Qanlı savaşın qalibi kim olacaq: susan Putin, qorxan Əsəd, yoxsa döyüşən Ərdoğan? - VİDEO

Baxış sayı:
4143

Türkiyə prezidenti Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədə verdiyi müddətin başa çatmasına 8 gün qalmış (dünən) Türk ordusu İdlib istiqamətində hərbi əməliyyatlara başladı.

Türk ordusu müxalifətin M4 və M5 şosesinin kəsişdiyi Serakib qəsəbəsini almaq və bu ərazilərdəki türk əsgərlərinin patrul postlarının təhlükəsizliyini saxlamaq məqsədilə əməliyyatlara dəstək verib.

Türk ordusunun dünən başlatdığı əməliyyatdan əvvəl Hələbin şimal-qərbindəki Nubl-Zəhradakı Əsəd rejimi və İran milislərinin mövqeləri artilleriya atəşi ilə susdurulub.

Eyni zamanda Azad Suriya Ordusu (ASO) və müxalif silahlı qruplar Əsədin doğulduğu Kırdaha kəndindən 20 kilometr uzaqlıqdakı Cebledə yerləşən mövqeləri hədəfə alıb.

Qanlı savaşın qalibi kim olacaq: susan Putin, qorxan Əsəd yoxsa döyüşən Ərdoğan?

İdlibə açılan qapı sayılan Neyrabla bağlı əməliyyata isə dünən səhər start verilib. Strateji Serakib qəsəbəsinin kənarındakı bölgə raket və top atəşləri ilə vurulub. Neyrab-Serakib xəttindəki Maardebsedə yerləşən Bəşər Əsəd artilleriyası susdurulub. Əməliyyat çərçivəsində Əsəd rejiminə havadan da zərbələr endirilib. Türk ordusunun və müxalif silahlı qrupların hərəkətlərini havadan izləyən Rusiya istehsalı olan dronlar sıradan çıxarılıb.

Saatlarla davam edən artilleriya zərbəsindən sonra quru qoşunları hərəkətə keçib. ASO və Milli Qurtuluş Cəbhəsinə (MQC) bağlı silahlı müxalifət nahardan sonra İdlib ətrafında əməliyyata başlayıb.

Əsəd rejimi və iranlı milislərin Serakib yolunu kəsmək məqsədilə Neyrab qəsəbəsini təmizləmək üçün çoxlu sayda silahlı və tank hərəkətə gətirilib.

Türk ordusunun artilleriya və tank zərbələrinin ardınca müxalif silahlı qruplar Serakib qəsəbəsinə şimali-qərbdən daxil olub. Qəsəbədə şiddətli toqquşmalar başlayıb. Burada Bəşər Əsədin 50 əsgəri öldürülüb, 5 tankı, 2 zirehli avtomobili, avtobus və digər hərbi texnikaları məhv edilib.

Türk ordusunun dəstəyi ilə ASO və MQC qruplarının başlatdığı əməliyyat zamanı Bəşər Əsəd ordusu daxilində ciddi panika yaşanıb. Rejim zabitlərinin radio əlaqələri zamanı “Komandan ağacların arasına qaçdı, indi biz nə edəcəyik”,- kimi sözlər eşidilib.

Qanlı savaşın qalibi kim olacaq: susan Putin, qorxan Əsəd yoxsa döyüşən Ərdoğan?

Bir bölümü müxalifətin nəzarətinə keçən qəsəbədə axşam saatlarına qədər şiddətli toqquşmalar davam edib. Həmçinin Neyrabın şərqindəki Salihiyədə Əsəd ordusuna qarşı yeni cəbhə açılıb. Bu zaman türk ordusu və ASO-nun irəliləməsinin qarşısını almaq məqsədilə Rusiya Neyrab cəbhə xəttini qırıcılarla bombalayıb. Türk ordusu bu bombardman sırasında rus əsgərlərinin Neyrab və Serakibi tərk etdiyini müşahidə edib.

