​“Qarabağ" rəsmisi futbolçunun komandanı özbaşına tərk etməsindən danışdı: “Dünyanın heç bir yerində...”

“Qarabağ” klubunun əvəzedici komandasının müdafiəçisi Elgün Uluxanov komandanı tərk edərək Rusiyaya gedib.
Muxalifet.az xəbər verir ki, buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.
Futbolçu komandanın baş məşqçisi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb. Qeyd edək ki, müdafiəçi artıq iki həftədir ki, ölkəni tərk edib.
Hadisədən xəbər tutan baş məşqçi Qurban Qurbanov qəzəblənərək E.Uluxanovu bağışlamayacağını deyib.
Məsələyə aydınlıq gətirmək üçün “Qarabağ” klubu ilə əlaqə saxladıq. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yazılanlar doğru informasiya deyil. Onun sözlərinə görə, futbolçu istəsə belə komandanı tərk edə bilməz.
“Dünyanın heç bir yerində futbolçu şans verilməməsinə görə komandanın düşərgəsini tərk etmir. Mətbuatın yazması onun getməsi deyil. Hər bir futbolçu əgər klubda oynayırsa, onun peşəkar müqaviləsi var. Bu zaman idmançı istənilən vaxt gediş-gəliş edə bilməz. Elgün Uluxanov komandanın əvəzedici heyətində oynayır. O, əsas heyətdə az oynayır. Ona görə də, həmin futbolçu oynaya da bilər, oynamaya da bilər. Onun komanda ilə peşəkar müqaviləsi var və istədiyi vaxt klubu tərk edə bilməz”, - deyə Nurlan İbrahimov bildirib.