Qarabağ üçün ilin akkord görüşü - nə dəyişəcək?

Baxış sayı:
3496

Azərbaycan və Ermənistan XİN başçıları bu gün Avropada bir araya gələcəklər; Rusiya konfliktin dinc həlli üçün nə vaxt hərəkətə keçəcək? Ermənistan üçün tək qurtuluş ünvanı - Türkiyə, Azərbaycan...

Dekabrın 4-də Bratislavada ATƏT XİN başçılarının zirvə görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zoqrab Mnatsakanyan arasında görüş olacaq. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcəklər. Görüşlə bağlı məlumatı artıq həm Bakı, həm də İrəvan rəsmən təsdiqləyib. Dünən Bakıda iki günlük səfərdə olan Rusiya baş diplomatı da iki ölkə XİN rəhbərlərinin Bratislava görüşündən söz açıb.

“Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir”. Lavrov bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

“Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır”, - deyə Lavrov vurğulayıb

*****

Bratislava görüşü Qarabağ mövzusu üzrə bu il üçün yəqin ki, sonuncu olacaq. Əfsuslar olsun ki, 2019 - Azərbaycan liderinin də söylədiyi kimi, itirilmiş fürsətlər ili oldu. Konfliktin dinc həll prosesini irəli apara biləcək heç bir ciddi təşəbbüslə, yeniliklə yadda qalmadı. Bakının israr elədiyi substantiv danışıqlar üçün zəmin yaranmadı. Beləcə, torpaqlarımızın işğalı daha bir il uzandı.

Vəziyyətin bu cür davam eləməsi, nizamlama prosesinin dalana girməsi, şübhəsiz ki, ən əvvəl Ermənistanın şəriksiz sahibi Rusiyanın mövqeyi ilə bağlıdır. Sergey Lavrovun Bakıda nə söyləməsindən asılı olmayaraq, acı gerçək bundan ibarətdir ki, Moskva bu il də Dağlıq Qarabağ ixtilafının həlli üçün real addımlar atmaq istəmədi - əlində həmişəki kimi, unikal rıçaqlar olduğu halda.

Söhbət Rusiyanın işğalçı ölkəyə təzyiq və təsir imkanlarından, paralel surətdə Azərbaycanla inkişafda olan əlaqələrindən gedir. Bu əlaqələr münaqişənin uzun müddət həll olunmamış qalmasını mümkünsüz edir. Əks halda, ən azından Bakı-Moskva münasibətləri arzu olunan səviyyəyə heç vaxt çatmayacaq və bədxahların əlində iki qonşu dövlət arasında əlaqələrə pəl vurmaq üçün həmişə yaxşı vasitə olacaq.

*****

karabakh osce ile ilgili görsel sonucu

Azərbaycan əlbəttə ki, öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və sülh danışıqlarının səmərə verməməsi fonunda ilk fürsətdəcə özünün ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Hazırda da davam edən intensiv hərbi təlimlərin, qardaş Türkiyə və Pakistanla, digər dost-müttəfiq ölkələrlə ortaq hərbi manevrlərin, getdikcə güclənən hərbi və hərbi-texniki əməkdaşlığın tək hədəfi budur. Bakı məxsusən də NATO üzvü Türkiyə ilə bu yöndə əməkdaşlığı ilbəil dərinləşdirir.

Yeri gəlmişkən, bu arada Ermənistanda qardaş ölkə ilə bağlı xof güclənib. Bu da Türkiyə Silahlı Qüvvələrinin Ermənistana qarşı “Altay” kod adlı irimiqyaslı hərbi əməliyyatlar planının mövcud olması barədə İsveçdə mənzillənmiş “Nordic Monitor” saytında yayılmış sənədlərlə bağlıdır.

Məlumat İrəvanda təşvişə səbəb olub. Xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən gün iordaniyalı həmkarı Ayman əs-Safadi ilə İrəvanda keçirdiyi brifinqdə deyib ki, Ermənistan hakimiyyəti Türkiyənin hərbi əməliyyatlar planı ilə bağlı qalmaqallı məqalə ətrafında situasiyanı diqqətlə izləyir.

“Nordic Monitor” nəşrində yer alan məxfi sənədə əsasən 2016-cı ilin mayında Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının Əməliyyatlar İdarəsi tərəfindən Ankara ətrafındakı Akıncı hərbi hava bazasında aparılmış yoxlama zamanı Ermənistana qarşı 2001-ci ildə təsdiqlənmiş genişmiqyaslı hərbi əmliyyatlar planından bəzi hissələrin, o cümlədən “Oğuztürk” kod adı altında bu ölkəyə hava zərbələrinin endirilməsinə dair planının “yoxa çıxdığı” məlum olur.

