Qarabağ üçün Ankara-Moskva tandemi

Baxış sayı:
226

Ən yaxşı təzə - unudulmuş köhnədir; müharibədən qaçmağın optimal yolu: Türkiyə-Rusiya ortaq “Yol xəritəsi”; politoloq deyir ki...

Qarabağ danışıqları rəsmi İrəvanın təxribatçı mövqeyi ucbatından bir az da dalana girdi. Ermənistanın baş naziri Nikol Paşinyanın sülh prosesi ilə bir araya sığmayan və savaşı yaxınlaşdıran son bəyanatları iki ölkə arasında ən aşağı səviyyəli rəsmi danışıqları belə, faktiki surətdə mənasız edib. Müharibə ehtimalını kritik nöqtəyə çatdırıb.

Əslində Azərbaycan həmin bəyanatlardan sonra işğal altındakı torpaqların böyük bir qismini, ən azından Dağlıq Qarabağ ətrafında bir neçə rayonu antiterror əməliyyatı ilə azad eləmək üçün əlavə və olduqca ciddi əsas əldə edib. Bir çox siyasi və hərbi analitiklər də bu yöndə Bakı üçün mühüm fürsət yarandığı qənaətindədirlər.

Ancaq onların hamısı bir məqamı xüsusi qeyd edirlər - Rusiya faktoru. Çünki bu faktor münaqişənin istər hərbi, istərsə də dinc yolla həllində hələ ki, aparıcı faktor, daha dəqiqi, əngəl olaraq qalır. Bu xüsusda əksər təhlilçilərə görə, Bakı hərəkətə keçmək üçün Moskvanın mövqeyini öyrənməli, yaxud antiterror əməliyyatını ildırım sürəti ilə, qısa zamanda, məsələn, uzağı 1 həftəyə yekunlaşıdırıb öz minimum hədəfinə çatmağı bacarmalıdır.

Karabakh osce ile ilgili görsel sonucu

Hesab edilir ki, müharibənin uzanması halında Rusiya ona qarışa bilər. Elə digər mühüm vasitəçi dövlət olan ABŞ, bütövlükdə Qərb də yəqin ki, o halda səssiz qalmayacaq. Hərçənd Azərbaycan beynəlxalq hüququn prinsiplərinə zidd  hərəkət eləməyə hazırlaşmır və yalnız öz ərazi bütövlüyü çərçivəsində əməliyyat aparacaq. Bununla belə, Bakı müharibə variantında dünyanın “yazılmamış qanunları”nı, öncəliklə iki əsas supergücün - Rusiya və ABŞ-ın ovqatını da nəzərə almaq zorundadır.  

*****

Yaranmış vəziyyətdə nə qədər paradoksal olsa da Rusiya amilinin rolu artmış kimi görünür. O anlamda ki, əgər Moskva özünün də bölgədəki maraqlarına ciddi zərbə vurulmasını istəmirsə, o zaman nəhayət ki, hərəkətə keçməli, münaqişənin dinc həllinə çoxdan gözlənilən töhfəni verməlidir. Bunun üçün onun əlində zəruri olan bütün rıçaqlar var. Hamı bilir ki, İrəvan Dağlıq Qarabağ məsələsində əsas söz sahibi deyil, Moskvanın ağzına baxır. Üstəgəl, Kremlin Bakı ilə münasibətləri də yaxşıdır.

kreml ile ilgili görsel sonucu

Təəssüf ki, Rusiya hələ ki Qarabağ hayında deyil, daha çox Yaxın Şərqlə, Suriya ilə əlləşir. Yeri gəlmişkən, bir sıra ekspertlər Suriya üzrə Moskva-Ankara əməkdaşlığı təcrübəsinin Qarabağ probleminin nə vaxtsa yoluna qoyulmasında pozitiv rol oynaya biləcəyini istisna etmirlər. O sırada politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Suriya ilə bağlı Ankara-Moskva tandemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər.

Onun fikrincə, bölgədə Rusiya ilə əməkdaşlıq edən Türkiyə Suriya müharibəsində sülhə və öz təhlükəsizliyini təmin etməyə yaxındır. “Bu baxımdan Ankara-Moskva tandemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər. Qənaətimə görə, Ərdoğan Suriya məsələsindən sonra Qarabağ münaqişəsini aktiv formada gündəmdə saxlasa, Moskva-Ankara danışıqları Qarabağ məsələsində müəyyən razılaşmaya gələ bilər”, - deyə o qeyd edib.

*****

Yada salaq ki, Dağlıq Qarabağ məsələsində iki ölkənin əməkdaşlıq təcrübəsi yox deyil. Ötən əsrin 90-cı illərində, Kəlbəcərin işğalından sonra Türkiyə-Rusiya-ABŞ üçlüyü formatı yaranmışdı və bu format çərçivəsində hətta Kəlbəcərin erməni işğalçılarından təmizlənməsi üçün ilkin qrafik razılaşdırılmışdı. Gəncə hadisələri həmin anlaşmanı sıfırladı.  

Necə deyərlər, ən yaxşı təzə - unudulmuş köhnədir. İstisna deyil ki, hansısa mərhələdə Rusiya doğrudan da əlaqələrin yüksək səviyyədə olduğu Türkiyə ilə birgə Qarabağa dair “Yol xəritəsi” üzərində işləsin. Həm də o səbəbə ki, status-kvonun, işğal rejiminin uzanması Kremlin də perspektiv maraqlarına cavab vermir. Ən azı, o baxımdan ki, müharibə yüksək səviyyədə olan Ankara-Moskva və Bakı-Moskva strateji tərəfdaşlığını ciddi imtahan qarşısında qoyacaq.

Moskvada, nəhayət, anlamalıdırlar ki, həlli uzanan Qarabağ konflikti regiondakı uzunmüddətli sabitliklə yanaşı, Rusiyanın öz maraqları altına qoyulmuş “gec partlayan” minadır. Demək, onu zərərsizləşdirmək ilk növbədə Kremlin marağında olmalıdır - xüsusən də bu imkan 100 faizlikdirsə...

*****

Maraqlıdır ki, bu ilin oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Rusiya prezidenti Vladimir Putinin isə Ermənistana səfəri nəzərdə tutulur. Ola bilsin, səfərlərin təxminən eyni vaxta düşməsi təsadüfdür. Ancaq yaxşı olar ki, hər iki səfər həm də Dağlıq Qarabağ münaqişəsinin dinc həll perspektivi baxımından əhəmiyyətli və yadda qalan olsun.

Hər halda, Moskvanın İrəvana, Ankaranın isə Bakıya təsir imkanları bəllidir. Oktyabra kimi Suriya məsələsində də iki dövlət mühüm anlaşmaya nail olarsa, o zaman Qarabağ üçün fürsət qapısının açıla biləcəyinə ümidlənmək olar. Bu, təbii ki, bir ehtimaldır. Ancaq deyirlər, siyasətdə heç vaxt “heç vaxt” demək olmaz.../musavat