“Qarabağ dünya türklüyünün önəmli mərkəzlərindən biridir” – KAMİL VƏLİ

Baxış sayı:
2101

“Yeganə yol Türkiyə-Azərbaycan konfederasiyası və Cənubi Azərbaycana diqqətin artırılmasıdır”

Muxalifet.az İstanbuldakı Aydın Universiteti Qafqaz və Orta Şərq Araşdırmaları Mərkəzinin başqanı, professor Kamil Vəlinin Turan agentliyinə müsahibəsini təqdim edir:
 
27 sentyabrda Türkiyənin də böyük mənəvi dəstəyi ilə başlayan hərbi əməliyyatların ən mühüm nəticələrindən biri də  sizin dünyaya göz açdığınız Cəbrayılın azad edilməsidir.İllərdən bəri Qarabağ deyiləndə, Cəbrayıl deyiləndə sizin üzünüzdəki kədəri,nisgili görmək hamımıza iztirab verirdi. Susur, düşüncələrə dalır, boğazınız qəhərlənirdi. “Gözünüz aydın” deyir, duyğu və fikirlərinizi bölüşməyinizi xahiş edirəm.
- Çox sağ ol,əziz tələbəm və dostum Mayis. Mənə elə gəlir ki, biz bir-birimizi təbrik etməməliyik. Oktyabrın 10-da Moskvanın təşəbbüsüylə müvəqqəti atəşkəs elan ediləndə   qanın qaralmışdı. Bizim əziz vətən torpaqlarımızı işğaldan azad etmək üçün başlatdığımız əməliyyatları ermənilər elə şəkildə dünyaya təqdim edirlər ki, sanki Türkiyə də bu savaşda bir tərəfdir. 27 sentyabr əməliyyatı 2016-cı aprelində həyata keçirilən çox mühüm hərbi əməliyyatın davamıdır. Azərbaycan ordusunun, Türkiyə ordusunun gücünü ermənilər də gördü, Rusiya da. Biz Qarabağın hamısını azad etməmişik. Prezident əzmlə, qətiyyətlə “Biz Qarabağı azad edəcəyik, sizi it kimi qovacağam” dedi. Bunlar bizi sevindirir. “Öncə vətən!” deyib hamımız dəstəkləyirik. Vətən hissi, sadəcə, ideoloji deyil, təbii duyğudur. Bir canlı dünyaya nə qədər bağlıdırsa, vətəninə də o qədər bağlıdır. Bizim üçün təhlükədə olan vətən parçası Qarabağdır. Sosial, iqtisadi və mədəni baxımdam Qarabağ olmadan Azərbaycan bütöv ola bilməz. Azərbaycanın 4 mərkəzi var: Təbriz, Dərbənd, Şuşa və Bakı. Hazırda təkcə Bakı bizim əlimizdədir, biz buna sevinə bilirik. Bu hal bizi düşünməyə məcbur etdiyi kimi, eyni zamanda, səfərbər edir. Ermənilər ikinci dövlət qurmaq istəyirlər və onların son hədəfi Bakıdır, bunu açıq şəkildə deməliyik. Daha sonra Dərbəndə və Təbrizə iddiaları olacaq və “Böyük Ermənistan” fantaziyası uğrunda mübarizəyə başlayacaqlar..Buna qarşı bizim mübarizəmizin açar nöqtəsi ordumuzun 27 sentyabrda başlatdığı və uğurla davam edən əməliyyatdır. 10 oktyabrda qüvvəyə minən müvəqqəti atəşkəs ermənilərin Gəncəyə raket atıb dinc əhalimizi qətlə yetirilməsilə pozuldu və Azərbaycan tamamilə haqlı olaraq əməliyyatları davam etdirdi. Mənim doğulduğum, canım-ciyərim Cəbrayılı almışıq, Füzulini almışıq. Çox gözəl. Ancaq hələ Şuşa bizdə deyil, Xankəndini vursaq da hələ oraya əsgərlərimizin ayağı dəyməyib. Onlar bizim Gəncədəki, Tərtərdəki, Mingəçevirdəki, Beyləqandakı və hətta Ordubaddakı  mülki vətəndaşlarımızı vururlar. Tarixin dərinliklərinə gedəndə görürük ki, Qarabağ dünya türklüyünün önəmli mərkəzlərindən biridir. Səmərqənd, Buxara, Mərv, Urumçi  kimi. Bu yerlər türk-islam renessansının başlanğıc nöqtələridir. Mədəniyyətin Təbrizdə, Urmiyədə başlayan mühüm sahələri Qarabağda zirvəyə çatıb. Qarabağda yetişən və ya ata-babası Qarabağdan olan  şəxsiyyətlərin zirvəsi, əlbəttə ki, Polad Bülbüloğlu yox, Əhməd Ağaoğludur. Onun Qarabağda milliyyətçilik, azadlıq, demokratiya, cümhuriyyət uğrunda başlatdığı mübarizə təkcə Azərbaycanla məhdud qalmayıb türk dünyasının müasirləşməsi üçün bütün məsələlər Ağaoğludan  başlayır. Ona görə Əhməd Ağaoğlu həm Qaspıralıdır, həm Əlibəy Hüseynzadə. Yeni Türkiyənin təməllərinin çağdaşlıq üzərində qurulması üçün 1922-ci ildə parlamentdə  məruzənin  1869-cu ildə Şuşada anadan olmuş, 1894-cü ildə Sorbon Universitetini bitirmiş, Osmanlı imperiyası dövründə -1914-cü ildə Afyon millət vəkili seçilmiş, 1918-ci ildə Nuri Paşanın Qafqaz İslam Ordusunun siyasi müşaviri kimi  Bakıya gedərək orada da millət vəkili seçilmiş Əhməd Ağaoğlu tərəfindən edildiyini yada salaq. Bu adamlar dövlət dəyərlərini ön plana çıxararaq Türkiyə yolunu seçdilər.
