Qadın telinə sığal çəkəndə… - ŞEİRLƏR

Baxış sayı:
1951

Gedib çölün düzündə axtarıram mən səni,
Neyləyim ki, tapmıram öz içimdə, içimdə.
Heç əziyyət çəkmə sən, qəlbimin ortasında
ayağına salmışam iz içimdə, içimdə.
Yenə ağlım içəndə, məst olanda ayılır,
Mənim kimi adamlar dəlilərdən sayılır.
Gözlərimdən tökülüb üz-gözümə yayılır,
Daha sığmır köksümə söz içimdə, içimdə.
Ver intihar eyləyim tellərini astaca,
Qəbrim üstə əkərsən güllərini astaca.
İnanmırsan, toxundur əllərini astaca,
Parıldayır, alışır köz içimdə, içimdə.
Bəlkə başqa istəyə, arzulara çatarsan,
Bir gün məni ömürlük yaddaşından atarsan,
Nə vaxt qalsan kimsəsiz, qorxma gəlib yatarsan,
Yer də salmışam sənə düz içimdə, içimdə.

***

Xəyal qurmağa da can çəkişirsən,
Daha xəyalların dərdi də varmış.
Bir doğma insanın kədəri, dərdi,
Adama öz dərdin unutdurarmış.
Bir qadın telinə sığal çəkəndə,
Saçları tökülər, əlin ağrıyar.
Utanıb üz tutar ümidsiz yola,
Bir daha qayıtmaz yolun ağrıyar.
Yollara baxarsan pəncərələrdən,
Hərdən şüşəsinə yağış süzülər.
Bu yola nə qədər intizar düşər,
Neçə çarəsizdən baxış süzülər.
Gözü gözləməkdən çuxura düşər,
Qayıtmaz geriyə yubanan yollar.
Səni öz içində məhkum eyliyər,
Başqa məhkumlara sığınan yollar.

***

Onda yoxdu bəxt oğruyan oğrular,
Yalanlardan çox olurdu doğrular.
Nənəm gecə danışırdı nağıllar,
Babam da ki, səhərəcən susurdu.
Oyanırdım gün doğmamış səhərdən,
Boğazım da tutulmazdı qəhərdən.
Dərsdən gəlib qaranəfəs çəpərdən,
Qonşu qızın gizli-gizli pusurdum.
İzləyirdim saçlarını hörəndə,
Diksinirdim boz köpəyi hürəndə.
Mən o qızı sonuncu kəz görəndə,
Ağrıların boğazından asırdı.

***

Bundan sonra taleyimiz köç oldu,
Qurduğumuz xəyallar da puç oldu.
Ürəyimin ağrısına üç ildi,
Tab gətirə bilmirəm ki, bilmirəm.
Gecə-gecə dinlədiyim türkü də,
İmkan vermir bu dərd məni bərkidə.
Neçə vaxtı o qurumuş çirki də,
Köynəyimdən silmirəm ki, silmirəm.
Çıxıb gəlsən elə bu qış, bu fəsil,
Əlim, qolum havalanar beyqəfil.
Sən gedəndən pis düşürəm elə bil
şəkillərdə. Gülmürəm ki, gülmürəm.
Daha gülmür bu qəsəbə, bu şəhər,
Qucağında qalmayandan bir nəfər.
Deyinirəm, deyinirəm hər səhər,
Ta biryolluq ölmürəm ki, ölmürəm.
***
Bu payız da gəlmədin,
Yolda qoydun gözümü.
Elə çıxıb getdin ki,
Bitirməmiş sözümü.
Denən görüm necədir,
Hər gün mətbəx həyatı?
Vallah çox yorulmuşam,
Qınamaqdan saatı.
Günəş əvvəlki kimi,
Qürub etmir deyəsən.
Üşüyürəm yayda da,
Axı getdin niyə sən?
Hər gün fikirləşirəm,
Tör-töküntü otaqda.
Daha vermir rahatlıq,
Bezdirdiyim yataq da.
Qurumuş ağac kimi,
Donub əlim, qollarım.
Gözləri mənim kimi
yolda qalsın yolların.
Gəlib sevindir məni,
Vaxtın olanda hərdən.
Hər gün yıxılıram mən,
Daim tutduğum yerdən.
***
Əllərinə qurban olum,
Həsrət qoxur əllərin.
Görməyəli dəyişmisən,
Ağarıbdı tellərin.
Yenə əvvəlki kimi,
Ağrayır ayaqların?
Görüm zəhərə qalsın,
Qaragün uzaqları.
Pəncərəyə baxmaqdan,
Yoruldumu gözlərin?
Hər gün dua etməkdən,
Bezmədi ki, dizlərin?
Hər gecə dərd çəkməkdən,
Göynəyirmi ürəyin?
Saçlarını oxşamayan,
Boş-boş əsən küləyin...
Hər gün məktub yazmaqdan,
Küsmür ki, barmağın?
Yenə təsəlli yeridir,
Altı sənə torpağın?
Qurban olum, gələn payız,
Qayıdacam darıxma.
Yeməyinə diqqət elə,
Mən gələnə sınıxma.
 
Mərahim Nəsib