​Qalmaqallı dekanın işdən çıxarılmasına RƏSMİ MÜNASİBƏT

Baxış sayı:
1924

Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü əsassız və böhtan xarakterli ittihamlarla bağlı bildirmək istərdik ki, Azərbaycan  Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin  dekanlığına  2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən  daxil  olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə  əlaqədar  filologiya  və  jurnalistika   fakültəsində tədris  və  təlim-tərbiyə işinin  təşkilinin  öyrənilməsi  ilə bağlı  dekabrın 18-də komissiya yaradılıb.
ADU-dən verilən məlumata görə, komissiya  tərəfindən  aparılmış müvafiq araşdırma  zamanı qeyd olunan fakültədə  tədris  fəaliyyətinin  gedişinə, tədris prosesi  iştirakçılarının fəaliyyətinə və tədris  sənədlərinin  tərtibatına  nəzarətdə və onların  uçotunda bir sıra ciddi nöqsan və boşluqların mövcud olduğu,  akademik qrup jurnallarının yarıtmaz  vəziyyətdə aparıldığı,  həmçinin “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan  Respublikası  Qanununun 7-ci  maddəsinin  tələblərinin fakültənin  dekanı  Vüsalə  Ağabəyli  tərəfindən kobud şəkildə pozularaq müraciətlərin cavablandırılmasının təmin edilmədiyi müəyyən olunub.
Müraciətləri  qanun çərçivəsində  həllini tapmayan  31 tələbə  universitetin  rəhbərliyinə  təkrar  müraciət  etmək  məcburiyyətində  qalıblar.
Bundan əlavə V.Ağabəyli  tutduğu dekan vəzifəsindən istifadə  edərək  onun  səlahiyyətlərinə  aid  olmadığı  halda  10 tələbəyə  yazılmış  qaiblərın  nəzərə  alınmasına  dair  qanuna  zidd qərarlar  qəbul  etməklə  “Ali  təhsil müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyələrində  kredit  sistemi  ilə  tədrisin  təşkili  Qaydaları”nın təsdiq  edilməsi haqqında  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müvafiq  qərarlarının  tələblərini  pozub.
Bununla da filologiya  və  jurnalistika   fakültəsinin  dekanı   V. Ağabəyli əmək funksiyasının, vəzifə  borcunun (öhdəliklərinin)  yerinə  yetirilməsi  zamanı  səhlənkarlıq, etinasız  və  qanunazidd  hərəkətləri  nəticəsində əmək və icra intizamının normal ahəngini  kobud  şəkildə  pozub,  o cümlədən tədris  fəaliyyətinin  gedişinə və tədris prosesi iştirakçılarının  fəaliyyətinə ciddi xələl gətirib.
Həmçinin  açıq  dərslərin  təşkili və obyektiv qiymətləndirilməsi  zamanı  yol  verdiyi  ciddi  nöqsanlara,  Rektoryanı Şurada  etik  davranış  qaydalarını  pozduğuna  və universitetin   əməkdaşlarına   şər   və   böhtan   atdığına görə V. Ağabəyliyə  17.12.2018-ci il tarixdə töhmət verilib.
Araşdırma  zamanı  komissiyanın  tədris  sənədləri  ilə  işin  vəziyyəti  haqqında  yekun  rəyinə əsasən  fakültənin  dekanı  Vüsalə  Ağabəyli  vəzifəli  şəxs  kimi  işinə  səhlənkar  münasibət  bəsləyərək xidməti vəzifələrini lazımi  qaydada yerinə yetirmədiyinə, vəzifə  səlahiyyətlərini  aşdığına,  ona  aid  olmayan  vəzifələrin  həlli  ilə  əlaqədar  qərarlar  qəbul etdiyinə, vətəndaşların  müraciətlərinə  baxılması  haqqında  qanunun  tələblərini  pozaraq  tələbələrin  ona  ünvanladıqları  ərizələrin mahiyyəti  üzrə  baxılmasını  təmin  etmədiyinə  görə  barəsində ciddi  tədbirlər  görülməsinin zəruriliyi  bildirilmiş və  qeyd olunan  fakültədə  vəziyyətin  köklü  şəkildə  yaxşılaşdırılması  istiqamətində  təsirli  addımların  atılması  və müvafiq  kadr dəyişikliklərinin  aparılması  tövsiyə  edilib.
Azərbaycan Respublikasının   Əmək  Məcəlləsinin  11-ci  maddəsinin  1-ci  hissəsinin  “b”  bəndini  rəhbər  tutaraq  və yuxarıda  göstərilənlərə, həmçinin səlahiyyətli komissiyanın  yekun  rəyinə, professor-müəllim  heyətinin  müraciətinə, Elmi Şura  üzvlərinin  müraciətlərinə, Tədris  işləri  üzrə  prorektor  və Tədris  şöbəsinin  müdirinin  təqdimatına, əmək  müqaviləsinə  xitam  verilməsi  barədə  HİK-in  razılığına, davamiyyət  jurnallarından  çıxarışlara, tələbələrin rektora təkrar  müraciətlərinə əsaslanaraq universitetin rektoru akademik Kamal Abdulla Vüsalə Ağabəylinin 0.5  ştat  üzrə baş müəllim vəzifəsində  saxlanılmaqla dekan vəzifəsindən azad olunması haqqında əmr imzalayıb.
V. Ağabəyli əmək  funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı ilə  müəyyən  edilmiş  öhdəliklərini  yerinə yetirməyib,   həmçinin əmək fəaliyyəti  zamanı  yol  verdiyi  kobud  səhvləri  nəticəsində pedaqoji  müəllim heyətinin və tələbə kollektivinin  qanuni mənafeyinə ciddi xələl gətirib, eləcə də  Azərbaycan  Dillər Universitetininin nüfuzuna  ziyan vurub.
Bütün bunları nəzərə alaraq bildirmək istəyirik ki, Vüsalə Ağabəylinin mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil.
Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik