"Qarabağda döyüşmək üçün mənə 2500 dollar vəd etmişdilər..." - BAKIDA LİVANLI MUZDLUNUN MƏHKƏMƏSİ GEDİR / YENİLƏNİB

Baxış sayı:
2971

Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka görə Livan vətəndaşı Eulcakcian ayda 2-2, 5 min ABŞ dolları alıb.

Virtualaz.org bildirir ki, bunu Bakıda Livan muzdluları üzərində bu gün keçirilən məhkəmə iclasında onun, videogörüntüləri təqdim olunan məşuqəsi Maral Nazaryan öz ifadələrində deyib.

M.Nazaryan dindirilən zaman bildirib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Onunla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım. Sentyabrda müharibə başlayan zaman Viken Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girdi. Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o məni saymadı və döyüşlərə getdi. Mənimlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və dedi ki azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdülər. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar".

Təqsirləndirilən şəxs əvvəlcə M.Nazaryanın ifadəsinində yalan danışdığını deyib. Lakin ona səngərlərdə çəkilmiş foto və videogörüntülər nümayiş etdirilib. Bundan sonra o, məşuqəsinin ifadələri ilə razılaşıb,  amma eyni zamanda iddia edib ki, səngərlərdə yalnız fotoşəkil çəkdirib, döyüşməyib...

**08:12

Məhkəmə Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşının vəsatətini təmin etməyib.

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşı V. Eulcekcianın işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

İclasda çıxış edən vəkil işin ilkin araşdırmaya qaytarılması barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətin əsassız olduğunu bildirib.

Prokuror qeyd edib ki, təqsirləndirilən şəxsə və onun vəkilinə ilkin istintaqda zəruri sübutlar təqdim edilib. Bu zaman nə təqsirləndirilən şəxs, nə də müdafiə tərəfi istintaqın gedişindən narazılıq bildirməyib. Ona görə də işin ilkin araşdırmaya qaytarılması barədə vəsatət təmin edilməyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirənin yekununa görə, məhkəmə Azərbaycana qarşı terror fəaliyyətində ittiham olunan Livan vətəndaşının vəsatətini təmin etməyib.

 

**09:01

Bu gün Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası keçiriləcək.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə prokurorun ittiham aktını elan edəcəyi və Eulcekcian Viken Abrahamın ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.