Qarabağ döyüşçülərinə ögeylik hardan qaynaqlanır? – VƏ YAXUD ONLARI BAĞIŞLAMAQ OLARMI?

Baxış sayı:
5323

Axırı, Novruz bayramı əfv sərəncamı gözləntilərini doğrultdu. Ömürlük azadlıqdan məhrum edilənlərdən müddətli cəza əfvinə düşənlər də oldu,  “müddətdən artıq” cəzalarla ömürlük həbsdən çıxmayacaqlarını gözaltı edənlər də azadlığına qovuşdu. Bircə Qarabağ döyüşlərində canlarını qoyanlar prezident imzasından  qıraqda qaldı . Növbəti dəfə! Nə Asif Yusifli, nə Babək Həsənli, nə Əfqan Muxtarlı, nə Saleh Rüstəmli, nə də ömürlük həbsə məhkum edilən “omonçu” lar yada düşdü.
Deyə bilərsiniz, əfv komissiyasında “adamları” olmayıb? Axı, deyilənə görə, dindarların siyahıya salınmasında Şeyx Allahşükür Paşazadənin, qadınların əfv olunmasında Aynur Sofiyevanın əməyi az olmayıb. Bəs komissiyanın əlil üzvü , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev döyüş yoldaşlarını niyə unudub? Bəs digər əlil, veteran qurumları,  media orqanları niyə susur? Əlillərin problemlərini diqqətdə saxlayan “Tərəf.az” saytının başqanı Qazi Nurəddin Xocanın özünü etmədiyi cinayətə görə şərti cəzaya sürükləyirlər , “qazilər”in səsi çıxmır. Belə qazılıq-hakimlik, belə qazilik-məhkumluq olar?
Bu “omonçu”lar “ Hacının bandası”ndan da qorxulu oldular? 24 ildir cəza çəkirlər, bəs deyil? Təxribatın qurbanı olan  Seymur Həzinin siyahıdan qıraqda qalmasının nədəni də “döyüşçü ailəsi” statusu daşımasıdır. Döyüş dostumuz Tofiq Yaqublunun kəskin qınaqları kürəkəninin qapısının açılmasına hasar olub. Hələ bu qınağa görə özünü də kürəkəninə kamera yoldaşı etməyiblər, şükür.
Ha baş sındırıram, Qarabağ döyüşçüərinə ögeyliyin nədən qaynaqlandığını tapa bilmirəm.
Prezidentin masasına, imzasına Qarabağ qazilərinin adını qoymayan kimlərdir? Qarabağ əlillərinin “qanpulu”su bir yana, vermirsiz -verməyin, heç olmasa, canlarının qazamatda çürüməsini bağışlamaq olmazmı?!

Məğrur BƏDƏLSOY