Fevralın 3-də Suriya ordusunun əlinə keçən Neyrab qəsəbəsi hərbi-starteji əhəmiyyətə malik məntəqə hesab olunur. Dəməşq ilə Hələbi bir-birinə bağlayan M5 şosesi ilə İdlib-Lazkiyə-Hələb əlaqəsini saxlayan M4 şosesinin birləşdiyi Serakibin alınması üçün Neyrab kəndinin azad edilməsi vacib addım olub. Əsəd rejimi demək olar ki, fevralın 3-dən bu yana həmin nöqtəyə hərbi sursat toplayırdı. İndi rejim əsgərlərinin buradan təmizlənməsindən sonra Türk ordusunun nəzarəti saxlaması üçün əraziyə daxil olacağı gözlənilir.

Türk ordusunun dəstəyi sayəsində müxalifətin silahlı qrupu Əsəd ordusunu ağır itkilərə məruz qoyduğu an Kumeynas bölgəsində yerləşən Türk ordusunun mşahidə postuna havadan hücum edilib. Məhz bu nöqtədə iki türk əsgəri şəhid olub, 5 əsgər yaralanıb.

Bu hücumun rusların yoxsa Əsəd qüvvələrinin həyata keçirdiyi bəlli olmayıb. Məhz bu olaydan sonra Türkiyə Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edərək “müəyyən edilən hədəflər atəş altına alınıb və alınmaqda davam edəcək. Bu günə qədər şəhidlərimizin qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq”,- mövqeyini ifadə edib. Şübhəsiz ki, bu, həm də ruslara mesajdır.

Bu arada Türk ordusunun Hələb və İdlibə hərbi karvan göndərməsi davam edir. İdlibin cənubunda tank və zirehli avtomobillərin olduğu iki post qurulub. Müşahidə postlarından biri 900 metr yüksəklikdə yerləşən Tel əl-Nebi Əyyubda, digəri Cebel əl-Erbainin Radar bölgəsində yaradılıb. Hələbin qərbindəki Etatribdə isə türk əsgərləri nəzarəti ələ keçirmək üçün sahəyə yayılıb. Eyni zamanda Türkiyənin Hatay vilayətindən Suriyaya raket kompleksləri və silah-sursat göndərilir.

Hərbi mütəxəssislər və siyasi analitiklər hesab edir ki, son sutkayarım ərzində baş verən bu hərəkətlənmə artıq zəifləsə də, dünyanın gündəmini zəbt edib.

Qanlı savaşın qalibi kim olacaq: susan Putin, qorxan Əsəd yoxsa döyüşən Ərdoğan?

Bununla yanaşı qeyd olunur ki, hərbi əməliyyatlar zamanı dünyanın reaksiyası Türkiyənin xeyrinə, Rusiyanın əleyhinə olub. Məsələn, rəsmi London türk əsgərlərinin öldürülməsinə sərt reaksiya verib, Fransa və Almaniya Əsədin İdlibə hücumunu pisləyərək Rusiya lideri Putinin toqquşmalara son qoymağa çağırıb, ABŞ Konqresi isə rəsmi Vaşinqtondan tələb edib ki, Əsədə və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunsun. Bu arada Avropa Birliyi Bəşər Əsədin Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılması tələbini irəli sürüb.

Hərbi və siyasi analitiklər hesab edir ki, Ərdoğanın dünənki gedişi ilə Moskvada Türkiyənin “qırmızı cizgiləri”nin nədən ibarət olduğu tam aydınlaşıb və bu andan sonra Türkiyə-Rusiya danışıqlarında, habelə Tehranda baş tutacaq Türkiyə-Rusiya-İran liderlərinin müzakirəsində Ankaranın mövqeyi güclü olacaq. Bu isə istər-istəməz Qərb tərəfindən sanksiyalara məruz qalan, digər müttəfiqi Çinin öz hayında olmasını görən Kremlin Türkiyə ilə razılaşmasını qaçılmaz edəcək./reyting.az