“Qarabağ probleminin həllini gələcək nəsillərə saxlamaq olmaz” – “Bu, milli qeyrət və şərəf məsələsidir”

Baxış sayı:
21790

Tofiq Abbasov: “Problemin həlli üçün nəsil dəyişikliyinin vacibliyi fikri yanlış və təhlükəlidir” Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç Qarabağ probleminin həlli ilə bağlı əcaib təkliflə çıxış edib. Problemin həlli üçün üç nəslin dəyişməsi gərəkdiyini vurğulayan rus politoloq, yalnız bu yolla emosiyaların azala biləcəyini, münaqişənin həlli üçün real situasiyanın formalaşa biləcəyini vurğulayıb. Qarabağ probleminin həllini nəsil dəyişikliklərindən sonraya saxlamaq nə dərəcədə məntiqlidir? Bu cür təkliflərin, yanaşmaların meydana çıxması təsadüfidirmi? Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov problemə bu cür yanaşmanın yolverilməz olduğunu qeyd etdi: “Bu, anlaşılmayan, qəbuledilməz bir yanaşmadır. Çünki bunu yalnız problemdən üz döndərən, onu həll etmək istəməyən qüvvələr deyə bilər. Çünki əslində problemi yeni nəsillərə saxlamaq olmaz. Sağlam düşüncə bunu deyir. Biz elə etməliyik ki, bizdən sonrakı nəsillər bu problemin ağırlığını öz üzərlərində hiss etməsinlər. Zaman ötdükcə, yeni standartılar, yeni düşüncələr yarandıqca, insanlar çaşqın vəziyyətə düşünürlər. Bəzən problemə qeyri-adekvat şəkildə yanaşırlar. Qarabağ probleminin həlli yükü indiki nəsillərin üzərindədir. Azərbaycan siyasi elitası Ermənistandan fərqli olaraq bunun bütün məsiliyyətini dərk edir. Qarabağ probleminin həllini sonrakı nəsilərə saxlanıla biməz. Bu, milli qeyrət, ərazi bütövlüyü və şərəf məsələsidir. Odur ki, problemin bir neçə nəsil dəyişikliyindən sonra həlli təklifi əsla qəbuledilən deyil və kökündən yanlışdır”.