Qarabağda böyük sülhə və inkişafa aparan tək yol

Baxış sayı:
6640

Bakı torpaq itkisi ilə heç vaxt barışmayacaq; erməni şərhçi: “Dağlıq Qarabağ gec-tez Azərbaycanın tərkibinə qayıdacaq”; azərbaycanlı politoloq: “Ermənistan savaşda qalib olmadığını qəbul etmək zorundadır...”

Qarabağla bağlı ilsonu pozitiv işarəli ən yadda qalan hadisə yəqin ki, Bakıda oktyabrın 25-26-da keçirilən Qoşulmama Hərəkatının XVIII sammitində qəbul edilən yekun bəyannamədir. 120-yə yaxın dövlət konfliktlə bağlı birmənalı Azərbaycana yüksək səviyyədə bir daha dəstək ifadə etdi, Ermənistanı işğalçı kimi tanıdı. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini qeyd edərək, işğal altındakı ərazilərdə yaradılmış qanunsuz qurumu heç vaxt tanımayacaqlarını, onunla hər hansı şəkildə əlaqə yaratmayacaqlarını bəyan etdi.

Gözlənildiyi kimi, Bakıya beynəlxalq hüquq çərçivəsində  verilən bu dəstək İrəvanda təlaş doğurdu. Hər halda, 120 dövlət BMT üzvlərinin yarıdan çoxu deməkdir. Beynəlxalq birliyin Dağlıq Qarabağla bağlı bu növbəti, sanballı və ədalətli mövqeyini Ermənistan rəsmiləri ciddiyə almaq əvəzinə, əfsuslar olsun ki, özlərinə xas ənənəvi həyasızlıqla, süngü ucunda qarşıladılar, hətta işğalçı ölkənin XİN-i Hərəkat üzvlərini Qarabağ məsələsinə münasibətdə məsuliyyətsizlik və hörmətsizlikdə suçladı.

Burada deyiblər, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Təbii ki, Qoşulmama Hərəkatının yeni dönəm sədri olaraq Azərbaycandan cavab gecikmədi. Ancaq İrəvanın bu kobud davranışını yəqin ki, başqa üzv ölkələr də unutmayacaq və ciddiyə alacaq. Buradaca yada salaq ki, Ermənistan Hərəkatda müşahidəçi statusunda təmsil olunub. Lakin işğalçı ölkədən Bakıya nümayəndə heyəti gəlməmişdi. Gəlsəydi belə, aydındır ki, yekun əsla dəyişməyəcəkdi. Çünki Hərəkat indiyədək də Ermənistanı işğalçı kimi tanıyan qərarlar qəbul edib... 

*****

karabakh osce ile ilgili görsel sonucu

Bakı sammiti ilə bağlı Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında iştirak etmədiyinə görə rəsmi İrəvanı tənqid edib. O, bu sammitdə iştirak etmədiyinə görə Ermənistan hakimiyyətini yanlış siyasət yürütməkdə ittiham edib. Aşotyan qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək və qarşıdakı 3 ildə Dağlıq Qarabağ və digər məsələlərlə bağlı öz sözünü daha geniş auditoriyaya çatdırmaq imkanı olacaq. Aşotyan erməni dövlət adamlarının Qarabağ məsələsinin həll prosesindən qaçdığına da diqqət çəkib. O, habelə, Ermənistanın dünyada işğalçı dövlət kimi tanınmasına və Bakı zirvəsində iştirak edən 120 ölkə qarşısında özünü müdafiə edə bilmədiyinə diqqət çəkib.

Politoloq Ramiyə Məmmədovaya görə, əslində ermənilər Qarabağ savaşında məğlub olacaqlarını anlayırlar, lakin buna baxmayaraq, öz havadarlarına arxalanaraq, işğalçılıq siyasətini davam etdirmək istəyirlər: “Azərbaycan isə münaqişəni qan tökmədən, dinc yolla həll etmək niyyətini ortaya qoyur. Bu baxımdan Ermənistanın Bakıda keçirilən toplantıda iştirak etməməsinin nə tədbirin gedişatına təsiri oldu, nə də onun vacibliyini azaltdı. Buna adekvat olaraq, 120 dövlət bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və Ermənistanın işğalçı tərəf kimi tanıdığını bəyan etdi. Bu isə Ermənistanda narazılıq və məyusluq yaratdı. Erməni cəmiyyəti getdikcə Qarabağ savaşında məğlub olmasını qəbul etməkdə çətinlik çəkir. Azərbaycanın isə doğru yolla irəlilədiyini düşünürəm, belə bir siyasi xətt bizi qələbəyə bir az da yaxınlaşdırır”.

Politoloq Ramiyə Məmmədovaya ile ilgili görsel sonucu

Politoloq Ramiyə Məmmədovaya

Sözsüz ki, Qarabağ məsələsinin dinc yolla, ədalətli həlli ilk növbədə aparılan təbliğat və diplomatiya savaşından asılı olacaq. 120 dövlətin Qarabağa dair mövqeyi bəlli və məqbuldur. Ancaq Azərbaycan gərək erməni lobbisinin güclü olduğu, Qarabağla bağlı erməni yalanlarının hökm sürdüyü iri Qərb dövlətlərində, Avropada da güclü lobbiçilik işi, Qarabağ təbliğatı aparmalı, diplomatik fəallıq göstərməlidir.

*****

Bu arada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb. Vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.

