​Qarabağ bu yolla geri qaytarılacaq: Gecə döyüşləri və... - Ekspert DETALLARI AÇIQLADI

Baxış sayı:
8032

“Hazırkı Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində digər faktlarla yanaşı, Azərbaycan torpaqlarının qaytarılması, qaçqınların yurdlarına köçürülməsi məsələsini də müzakirə etmək niyyətindədir”. Bu fikirləri Publika.az-a siyasi şərhçi İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, Qarabağ klanının rəhbərləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliyə doğru addım atmasından narahatdır: “Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ klanı arasında olan münasibətlər Qarabağ münaqişəsinin həll prosesi ətrafında dövr edir. Hazırda danışıqlar prosesində müəyyən yeniliklər əldə olunub. Bu yeniliklər ondan ibarətdir ki, hazırkı Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində digər faktlarla yanaşı, Azərbaycan torpaqlarının qaytarılması, qaçqınların yurdlarına köçürülməsi məsələsini də müzakirə etmək niyyətindədir. Hazırkı rəhbərlik qətiyyətli şəkildə bu məsələyə birmənalı münasibət bəsləyir. Buna isə bir çox faktor dəlalət edir. Qarabağ klanı isə bu niyyətin əleyhinədir. Nikol Paşinyan son aylar ərzində bir neçə dəfə vurğulayıb ki, Dağlıq Qarabağ prosesinin həllində Ermənistan icmasının iştirak etməsini də istəyir. Azərbaycan icması da öz növbəsində həll prosesində Qarabağ icmasının iştirak etməsini tələb edir. Belə olduğu təqdirdə, burada ilk əvvəl icmalar arasındakı dialoq bərpa olunmalıdır. Lakin 20 ildir ki, Ermənistan tərəfi bu dialoqdan boyun qaçırır. İndi isə bu məsələ yenidən gündəmə qayıdıb. Bu faktdan qorxan Dağlıq Qarabağ klanı müəyyən cəhdlər göstərir ki, Azərbaycan tərəfi ilə dialoq gerçəkləşdirilməsin. Ona görə də öz imkanları çərçivəsində hərəkət edir, Ermənistan hakimiyyətindən olan müəyyən dairələri öz tərəflərinə çəkməyə çalışırlar. Nikol Paşinyan isə güman ki, 2020-ci ili gözləyir. Çünki o tarixdə Dağlıq Qarabağda seçkilər keçiriləcək və Paşinyan çalışacaq ki, öz tərəfdarlarının qələbəsini seçkilərdə təmin etsin”. Politoloq bildirib ki, erməni dairələr Azərbaycanın Naxçıvan istiqamətində əldə etdiyi strateji uğurlarından narahatdır. Çünki Dağlıq Qarabağa gedən bütün yolların nəzarətə götürülməsi bu bölgəni xarici dünyadan təcrid etmək deməkdir: “Həqiqət bundan ibarətdir ki, Azərbaycan bütün hallarda müharibəyə hazırlaşır. Bunu heç kim gizlətmir. İndi də müharibəyə hazırlıq öz axarı ilə davam edir. Ötən il Naxçıvan istiqamətində cəbhə xətti boyunca uğurlar əldə edilib. Cəbhə xəttində texniki işlərinin aparılması, hərbi təlimlərin keçirilməsi, o cümlədən, gecə saatlarında döyüşlərə hazırlıqla bağlı işlərin davam etdirilməsi, Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədinin milli ordudan alınıb sərhəd qoşunlarına təhvil verilməsi – bunlar hamısı onu göstərir ki, Azərbaycan tərəfi hərbi ssenarini nəzərdən keçirir. Doğrudur, hər şey danışıqlar prosesinin gedişatından asılı olacaq. Lakin bütün hallarda biz hazırlığımızı davam etdirməliyik. Əgər İrəvan yenə də hansısa təxribatlara yol versə, bizim hər cür imkanımız var ki, müəyyən etdiyimiz ssenari üzrə prosesin həllini başladaq. Hərbi faktor olmadan danışıqlar prosesi də gedə bilməz. Ermənistan da danışıqlar prosesinin davam etdirilməsinə ona görə maraq göstərir ki, Azərbaycanın güc tətbiq etməsindən qorxur”.