“Qaçqınlardan ibarət xüsusi qruplar hazırlayıb, partizan müharibəsi aparmalıyıq”

Baxış sayı:
3089

“Ermənistanla danışıqlar aparmağın mənası yoxdur”  
 
Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdəki görüntüləri yayılıb. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə necə qoşulub, “Yallı” getməsini bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar.
Qeyd edək ki, baş nazir Nikol Paşinyandan başqa, Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi də Şuşaya gəlib.

 
“Bu gün hamı, Azərbaycan əsgəri də, döyüş komandirləri də “zəncir gəmirir””
 
Ermənistan baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimdə yallı getməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”lə öz fikirlərini bölüşüb: “Ermənilər ruslarla bir gündə, yəni 9 mayda qələbə gününü qeyd etməsi və tədbirləri Şuşa şəhərinə salması ilə açıq surətdə Azərbyacana mesaj verirlər ki, bəli, müharibə olub, müharibədə qələbə çalmışıq, qələbənin nətiəcələrini də qeyd edirik. Eyni zamanda onu da nəzərə çatdırırlar ki, qan töküb torpaq almışıq, gücünüz çatarsa, siz bu torpaqları yalnız müharibə yolu ilə geriyə qaytarmalısınız. Açığını demək lazımdır ki, baş verən hadisələr ikrah doğurucu bir xəbərdir. Sözün həqiqi mənasında ovqatımızı tamamilə pozan bir hadisədir. Amma məsələnin bir tərəfi də odur ki, indi gücümüz, bu torpaqları geriyə qaytarmaq imkanımız ola-ola bunu həyata keçirə bilmirik. Bu gün hamımız, Azərbaycan əsgəri də, döyüş komandirləri də “zəncir gəmirir”. Amma açıq etiraf etmək lazım gəlir ki, Azərbaycan ordusunun hücumu qarşısında erməni əsgəri deyil, rusun bu ərazilərə səpələnmiş saysız-hesabsız bazaları və qüvvələri dayanır. Bu yaxınlarda ermənipərəst, rus Tarasov müsahibəsində bildirdi ki,  əgər bölgədə müəyyən tarazlığa  riayət edilməsə, rus tankları Araz  çayına qədər gedib çata bilər. Bunu ilk dəfə Tarasov belə açıqlığı ilə deyir. Amma biz çox gözəl bilirik ki, bölgədə müharibənin baş verməsinə əsas maneə Rusiyadır. Bəzən hətta Rusiya çaşıb ermənilərə deyir ki, “o torpaqlar sizin torpaqlar deyil, bizim torpaqlardır, biz  işğal etmişik və bizim də nəzarətimiz altındadır. Biz necə istəsək, o cür də həll olunacaq”. Bu nöqteyi-nəzərdən vəziyət çox ağırdır. Ermənilərin Şuşada gəlib kef eləyib, bayram şənliyi keçirməsinin arxasında da rusların onlara verdiyi təminat durur. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün ərazi bütövlüyünün təmin edilməsi məsələsi hələ ki, ciddi problem olaraq qalacaq”.
 
“Azərbaycan dövləti lokal mühariblər yolu ilə işğal edilmiş ərazilərimizin azad edilməsi üçün yavaş-yavaş irəliləyə bilər”
 
Q.Hüseynli vurğuladı ki, Ermənistanla danışıqlar aparmağın mənası yoxdur: “Ermənistanda təkcə siyasilər yox, hətta orta və aşağı səviyyəli insanlar da milliyyətçilik azarına tutulub və onlarla danışıq aparmağın heç bir mənası yoxdur. Sadəcə olaraq ermənilər güc görməlidirlər. Ermənilər görməlidirlər ki, onların qarşısında duran dövlət itirdiyi torpaqların itirilməsi ilə barışmayacaq. Bu yolda müxtəlif taktiki veriantlara əl atmaq lazımdır. Uzun müddətdir ki, bir neçə şəxsin dilindən partizan müharibəsi kəlməsi səsləndirilib. Ruslar özü ikinci dünya müharibəsində, elə birinci dünya müharibəsinin özündə xalqlar öz suverenleyini və ərazi bütövlüyünü qorumaq üçün partizan müharibəsindən istifadə ediblər və buna görə də kimsə kimsəni günahlandırmayıb. Buna uyğun olaraq dövlət təxribat qrupları da təşkil edib və onun partizan döyüşçülərin gözünə qatıb.  Əlbəttə ki, bu məsələlər idarə edilir. Hələ ki, tam döyüşlər həyata keçirmək üçün imkanlar yoxdur, amma həmin yerlərdən qaçqın düşmüş adamların içərisində çoxlu partizan müharibəsi həvəsində olan adamlar var və Azərbaycan dövləti özünün sıravi döyüş qüvvələrinin içərisində xüsusi təyinatlı təxribat qrupları da hazırlayıb, lokal mühariblər yolu ilə işğal edilmiş ərazilərimizin azad edilməsi üçün yavaş-yavaş irəliləyə bilər. Bu, sadəcə olaraq bir təklifdir. Amma hər halda bunun vasitəsilə ən azından ermənilərin gəlib Şuşada bayram etməsinə imkan vermərik və yaxud ermənilərin Xankəndinə rahat təyyarə uçuşlarının qarşısını ala bilərik.  Bu məsələni hərbi strateqlər daha yaxşı bilərlər. Mənə belə gəlir ki, bizə əgər nizami müharibəyə icazə vermirlərsə, əhalinin içərisində olan insanlarla partizan müharibəsinə başlamalıyıq. Məsələn, kəlbəcərlilər öz topağını geri qaytarmaq istəyir. Mənim zənnimcə, kəlbəcərlilərin içərsində  yetərincə partizan müharibəsinə hazır olan insanlar var ki, Murov dağlarından min cür çığırları aşaraq Kəlbəcərə keçməyə hazırdırlar. Eyni şeyləri digər qaçqınlar haqqında da demək olar. Bu müharibənin hazırlanıb həyata keçirilməsinin taktiki variantları üzərində fikirləşməyə dəyər”.
 
