Qarabağ probleminin həlli üçün yeni sənəd yoxdur – nazirdən AÇIQLAMA

 “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd əvvəlki sənəddir”
 
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransında deyib.
 Nazir bildirib ki, bu sənəd üzərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində Sankt-Peterburqda birgə görüş zamanı iş aparılıb: "Hazırda bu sənəd danışıqlar masasında əsas sənəd olaraq qalır”.
 XİN rəhbəri qeyd edib ki, aprelin 29-da Moskvada ermənistanlı və rusiyalı həmkarları ilə görüşündə danışıqlar prosesinin irəliləməsi məsələsini müzakirə edib.
 ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərini şərh edən E.Məmmədyarov deyib: “Mən indi həmsədrlərin hansı təkliflərlə Bakıya gələcəyini deyə bilmərəm”.
 O bildirib ki, həmsədrlər hazırda Ermənistanda səfərdədirlər: “Gözləyək görək, onlar Ermənistandan Bakıya hansı mesajla gələcəklər”.
Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ üzrə substativ danışıqların başlanmasını istəyir:
 “Azərbaycanın mövqeyi dəyişməz olaraq alır. Status-kvo dəyişməlidir, belə ki, onun saxlanılmasının hansı fəsadlara yola aça biləcəyi hamıya məlumdur”.
 Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Azərbaycana səfər edəcklər.