"Qarabağ" çox güclü komandadır, onlarla çox diqqətli olmalıyıq" – “Şerif”in məşqçisi

Bu, finala bərabər oyun olacaq
 
"Ağır oyun oldu. İlk yarıda çoxlu imkanlar yaratsaq da, qola çevirə bilmədik. İkinci hissədə təhlükəli vəziyyətlərimiz daha çox oldu və fərqlənməyi bacardıq. Öz səhvimizdən qol buraxdıq. Çoxlu epizodlar yaratdığımız halda, qol vura bilməməyimizə təəssüflənirəm".
Bunu "Şerif"in baş məşqçisi Roberto Bordin səfərdə "Petrokub"u 2:1 hesabı ilə yendikləri Moldova Milli Diviziyasının IV tur matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis "Qarabağ"la avqustun 1-də keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində bəzi oyunçulara istirahət verdiyini bildirib:
"Bakıdakı ilk oyunda çıxış edənlərdən bəzilərini meydana buraxdım. Qalanlarına isə istirahət verdim. Çünki çərşənbə axşamı vacib oyunumuz var. "Petrokub"a qarşı forma geyinənləri və belə nəticəyə nail olanları təbrik edirəm. Qazandığımız 3 xalla yolumuza davam edirik".
Bordin "Qarabağ"la cavab görüşünün əhəmiyyətinə də diqqət çəkib:
"Əlbəttə, bu, finala bərabər oyun olacaq. Cavab görüşü həm "Şerif", həm də "Qarabağ" üçün çox vacibdir. Kim uduzsa, Çempionlar Liqasından kənarda qalacaq, kim udsa, yoluna davam edəcək. "Qarabağ" topu nəzarətdə saxlayan və meydanda yaxşı hərəkət edən çox güclü komandadır. Biz onlarla Bakıdakı kimi çox diqqətli olmalıyıq. Bu dəfə xeyrimizə olan fakt evdə oynamağımızdır".
"Şerif"lə "Qarabağ" arasındakı cavab görüşü avqustun 1-də Tiraspolda keçiriləcək. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb - 0:0.