- Yəni, demək istəyirsiniz ki, siyasi dəyərlər müvəqqəti ola bilər, ancaq dövlətin mənafeyi daimi olmalıdır.
- Tamamilə doğrudur, siyasi partiyalar bərabər şərtlərdə mübarizə aparmalıdırlar, seçkidən tamamilə fərqli nəticələr çıxa bilər, xalq istədiyi siyasi partiyanı dəstəkləməkdə sərbəst olmalıdır. Ancaq ümumi hədəf dövlətin güclü və uzun ömürlü olmasıdır. Türkiyədə bunu görürük. 27 sentyabrda başlayan əməliyyatlar bizi yenidən eyni nöqtəyə gətirdi: Azərbaycanın müstəqilliyi, BMT-dəki üzvlüyü qalmaq şərtilə Türkiyə ilə  əlaqələri bütün sahələrdə mümkün qədər dərinləşdirmək lazımdır. Ermənilərin və rusların qorduqları yeganə məsələ-Türkiyə ilə Azərbaycanın iqtisadi, hərbi, mədəniyyət sahələrində inteqrasiya yaratmasıdır. Onlar qorxur ki, 1918-də türk ordusu gedib Azərbaycanı necə xilas etmişdisə, indi də eyni şərait yaranıb. Bunu mütləq şəkildə davam etdirmək lazımdır. Ermənilərin milliyyətçi yox, liberal düşüncəli ziyalıları da bunu yaxşı bilirdilər. Məsələn, mənim də şəxsən tanıdığım rejissor Sergey Paracanov, yazıçı Hrant Matevosyan erməni milliyətçilini tənqid edən mövqe nümayiş etdiriblər. Ermənilərin Qarabağa və qədim İrəvan torpaqlarına kimlər tərəfindən və hansı məqsədlə gətirildiyi məlumdur. Kilsədən qidalanan və diasporanın köməyi ilə  ayaq üstündə duran, böyük dövlətlər tərəfindən əlaltı kimi istifadə edilən ermənilər köhnə xəyallarından əl çəkmirlər. Paşinyanın Şuşada, Xankəndində, Qarabağımızın başqa bölgələrindəki nümayişkaranə hərəkətləri Azərbaycanın da Türkiyənin də səbriylə oynamaq idi.
- Tovuza hücum da eyni məqsədlər daxilində idimi?
