbi qüdrətini və silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmağa davam edir. Bu məqsədlə təbii ki, yerli hərbi-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirilir. Yeni hərbi zavodların və hərbi şəhərciklərin salınması o sıradadır. Bakı həmçinin qabaqcıl Avropa dövlətlərinin hərbi məhsullarına çıxış əldə eləməyə çalışır. Onların arasında Avropa Birliyinin (AB) aparıcı üzvlərindən olan Fransa da var. “Yeni Müsavat” xatırladır ki, ötən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunub: hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri olan ”Naval Group" (əsasən sualtı qayıqlar və gəmilər inşa edir) və “Thales” şirkəti. Sonuncu hava hərəkətinin idarə olunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim eləmişdi. Sərginin keçirildiyi günlərdə məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Söhbət iki ölkənin müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməklə bağlı anlaşmasından gedir. Bunu “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi bildirmişdi. O, məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını söyləmişdi.