 “Nordic Monitor” nəşri İsveçə qaçmış fətullahçı jurnalist Abdulla Bozkurt tərəfindən təsis olunub və Türkiyə hakimiyyəti barədə müntəzəm olaraq məxfi sənədlər, telefon danışıqlarının deşifrəsini yayır. Türkiyə Baş qərargahı hələlik Ermənistana qarşı hərbi əməliyyatlar planının mövcudluğunu şərh etməyib.

Ermənistan xarici işlər naziri bildirib ki, o, “Nordic Monitor” nəşrində yer alan informasiyanı nə təsdiq, nə təkzib edə bilməz. “Bunu ilk növbədə Türkiyə etməlidir. Düzünü desəm, hələlik Türkiyə tərəfindən heç bir reaksiya yoxdur”, - o deyib. Mnatsakanyanın sözlərinə görə, məsələnin Ermənistanda hədsiz narahatlıq doğurduğunu demək artıqdır. “Türkiyənin Azərbaycana hərbi dəstəyi, davam etməkdə olan blokada, bütün bunlar Ermənistana təhdid yaradır” - o deyib.

EADaily nəşri isə bildirir ki, Ermənistan Müdafiə Nazirliyi və digər güc strukturları İsveç saytında dərc edilmiş məxfi materialları araşdırır. Bu haqda Ermənistan Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə bildirib. “Qəribə bu olardı ki, Türkiyənin belə hərbi planı mövcud olmasın”, -mənbə deyib.

*****

qarabağ danışıqları ile ilgili görsel sonucu

“Bu gün Ermənistanı məhv eləmək hədəfi qoyulub. İstisna deyil ki, Türkiyə Ermənistana qoşun yeritməyə çalışacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri İrəvandakı “Qarabağ müharibəsi veteranları birliyi” ictimai təşkilatının sədri Qriqor Qriqoryan deyib. Onun sözlərinə görə, Rusiya heç də boşuna Gümrüdəki hərbi bazasını təzədən silahlandırmır. “Bizdə isə axmaq adamlar tapılır və deyirlər ki, bizə baza lazım deyil. Əgər Rusiya ordusu Ermənistandan çıxsa, Türkiyə ordusu 2 saata İrəvanın mərkəzinə çatacaq”, - deyə o qeyd edib.

Qriqoryanın sözlərinə görə, “yaxın 3-4 ay ərzində Azərbaycan tərəfi hərəkətə keçmək üçün addımlar ata bilər”. Onun iddiasına görə, döyüş əməliyyatlarının əsas cinahı Naxçıvanla bağlı olacaq. Erməni Qarabağ veteranı daha sonra bildirib ki, bu gün Ermənistanı “qara qüvvələr” idarə edir. “Onlar üçün əsas olan pul, bir də masonçuluqdur. Ölkənin isə məhv olma məsələsi var. Bu problem həmişə mövcud olub, sadəcə, indi daha da aktuallaşıb. Ona görə ki, indi biz deyə bilmərik ki, Rusiyanın təsir sferasında yerləşirik. Biz indi bilmirik, kimin təsir sferasındayıq”, - deyə o təlaşla əlavə edib.

*****

Göründüyü kimi, işğalçı ölkədə ənənəvi Türkiyə xofu qalır və hətta artıb. Hərçənd nə qardaş ölkə, nə də Azərbaycan Ermənistana hücum eləməyə hazırlaşmır. Buna lüzum da yoxdur. Üstəgəl, Rusiyanın vassalı olan bir ölkədə, Türkiyə ilə sərhədin yaxınlığında - Gümrüdə Rusiyanın 102 saylı hərbi bazası yerləşir. Rusiya-Türkiyə münasibətləri isə tarixən həmişə gərgin olsa da, hazırda yetərincə yaxşıdır. Bunu Moskva rəsmiləri də, Ankara yetkililəri də vaxtaşırı təsdiqləyirlər. İki dövlət arasında hətta hərbi əməkdaşlıq getdikcə dərinləşməkdədir. Bununla belə, o da faktdır ki, işğalçı ölkənin Türkiyə ilə sərhədlərini hələ də rus əsgərləri qoruyur.

İstənilən halda, Ermənistanın, ermənilərin bir az da yaxın tarixdən qaynaqlanan Türkiyə təlaşı anlaşılandır. Ancaq bu təlaşdan həmişəlik qurtuluşun yolu bəllidir. Zaman-zaman yazdığımız kimi, Ermənistanın, erməni xalqının xoşbəxtliyi Rusiya ilə əbədi müttəfiqlikdə yox, iki əsas qonşu dövlət - Türkiyə və Azərbaycanla dost münasibətləri yaratmaqdadır.

Bundan ötrü hər iki qonşu ölkəyə qarşı əsassız ərazi iddialarına və saxta soyqırım nağıllarına son qoymaq kifayətdir. Ermənistan üçün tək qurtuluş ünvanı Türkiyə, Azərbaycandır. Necə deyərlər, suda boğulanın taleyi ilk növbədə onun öz əlindədir...//musavat