Qarabağ məsələsində moderatorluq ABŞ-a keçsə...

Baxış sayı:
10708

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünün anonsu verildi; Amerikada Moskvadakı danışıqlardan daha pozitiv nəticə mümkünmü? - gözlənti

Rusiya paytaxtında Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında aprelin 15-də baş tutan görüşdə humanitar xarakterli bəzi pozitiv məqamlar qeydə alınsa da, görüş bütövlükdə sülh prosesinə mühüm dinamika gətirmədi. Siyasi təhlilçilərin əksəriyyəti bu qənaətdədir. Əslində belə bir dinamika gözlənilmirdi. Əsas da iki səbəbdən.

Əvvəla, işğalçı ölkənin yeni rəhbərliyinin, konkret olaraq, Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasi səbəblərdən Dağlıq Qarabağ məsələsində hansısa ciddi dönüşə nail olmaq istəyi sezilmir. Müşahidə edilən budur ki, Paşinyan vaxt udmağa çalışır ki, öz hakimiyyətinin dayaqlarını möhkəmlətsin, təhlükəli rəqiblərini daha zəif duruma gətirsin. İkincisi isə Moskva-İrəvan münasibətləri nə qədər sərin olsa da, hələ ki Qarabağ məsələsində Rusiyanın işğalçı tərəfə Azərbaycanın xeyrinə hansısa təzyiq göstərmək məramı duyulmur. XİN rəhbərlərinin Moskva görüşü də daha çox Kremlin konfliktin həllində əsas söz sahibliyini saxladığını həm münaqişə tərəflərinə, həm də digər həmsədr dövlətlərə nümayiş etdirmək üçün ona lazım idi.

Bu arada məlumat yayılıb ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ-da keçirilə bilər. Bunu Polşaya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, bu barədə ABŞ dövlət katibi Maykal Pompeodan dəvət alıb. E.Məmmədyarov xatırladıb ki, xarici işlər nazirlərinin sonuncu görüşü Moskvada baş tutub və Rusiya xarici işlər naziri Sergey Lavrov öz təşəbbüsünü ortaya qoyub. “Bu görüşlə bağlı çox da pozitiv deyiləm, amma hesab edirəm ki, Rusiya ilə birgə səylərimizi ikiqat artırmaqla konfliktin həllində irəliləyişə nail ola bilərik”, - deyə o qeyd edib.

Moskva görüşünün ardınca XİN başçıları ile ilgili görsel sonucu

Ermənistan Xarici İşlər Nazirliyi isə Qarabağa dair nazirlər səviyyəsində növbəti görüşün Vaşinqtonda keçirilməsi təklifini şərh etməyib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti görüşün yeri və vaxtı rəsmən məlum olan kimi ictimaiyyətə bu haqda məlumat veriləcək.

*****

Moskva görüşünün ardınca XİN başçıları ile ilgili görsel sonucu

Moskva görüşünün ardınca XİN başçılarının Vaşinqton təmasının reallaşması, əlbəttə ki, pozitiv gəlişmə olardı. Birinci ona görə ki, nizamlama prosesində permanentlik saxlanılardı. Başqa yandan, hər necə olmasa, digər mühüm vasitəçi dövlət kimi ABŞ Qarabağ ixtilafının həllində Rusiya ilə müqayisədə daha maraqlı görünür. Ona görə ki, on illərdir sürən konfliktin nizamlanması regiona Rusiyanın destruktiv təsirinə son qoya, eyni zamanda bölgənin iqtisadi inkişafını və Qərbə inteqrasiyasını sürətləndirərdi.

Sözsüz ki, bunu Moskvada yaxşı bilirlər. Odur ki, Kreml rəsmiləri problemin həllində hər hansı müsbət dönüşdə maraqlıdırlarsa belə, bu dönüşü sirf Rusiyanın mənafeyi çərçivəsində, yəni şimal qonşumuzun bölgədə hərbi-siyasi mövcudluğunun saxlanması təqdirdə mümkün hesab edirlər. Başqa sözlə, ilk baxışda Rusiya və ABŞ Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyini bəyan eləsələr də, əslində onlar mümkün həll variantını fərqli təsəvvür edirlər - hərçənd hər iki fövqəldövlət yeni Qarabağ savaşının alovlanmasını istəmir.

