“Qarabağ müharibəsi nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi...” - ABŞ-IN BAKIDAKI KEÇMİŞ SƏFİRİ ROBERT SEKUTA CNN TÜRK-Ə DANIŞDI

Baxış sayı:
535

ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib. Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb.

Keçmiş səfir Cənubi Qafqazdakı vəziyyətin müharibəyə qədər də kövrək olduğunu deyib. “Dəfələrlə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi  zərurətini ifadə etdik. Azərbaycan torpaqlarının işğalı belə davam edə bilməzdi. Ermənistanın təhlükəsizliklə bağlı narahatlıqları da davam edə bilməzdi. Ötən payızda yaşanan müharibə nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, Cənubi Qafqazın hər üç ölkəsində Rusiya əsgərləri var. Ermənistanda onsuz da vardılar. Gürcüstana 2008-ci ildə işğalla girdilər. İndi isə Azərbaycandadırlar”,-Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycana həm mənəvi, həm hərbi-siyasi dəstək verən çox önəmli müttəfiqdir. Və qarşıdakı dövrlərdə Türkiyənin regiondakı ixtilafların aradan qaldırılmasında, davamlı sülhün təmin edilməsində kritik rol oynayacağı gözlənilir.

Səfir Sekuta daha sonra Türkiyənin NATO və Rusiya ilə münasibətlərini şərh edib. Bildirib ki, Türkiyə çox önəmli və dəyərli NATO üzvüdür.

“ABŞ və Türkiyənin mümkün ola biləcək ən yaxın münasibətlərə malik olması çox önəmlidir. Suriya regiondakı ən qarışıq problemdir. Cənubi Qafqaz da qarışıqdır. Təbii ki, Türkiyənin planları haqda şərh verə bilmərəm, amma Amerika olaraq Türkiyənin regionda məsuliyyətli rol oynamasını istəyirik. Çünki bölgədə nə baş verirsə versin, birbaşa Türkiyəyə təsir edir. Çox çətin bölgədir. Suriya getdikcə qarışır və insanlıq böhranı böyüyür. Türkiyədəki qaçqınların sayı, Suriyadan qaçqın düşənlər artır. Rusiyanın Əsədə dəstək verməsi və Əsədin güzəştə getməməsi vəziyyəti daha da ağırlaşdırır”,-Robert Sekuta bildirib.

Əlavə edib ki, bütün bu məsələlərdə ABŞ Türkiyənin müttəfiq olaraq qalmasını, onunla birlikdə çalışmasını görmək istəyir./

Virtualaz.org