T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır. Bundan bir gün qabaq isə o, başqa bir açıqlamasında Avropa Birliyinin ölkəmizin ərazi bütövlüyünü müdafiə etdiyini bildirmişdi. Təəssüf ki, Avropa Birliyinin Dağlıq Qarabağ konfliktinin həllinə hələ ki praktik təsir imkanı yoxdur. Çünki Rusiya amili var.

Rusiya isə hələ ki münaqişənin söndürülməsinə maraq göstərmir. Hərçənd bu ölkənin xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı deyib ki, Moskva konfliktinin həllində ATƏT-in fəaliyyətini dəstəkləyir və prosesin irəliləməsində maraqlıdır. “Biz ATƏT-in Dnestryanı konfliktin həllində, Dağlıq Qarabağla bağlı razılıq axtarışında fəaliyyətini dəstəkləyirik, Cənubi Qafqazda stabilliklə bağlı Cenevrə diskussiyalarında vacib rolu olduğunu qeyd edirik”, - deyə Rusiya baş diplomatı deyib.

Görüşlə bağlı birgə mətbuat konfransında Lavrov Ermənistanın müdafiə naziri David Tonoyanın “Qarabağ məsələsi bitib” sərsəmləməsinə də reaksiya verib. Bildirib ki, “belə bəyanatlar Dağlıq Qarabağ nizamlanması üzrə aparılan işə kömək eləmir. Mövqeləri yaxınlaşdırmaq və güzəştlərə nail olmaq üçün həmsədrlərin davamlı səyləri vacibdir”. Diplomatik dildən tərcümədə bu, “Qarabağ məsələsi bitməyib” anlamını verir.

*****

karabakh osce ile ilgili görsel sonucu

Konfliktin bitmədiyini isə ən birinci elə işğal altındakı Dağlıq Qarabağdakı olan-qalan erməni əhalinin ağır sosial-iqtisadi durumundan görmək olar. Bunu erməni təhlilçilər də təsdiqləyirlər.   

“Qarabağ müharibəsi onu tətikləyənlərin, iki xalqı toqquşduranların arzuladıqları nəticələrə gətirmədi. İşğal edilmiş Dağlıq Qarabağ səpələnmiş ermənilik üçün ümumi ev və ya iri erməni biznesi üçün ofşor zona ola bilmədi. Bu gün heç kəs, o cümlədən Ermənistan tərəfindən tanınmayan ”DQR"də sosial-iqtisadi böhran yaşanır. İnsanlar hərbi əməliyyatların bərpasından qorxurlar".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb.

Müəllif daha sonra yazır: “Tanınmayan respublikanın ərazisində həqiqətən nə baş verdiyini öyrənmək çətindir, çünki orada xüsusi informasiya rejimi hökm sürür: müxalif nəşrlər yoxdur, müstəsna olaraq, rejimin nəzarətində olan yerli KİV-lər fəaliyyət göstərir. Burada hər şey təbliğat üzərində qurulub. Yerli televiziya axırıncı siyahıya almanı nümunə gətirərək əhali artımı haqda danışır, guya sayın 200 minə yaxınlaşdığını iddia edir. Ekspertlər isə qeyd edirlər ki, əhalinin real sayı 50 mindən bir qədər artıqdır - o da Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə birgə. Ancaq hətta bu rəqəm də şübhə doğurur, nədən ki, əhalinin bir çoxu ərazidə daimi yaşamır” (rəsmi statistikaya əsasən, konflikt başlayanadək Dağlıq Qarabağda 140 min erməni, 40 min azərbaycanlı yaşayıb - “YM”).

Babayanın sözlərinə görə, Dağlıq Qarabağda adamlar əsasən Rusiyada və başqa ölkələrə gedib orada vətəndaşlıq almağı bacarmış qohumlarının göndərdiyi pulun hesabına yaşayır: “Kim ki, həmin ölkələrdə kök salıb, ora həm də öz qohumlarını aparıb. Gənclər Qarabağdan qaçır. Təkcə ona görə yox ki, iş yeri tapmaq mümkün deyil (sənaye praktik olaraq yoxdur, kənd təsərrüfatı isə dağ yerlərində ciddi dotasiyalar tələb edir), həm də o səbəbə ki, onların gələcəyə inamı yoxdur. Əksəriyyət başa düşür ki, gec-tez ”DQR" Azərbaycanın tərkibinə qayıdacaq".

Məqalədə daha sonra deyilir: “Qarabağın indiki əhalisi müstəsna olaraq hərbçilər və onların ailələri, habelə buradan çıxıb getmək imkanında olmayan yaşlı adamlardan ibarətdir. Gələcəyə inamın olmaması ən əvvəl onunla bağlıdır ki, hər an döyüş əməliyyatları bərpa oluna bilər. Azərbaycan bu torpaqların itkisi ilə heç vaxt barışmayacaq. Və aydındır ki, sadalanan problemlərin həlli qarşıdurmanı dərinləşdirməkdən yox, bölgədə sülh bərqərar etməkdən keçir. Hansı ki, iqtisadi layihələrin həyata keçməsinə kömək edəcək. Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində olması - bu ərazilərin inkişafı və əhalinin rifahı üçün yeganə yoldur. Bunu sağlam düşüncəli insanların hamısı başa düşür - bircə separatçı rejimin geosiyasi oyunlar oynayan rəhbərliyindən savayı”.

Bölgədə böyük sülhə aparan tək yol da elə budur - torpaqları öz qanuni sahibinə qaytarmaq...//musavat