Qadınlar və kişilər birgə NAMAZ QILA BİLƏR?

Baxış sayı:
9709

Namaz İslamın buyurduğu 5 şərtdən biridir. Namaz hər gün beş vaxtda Allahın hüzurunda dayanıb, rüku və səcdə ilə ibadət etməkdir. İslam qaydalarına görə, illərdir ki, qadınlar və kişilər ayrı-ayrı namaz qılır. Son dövrlərdə isə Avropa ölkələrində qadınlarla kişilərin birgə Namaz qılmasını müdafiə edən fikirlər səsləndirilir. Onlar qadın kişi bərabərliyinin qorunması üçün bu cür fikirləri müdafiə etdiklərini bildirirlər. Bəs, İslamda qadın və kişilərin birgə Namaz qıla bilməsi barədə hansı fikirlər var? Musavat.com məsələ ilə bağlı dini ekspert Kənan Rövşənoğlunun fikirlərini öyrənib. O, açıqlamasında deyib ki, sözügedən mövzu ilə bağlı Peyğəmbərdən (s.ə.s) hədislər var: “Bu qaydalar hədislərə əsasən müəyyən olunur. Ümumilikdə kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əgər məhrəm insanlardısa, yəni ər-arvad... Ana, qız və digər məhrəm kateqoriyasında olanlar rahatlıqla bir yerdə namaz qıla bilər. Ancaq naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda imam-camaat kişi olmalıdır. Və qadın kişinin arxasında dayanıb (təbii ki, ondan sonra kişi olmamalıdır.) namaz qıla bilər. Ancaq qadın imam-camaat ola bilməz. Əsasən məscidlərdə və ibadət ocaqlarında qadınlar kişi imama iqtida edir. Amma namaz qılanlar arasında pərdə örtük çəkilir. Son illərdə Avropada qadın və kişilərin birgə namaz qılmasını dəstəkləyən, hətta, kişilərə qadın imamların olmasını müdafiə edən cərəyanlar var. Almaniyanın paytaxtı Berlində bir neçə il əvvəl ilk belə bir məscid açıldı. Yəni fərqli yozumlar da var. Amma İslam mətnlərində daha çox qəbul olunan əsas fikir yuxarıda qeyd etdiyim kimidir”.