“Qalatasaray” Çempionlar Liqasının ilk ev oyununda məğlub olub

Baxış sayı:
364

Çempionlar Liqasında II tur start götürüb.

APA-nın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

A, B, C və D qruplarında mübarizə aparan komandalar ikinci matçlarına çıxıblar. Qonşu Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi “Qalatasaray” ilk ev oyununda qüvvəsini sınayıb.

A qrupunda mübarizə aparan İstanbul klubu PSJ-ni qəbul edib. Qonaqların aşkar üstünlüyü ilə keçən ilk 45 dəqiqədə qol vurulmayıb. Fasilədən sonra Mauro İkardi hesabı açıb. Bu qol matçın taleyini həll edib. Buraxılan topdan sonra fəallaşan “Qalatasaray” bərabərlik qolunu vura bilməyərək ilk məğlubiyyətini alıb.

Bu qrupun digər görüşündə “Real” “Brügge” ilə qarşılaşıb. İspaniya təmsilçisi məğlubiyyətdən çətinliklə xilas olub – 2:2.

B qrupunda “Bavariya” ikinci qələbəsini “Tottenhem”lə səfər matçında əldə edib. 9 qolun vurulduğu görüşdə Almaniya təmsilçisi rəqibini darmadağına məruz qoyub – 7:2. Serj Qnabri bu matçda poker müəllifi olub. “Srvena Zvezda” ilk qələbəsini “Olimpiakos”la qarşılaşmada qazanıb.

C qrupunda “Atalanta” “Şaxtyor”a da uduzub. “Mançester Siti” isə Zaqreb “Dinamo”su üzərində qələbə ilə liderliyi ələ keçirib.

D qrupunun hər iki görüşündə favoritlər qalib gəlib. “Yuventus” “Bayer”i üç, “Atletiko” “Lokomotiv”i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura oktyabrın 2-də keçiriləcək E, F, G və H qruplarının 8 oyunu ilə yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
II tur
1 oktyabr

A qrupu
20:55. “Real” (İspaniya) – “Brügge” (Belçika) – 2:2
Ramos, 55, Kazemiro, 85 – Dennis, 9, 39
23:00. “Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) – 0:1
İkardi, 52