Qarabağ əlilini qandallayıb polisə apardılar

Qarabağ müharibəsi əlili Məğrub Bədəlsoy polis hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Azadlıq” redaksiyasına o özü xəbər verib.
“Bu gün bir dəstə polis evimizə soxulub qolumu qandallayıb məni Nizami rayonundakı 24-cü polis bölməsinə apardı. Ayaqqabılarımı belə geyməyə imkan vermədilər. Gözlüyümü də sındırıb hara atdıqlarını bilmirəm. Polis bölməsində bir az saxlayandan sonra Nizami rayon idarəsi rəisinin yanına arardılar. Polislərin qanunsuz olaraq evimə soxulmasından, məni ayaqyalın bölməyə aparmaqlarından rəisə şikayət edəndə bildirdi ki, bunu onun göstərişi ilə ediblər. Rəis mənimlə kobud davrandı. Tez-tez aksiya keçirməklə onlara problem yaratdığımı dedi. Məni dövlətin əleyhinə çıxmaqda ittiham elədi. Bildirdim ki, dövlətin əleyhinə çıxmıram, konstitusion hüquqlarımdan yararlanıram. Qanunsuz evimə soxulduqlarına görə polisləri məhkəməyə verəcəyimi, işi Avropa Məhkəməsinə qədər aparacağımı deyəndə təhqirə keçdi. Sonra da xəbərdarlıq edib məni evə buraxdılar.
Bütün bunlarla bağlı 102 xidmətinə, Baş Prokurorluğun “Qaynar xətt”inə, Ombudsman aparatına şikayətlərimə baxan olmadı, hamısı “bizlik deyil” deyib yaxasını kənara çəkdi”.
Polisin əməliyyatına səbəbsə M.Bədəlsoyun mətbuata ötürdüyü aşağıdakı informasiya olub. “Bir qrup Qarabağ əlili, şəhid ailəsi Prezident yanında KİVDF-nin ofisinin qarşısında etiraz aksiyası keçirmək barədə xəbərdarlıq ediblər. Onların başlıca tələbi əlil-jurnalistlərin siyahıdan kənarda qalması, əvəzində dövlət orqanlarının bir neçə evi olan məmurlarının mənzillə təminatı ilə bağlıdır. Mənzil bölgüsündə ayrı-seçkiliyə yol verilməsi də aksiyanın gündəmindədir. Aksiyanın 21 Iyul 2017-ci ildə saat 15-də baş tutacağı bildirilib. Prezident Administarsiyasına təqdim edilən xəbərdarlıq bildirişini 35 əlil-şəhid ailəsi imzalayıb”.
Qarabağ əlili bildirdi ki, bütün bu zorakılıqlara, polisin qanunsuz hərəkətinə baxmayaraq əlillər aksiyanı keçirməkdə israrlıdır.