Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir...

Baxış sayı:
11035

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Yerevanda və Bakıda apardıqları məsləhətləşmələrin nəticəsi olaraq Azərbaycan və Ermənistan rəhbərliyi arasında ilk rəsmi danışıqların təşkil ediləcəyi gözlənilir. Doğrudur, hələlik bu danışıqların mümkün vaxtı və məkanı barədə proqnozlar yoxdur. Hərçənd erməni mənbələrində iddia etmişdilər ki, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyevin ilk rəsmi danışıqları ABŞ-da baş tuta bilər.

“Nezavisimaya qazeta” bu mövzuda məqaləsində qeyd edir ki, həmsədrlərin ardınca regiona ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak səfər edəcək. Onun martın birinci yarısında Yerevana, Bakıya və “olsa bilsin Xankəndinə” səfər edəcəyi bildirilir. Hərçənd ATƏT-in fəaliyyətdə olan sədrinin həmsədrlərdən fərqli olaraq separatçı bölgəyə səfəri diplomatik baxımdan mümkün olmayan məsələdir, Bakı belə səfərə qətiyyən razılıq verə bilməz.

Layçak Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra jurnalistlər qarşısında deyib ki, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə bağlı regionda yeni situasiya yaranıb. Ermənistan hökuməti son seçkilərdən sonra çox güclü mandat əldə edib və dünya ictimaiyyətində Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına müəyyən ümidlər yaranıb.

Lakin qəzetin yazdığına görə ekspertlərin əksəriyyəti Qarabağ nizamlanmasında hansısa irəliləyişin əldə olunacağı ilə bağlı optimist deyillər. Danışıqlar masasında heç bir yeni ideya yoxdur, müzakirələr həmin Madrid prinsipləri ətrafında aparıla bilər. Hansı ki, illərlə davam edən müzakirələr nəticəsiz qalıb.

Bu, həmin Madrid prinsipləridir ki, ətraf rayonların Bakının yuridiksiyasına qaytarılmasını, qaçqınların geri qayıtmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur. Qəzetin yazdığı kimi Bakı israr edir ki, münaqişə mərhələli həll edilsin və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi daha sonraya təxirə salınsın. Erməni tərəfi isə bəribaşdan Dağlıq Qarabağın yekun statusuna dair referendumda israr edir.

Qəzet yazır: “Bununla belə münaqişənin nizamlanması baxımından bəzi pozitiv dəyişikliklər hər halda var. Nikol Paşinyanla İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik xeyli azalıb. Tərəflər xalqları sülhə hazırlamaq və qarşılıqlı etimad yaratmaq barədə razılaşma əldə ediblər. Ən başlıcası budur ki, tərəflər bacardıqları qədər öz vədlərinə sadiq qalmağa çalışırlar. “Nezavisimaya qazeta”nın Bakıdakı mənbələri hakimiyyətin Ermənistanın ünvanına hərbi ritorikanı azaltdığını, antierməni istiqamətli televiziya proqramlarının və məqalələrin sayının azaldığını qeyd edirlər. “Kardinal dəyişiklik haqda deyə bilmərəm, amma dəyişikliklərin olduğunu ancaq karlar və korlar görməyə bilər”-mənbə deyib”.

Yerevandakı mənbə də müəyyən dəyişikliklərin olduğunu, azərbaycanlılarla ermənilərin yaxın keçmişdə normal dostluq münasibətləri barədə telekanallarda filmlərin nümayiş etdirildiyini deyirlər./Virtualaz