Qalib ordunun könüllüləri geri dönür - FOTOLAR

Baxış sayı:
1134

Azərbaycanın haqq savaşında düşməni 44 gün ərzində məğlub edən rəşadətli Azərbaycan Ordusunun könüllüləri artıq evlərinə dönür. Qələbə ilə geri dönən könüllülər təmtəraqla qarşılanır.

“Report”un Cənub Mərkəzi Lənkərana qayıdan könüllü hərbçilərin qarşılanma mərasimində iştirak edib.

Evlərinə qayıdan əsgər və zabitlərimiz Azərbaycanın Dövlət Himninin sədaları altında qarşılanıblar. Mərasimdə “Ən böyük əsgər, bizim əsgər!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

Geri dönən hərbçilərimizin bir qismi könüllü olaraq döyüşlərə qatılanlar, digərləri isə qismən səfərbərlik çərçivəsində ordu sıralarına çağırılan ehtiyatda olan zabit və əsgərlərdir. Onların arasında sadə peşə sahibləri, ziyalısı, həkimi, mühəndisi də var.

Mərasimdə Azərbaycanın azadlığı, müstəqilliyi, torpaqların müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi anılıb. Daha sonra mərasim iştirakçıları canından keçən hərbçilərimizi anmaq üçün Şəhidlər Xiyabanını və Vətən Müharibəsində canından keçən şəhid lənkəranlıların məzarlarını ziyarət ediblər.