"Qara qızıl" yenə qara günlər vəd edir - EKSPERTLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
11728

Vüqar Bayramov: "Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır"
 
Natiq Cəfərli: "Əgər neft amilini ölkə iqtisadiyyatından çıxartsaq, o zaman Azərbaycan dünyada ən kasıb dövlətlərdən biri olar"

Son günlər dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunmaqdadır. Belə ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,88 dollar geriləyərək 61,11 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 52,90 dollar təşkil edib. Buradan da aydın şəkildə görünür ki, "Brent" markalı neft son 4 gün ərzində 10 dollara yaxın ucuzlaşıb.

Qeyd edək ki, analitiklər dünya bazarlarında neftin bu cür kəskin ucuzlaşmasının ABŞ-ın makrostatistik göstəriciləri və qlobal ticarət riskləri ilə əlaqədar tələbatın kəskin azala biləcəyi haqda narahatlıqlarla bağlı olduğunu düşünürlər. Çünki bazarda xarici ticarət risklərinin neftə olan tələbatı azaldacağına dair narahatlıqlar artır. Belə bir vaxtda ABŞ-dan neft ehtiyatlarının və hasilatının artması haqda xəbərlər gəlir. Bu isə neftin daha da ucuzlaşmasına gətirib çıxara bilər. İnvestorlar isə Çinlə ABŞ arasında ticarət müharibəsini narahatıqla izləyirlər. Ona görə ki, bu müharibənin təsirləri ilə Çin iqtisadiyyatında geriləmə baş verə, nəticədə neftə tələbat azala bilər. O cümlədən, ABŞ prezidenti Donald Trampın miqrant axını dayanmasa Meksikaya qarşı ticarət embarqoları tətbiq etməklə hədələməsi investorları qorxudub.

Rəsmi Vaşinqton ikisi Səudiyyə Ərəbistanına aid olan dörd neft tankerinə hücuma görə Tehranı ittiham edib

Nəzərinizə çatdıraq ki, neftin ucuzlaşması "Baker Hughes" və GE Company neft-servis şirkətlərinin məlumatlarının açıqlanmasından sonra daha da sürətlənib. Bu şirkətlər bildirib ki, ABŞ-da işləyən neft quyularının sayı mayın 31-nə olan məlumata görə artaraq 800-ə çatıb. Rusiyadan "Alpari" analitik mərkəzinin rəhbəri Aleksandr Razuvayev isə deyib ki, ABŞ-ın strateji neft ehtiyatlarına dair rəqəmlər neftin qiymətlərinə qısamüddətli təsir göstərən amildir. Əsas amil ABŞ-la Çin arasında ticarət müharibəsidir: "Ticarət müharibəsi neftin qiymətini 30-35 dollara qədər endirə bilər. Lakin neft volatilli aktivdir və İran ətrafındakı situasiya bazarda hələ öz sözünü deyəcək. Tezliklə, ola bilsin elə gələn həftə geosiyasi gərginlik qiyməti yenidən 70 dollara qaldıra bilərdi". Lakin maraqlıdır ki, son kəskin ucuzlaşma ABŞ-ın İran ətrafına hərbi qüvvə cəmləşdirdiyi, İranın isə Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerlərinə hücum təşkil etdiyi haqda xəbərlər fonunda baş verir. Habelə ABŞ İrandan neft ixracını tamamilə məhdudlaşdırıb və bu da bazarda təklifin günə 2 milyon barrelə qədər aşağı düşməsi deməkdir. Amma neft bütün bu amillərə baxmayaraq, üzü aşağı yuvarlanır.

Yeri gəlmişkən, rəsmi Vaşinqton mayın 12-də ikisi Səudiyyə Ərəbistanına aid olan dörd neft tankerinə hücuma görə Tehranı ittiham edib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyi sahillərində neft tankerlərinə hücumun məhz İran tərəfindən törədildiyinə əmin olduğunu vurğulayan ABŞ dövlət katibi Maykl Pompeo Tehranın bununla dünya bazarlarında nefti bahalaşdırmağı hesabladığını iddia edib. Onun sözlərinə görə, dörd tankerə hücum dünya bazarında neftin qiymətinin artmasına səbəb olmalıydı. Məlumat üçün qeyd edək ki, hücumun sualtı minalarla törədildiyi güman edilir. Hadisədən bir neçə gün sonra isə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton hücumu İranın törətdiyini bəyan edib. Bolton hücumda İranın iştirakına dair sübutları BMT-yə təqdim etməyə hazır olduğunu deyib. Rəsmi Tehran isə bu hücumda hər hansı formada iştirakını qəti şəkildə təkzib edir.