- Tovuz Qarabağda deyil, oraya da hücum edildisə, demək, ermənilərin iştahı böyük idi. Bu, Azərbayacana da, Türkiyəyə də arxadan zərbə vurma siyasətinin ayrılmaz hissəsidir. Türkiyə böyük səmimiyyətlə dedi ki, Azərbaycan nə istəsə, o olacaq, Azərbaycanın istədiyi hər şeyi Türkiyə dövləti və türk milləti həyata keçirəcək. Bu andın içində hər şey var. Bu andın içindəki təfərrüatları diqqətlə analiz etsək, nə qədər həqiqət olduğunu görəcəyik. Biz gördük ki, 10 oktyabrda əldə edilən atəşkəs razılığına ermənilər Gəncəyə raket ataraq cavab verdilər. Türkiyə bunların hamısının pərdə arxasını çox yaxşı bilir və analiz edir. Söhbət əziz şəhidlərimizdən, onları doğub yetişdirən analardan getmir, söhbət əziz vətən torpaqlarımızın  işğal altında qalmasına laqeyd münasibət bəsləyənlərdən gedir. Ana müxalifət lideri Əli Kərimli ordunun, dövlətin yanında olduğumuzu elan edərək xalqımızın da mövqeyini ifadə etdi. Belə hallarda hamı siyasi mənafeyini bir kənara qoymalıdır. O biri partiyalar da memorandum imzalayaraq  dəstəyə hazır olduqlarını bildirdilər. Söhbət yaltaqlardan  yox, şəxsiyyətli insanlardan və siyasi qurumlardan gedir, söhbət müharibə veteranlarından gedir. Yaxşı ki, atəşkəs oyununa getmədik, yoxsa ermənilər və ruslar çox şey qazana bilərdi. Türkiyənin icazəsi və razılığı olmadan, cənab Ərdoğanın birbaşa göstərişi olmadan Azərbaycan bundan sonra da hər hansı atəşkəs sazişinə qol qoymamalıdır. Bunu arzu etmirik. Xaricdəki bəzi Azərbaycan əsilli insanlar hansısa bəyanatlar yazıb başqalarına da imzalatdırırlar. Onlara əsəbləşmək lazım deyil. Çünki Azərbaycanın mövqeyi o deyil, əsas kütlə Azərbaycanın passionar qüvələridir. Haqq uğrunda mübarizədə babalarımızı, atalarımızı unutmamaq lazımdır, Atatürkümüzü unutmamalıyıq. Məncə, iki məsələni müzakirədə gecikməməliyik: Türkiyə ilə konfederasiya müzakirələrinə başlamalı və cənab Ərdoğanın, Əliyevin və ya ziyalılarımızın Cənubi Azərbaycandakı qardaşlarımıza müraciəti olmalıdır. Suriyadakı, Livandakı erməni terrorçular Qarabağda bizə qarşı savaşırlar. Bu, birbaşa savaş suçudur.Biz isə Qarabağda haqq savaşı aparırıq, ona görə Cənubi Azərbaycandakı qardaşlarımızın bizə dəstək verməsindən təbii heç nə ola bilməz. Cənab Ərdoğan dəfələrlə deyib ki, biz orada savaşmırıq, mənəvi dəstək veririk. Orada hər hansı dövlət rəsmi şəkildə var olsa, Türkiyə də qardaş Azərbaycana dəstək verəcək. Azərbaycanı qan gölündə boğmağa cəhd edə bilərlər, ancaq ordumuz və Türkiyənin dəstəyi buna qətiyyən icazə verməyəcək. Cənab Ərdoğanın dediyi kimi, dünya 5-dən böyükdür. Azadlığını son 30 ildə əldə etmiş xalqları təhdid etmək mümkün olmayacaq. Mən Azərbaycan ordusunun sınaqdan çıxmasına çox sevinirəm. 30 ildə mükəmməl bir ordu qurmağımızın sevincini yaşayıram. Mükəmməl Türkiyə-Azərbaycan qardaşlığı yaranıb, 1918-ci il yaddaşı yenidən dirilib. Qələbəmiz üçün bu, çox mühümdür. Hamı günahkarı da tanıyır, günahsızı da. Ermənilərin “əzaba məruz qalmış millət, zülm çəkən millət” mifi də məhv olub. Ermənistanı idarə edənləriin heç bir demokrat düşüncəli insanlar olmayıb, bu gün də deyildir. İrəvanda türk yeməklərinin, türk mədəniyyətinin olmadığı ev yoxdur. Ermənilər keçmişi də, bu günü də düşmənçiliyə çevirərək yaşaya  bilməzlər. Azərbaycan anladı ki, sadəcə, özünə və qardaşına güvənməlisən. Çox ümidliyəm, xalqıma çox güvənirəm. Türkiyə-Azərbaycan qardaşlığı mənim üçün yeganə yoldur. Əminəm ki, Cəmil Həsənli, Aydın Balayev, Solmaz Togidi-Rüstəmova, Nəsib Nəsibli kimi tarixçilərimiz bu mərhələni dəqiq  şəkildə yazırlar və yazacaqlar. Bu gün İran İslam dövləti Ermənistana yardım edir. Ancaq 35-40 milyon Cənubi Azərbaycan türkü ayağa qalxanda o islam dövləti heç bir şey edə bilməyəcək. Necə ki ayağa qalxaraq İran dövlətini Azərbaycan torpaqlarını müdafiəyə məcbur etdilər. Bu, mənim Cənubdakı qardaşlarımın böyük zəfəridir. Ona görə son sözüm də Türkiyə-Azərbaycan konfederasiyası və Cənubi Azərbaycandakı qardaşlarımızdır...