Bu xüsusda Azərbaycan və Ermənistanın baş diplomatlarının Vaşinqton görüşü kifayət qədər fərqli gedişat və nəticə ilə yadda qala, hətta davamında iki ölkə rəhbərlərinin Amerika görüşü üçün vəsilə ola bilər. Bunu da yaddan çıxarmaq lazım deyil ki, Ağ Ev Ermənistanda hakimiyyət dəyişikliyindən sonra rəsmi İrəvana Dağlıq Qarabağla bağlı iki dəfə mühüm mesaj verib.

Onlardan birini ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında bölgə səfəri çərçivəsində İrəvanda olarkən çatdırmışdı. Bolton Paşinyana xitabən demişdi ki, Ermənistan öz əsas qonşuları Türkiyə və Azərbaycanla anlaşmaq və Rusiya təsirindən uzaqlaşmaq üçün Qarabağ məsələsinin həllində ciddi addımlar atmalıdır. Az sonra eyni mesaj prezident Donald Trampın Nikol Paşinyana təbrik məktubunda ifadə olundu.               

*****

Özünü qərbyönlü sayan Nikol Paşinyan əfsus ki, bu mesajları ciddiyə almadı. Şübhə yox ki, bunda Rusiya amili də rol oynayır. Elə məsələ də Vaşinqtonun Qarabağ təşəbbüsünü öz əlinə almaq istəməsinə Ermənistan iqtidarının hansı münasibət göstərəcəyi ilə bağlıdır. Buradaca əlavə edək ki, Rusiyadan və onun vasitəçi diplomatlarından fərqli olaraq, ABŞ diplomatları, o sırada amerikalı həmsədrlər zaman-zaman Dağlıq Qarabağ ərafındakı 7 rayonun boşaldılması vacibliyini dilə gətirib, bunu münaqişənin nizamlanması üçün əsas element olduğuna diqqət yönəldiblər - hansı ki, işğalçı ölkədə sərt reaksiya, aqressiya doğurub. 

“Moskvada əldə edilən razılaşma isə o qədər də böyük ümidlər oyadan razılaşmalar deyil və bunu hələlik sülhyaratma prosesinin elementi hesab etmək olmaz”. Politoloq Qabil Hüseynli belə hesab edir. Onun fikrincə, Moskvada sadəcə, bir sıra texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bura əsir və girov yaxınlarının bir-birilə görüşlərinin, jurnalist nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, kənd təsərrüfatı işləri zamanı əhaliyə zərər verə biləcək hərəkətlərə yol verilməməsi, eləcə də atəşkəs rejiminin daha yaxşı və dəqiq monitorinqinin aparılması haqqında razılaşmad daxldir.

Politoloqun fikrincə, danışıqlar prosesinə start verilsə də, sülhyaratma prosesində mühüm irəliləyiş haqda danışmaq mümkün deyil. “Bu da Ermənistan tərəfinin özünü çox təkəbbürlü aparmasından və açıq demək lazımdır ki, Rusiya tərəfinin də o qədər də ürəkaçan moderatorluq qabiliyyətinin olmamasından irəli gəlir. Zənnimcə, Rusiyanın bundan əvvəlki moderatorluğu ilə keçirilən görüşlərdə daha mühüm və əhəmiyyətli məsələlər müzakirə olunurdu. Ümid edək ki, gələcəkdə bu cür görüşlərdə tədricən həm müzakirə edilən məsələlərin səviyyəsi, həm də ümumi sülhyaratma prosesinə töhfəsi daha yüksək olacaq”, - deyə o əlavə edib.

Bundan ötrü ilk növbədə Rusiya Dağlıq Qarabağ konfliktinin həllində səmimi şəkildə maraqlı olduğunu sübut eləməlidir. Ümid eləmək qalır ki, baş tutacaq Vaşinqton təması bu xüsusda daha pozitiv və ümidverici nəticə ilə yekunlaşacaq - təbii ki, Moskva prosesə İrəvanın əli ilə növbəti dəfə pəl vurmasa. Yaddan çıxarmaq olmaz ki, Ermənistanda hakimiyyət dəyişsə də, onun Rusiyadan vassal asılılığı dəyişməyib.../musavat.com