Məsələnin maraqlı tərəfi ondadır ki, neft tankerlərinə hücumdan sonra dünya bazarlarında "qara qızıl"ın qiyməti artsa da, mayın 31-dən etibarən anidən kəskin ucuzlaşma müşahidə olunub. Və bu proses hələ də davam edir. Bu isə neft ixrac edən ölkələrin, əsasən də İranın maraqlarına cavab vermir. Məhz bu səbəbdən də İran ali liderinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bəyan edib ki, İran və ABŞ arasında Fars körfəzində istənilən qarşıdurma neftin qiymətinin bir barrelə görə 100 dollardan çox artmasına səbəb olacaq. Onun sözlərinə görə, amerikalılar ABŞ-ın regiondakı silahlı qüvvələrinin İranın raket zərbələrinin əhatə dairəsində olduğunu yaxşı anlayır. Yəhya Rəhim Səfəvi onu da əlavə edib ki, ABŞ-ın və digər xarici ölkələrin Fars körfəzindəki hərbi dəniz qüvvələri də İslam İnqilabı Keşikçiləri Korpusunun "yer-dəniz" tipli raketlərinə tuş gələ bilər: "Körfəzdə atılan ilk güllə neftin qiymətinin 100 dollardan çox artmasına gətirib çıxaracaq. Bu, Amerika, Avropa, eləcə də ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri üçün dözülməz olacaq".

"Son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur"

Картинки по запросу Vüqar Bayramov

Bu arada, "Hürriyyət"in məlumatına görə, iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq, "qara qızıl" dəyər itirməyə başlayıb: "Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının hasilatı artacağı ilə bağlı yayılan xəbərlər və ən əsası ABŞ prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatlar və eləcə də twitləri ilə əlaqədardır. Qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin "qara qızıl" satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub". CESD sədri qeyd edib ki, Azərbaycanın gündəlik neft ixracatının 798 min barel olduğunu nəzərə alsaq, o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur: "Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla əməliyyat şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu, həmçinin "neft bumunun" bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələrlə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür". Beləliklə, iqtisadçı ekspert hesab edir ki, neftin qiyməti məqbul hesab olunsa da son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır: "Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən" sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".

"Ölkənin vəziyyəti elə gündədir ki, hətta indiki hökumət sabah istefa verib getsə belə, neftdən asılılığı qısa zamanda azaltmaq mümkün olmayacaq"

Картинки по запросу Natiq Cəfərli

Azərbaycanın neftdən asılı ölkə olduğunun artıq heç kimdə şübhə doğurmadığını vurğulayan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, istisadçı ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, əgər neft amilini ölkə iqtisadiyyatından çıxartsaq, o zaman Azərbaycan dünyada ən kasıb dövlətlərdən biri olar: "Adambaşına düşən ÜDM, büdcə xərclərinə görə Somali səviyyəsinə düşər.
26 ildir ölkəni idarə edən YAP bu illər ərzində ölkənin neftdən asılılığını azaltmadı, əksinə ciddi artırdı. Hökumət tənbəlləşdi, havayı neftı pulları gözləri kor, qulaqları kar etdi. 26 ildə xam neft satışından neft məhsulları istehsalı və ixracına belə, keçə bilmədilər. Bu gün bir barel neft 62 dollardır, amma emal olunsa, neft məhsullarına çevrilsə bir barel nefti 280-300 dollara satmaq olar. Ölkənin vəziyyəti elə gündədir ki, hətta indiki hökumət sabah istefa verib getsə belə, neftdən asılılığı qısa zamanda azaltmaq mümkün olmayacaq".

O, iddia edir ki, ölkənin qeyri-neft sektoru çox zəif, dayanıqsız və rəqabətə davam gətirməyən vəziyyətdədir: "Nə turizm, nə aqrar sektor potensialı nefti əvəz edə bilməyəcək. Ölkənin əkinəyararlı torpaq sahəsi azdır, su problemi var, ona görə də aqrar sekorun böyük gəlir gətirəcəyi nağıldır. Bu gün neftdən gələn gəliri əvəz etmək üçün ölkəyə 10 mln. turist gəlməli, paralel olaraq da indiki istehsal həcmindən 20 dəfə çox aqrar məhsullar istehsal edib ixraca yönəlməlidir. Bu mümkündürmü? Təbii ki, yox. Ölkənin alt yapısı bu qədər turistə hazır deyil. Zatən o qədər turist də məmləkətə gəlməz, çünki cəlbedici hekayələr qura bilməmişik, əkinəyararlı torpaq və su resurslarımız da aqrar sahədə istehsalı 20 dəfə artırmağa imkan vermir, bu mümkün deyil".

Valeh TÜRKSOY, Hurriyyet.org