"Qarabağ" böyük hesablı qələbə ilə mərhələ adladı

Baxış sayı:
5374

"Qarabağ" bu gün avrokuboklarda 2020/2021 mövsümünə start verib.

"Report"un məlumatına görə, UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Makedoniya "Sileks"i ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Görüşdə hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. İlk hissənin əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Donald Gerye künc zərbəsi zamanı cərimə meydançasındakı qarışıqlıqdan məharətlə istifadə edərək topu tora göndərib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub. 80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri avqustun 25-26-da keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.