“Bizim bu ərazilərdə partizan müharibəsi aparmaq üçün hər cür haqqımız var”
 
“Bəs, niyə bu məsələdə ortaya siyasi iradə qoyulmur” sualına Q. Hüseynli belə cavab verdi: “Mən də bir az təəccüblənirəm. Partizan müharibəsi həmişə nizami döyüş aparan orduya çox böyük yardım edib və düşmənə arxadan çox böyük zərbələr vurub. Düşmən ərazilərimizdədir. Bizim bu ərazilərdə partizan müharibəsi aparmaq üçün hər cür haqqımız var. Siyasi iradə də bu məsələnin daha dəqiq,  idarə edilən bir şəkildə hazırlanıb həyata keçirilməsinə yardım göstərməlidir”.
 
“Rusiya işə qatışmasa, Azərbaycan öz ərazilərində anti-terror tədbirləri keçirərək ərazimizin bütövlüyünü təmin edər”
 
“Deyirsiniz ki, Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Bu məsələdə Rusiya ilə danışıqlar nəticə verə bilərmi” sualına gəlincə isə Q. Hüseynli belə söylədi: “Rusiya zəifləyə-zəifləyə gedir və getdikcə də maddi məsrəfləri artır. Yəni ona pul lazım olduğu aydın görünür. Bəlkə boğazımızdan kəsək, çörəyimizin yarı hissəsini verək, müəyyən bir məbləğlə Rusiya ilə danışıqlar aparıb, işğal edilmiş torpaqlarımızı qaytarmaq üçün açıq danışıqlar aparsaq, ola bilər nəticə versin. Amma inanmıram ki, belə cəhdlər olmayıb. Belə cəhdlər olubdur, amma belə cəhdlər sürəkli və tələbkar olmalıdır. Rusiyanın proseslərə qatışmamasını heç olmasa təmin etmək lazımdır. Rusiya işə qatışmasa, Azərbaycan öz torpaqlarında anti-terror tədbirləri keçirərək ərazimizin bütövlüyünü təmin edər. Ən azı Rusiyanın neytrallığını təmin etmək üçün müəyyən məsələlər çərçivəsində onunla razılaşmağa çalışmalıyıq”.
 
“Türkiyə Dağlıq Qarabağ məsələsində bizə daha böyük dəstək versə, çox yaxşı olardı”
 
“Rusiyanın neytrallığını təmin etmək üçün Türkiyənin bir təsir qüvvəsi yoxdurmu? Niyə bu məsələdə Türkiyə bir addım atmır” sualını isə Q. Hüseynli belə cavablandırdı: “Türkiyə Azərbaycanın yaxın müttəfiqidir, dostudur. Amma bu saat onun başı Fələstin probleminə qarışıb.  Halbuki, 1-2 gün əvvəl Fələstin rəhbəri Mahmud Abbas lap sarsaqladı. Ondan əvvəl də Yasir Ərəfat sarsaqlamışdı. Ermənilərə dəstək üçün Dağlıq Qarabağa fələstinliləri göndərmişdi. İndi isə Mahmud Abbas baltanı kökündən vuraraq ermənilərin azərbaycanlılar üzərində qələbəsini və bütün Azərbaycan torpaqlarını işğal etməsini arzu  etdiyini bildirib. Fələstinin burada səfiri var, onu iti qovan kimi buradan qovmaq lazımdır. Biz neçə dəfə Fələstinə humanitar yardım göndərmişik. Bu humanitar yardımı dayandırmaq lazımdır. Ərdoğanla da bu istiqamətdə söhbət eləyib, başa salmaq lazımdır ki, arvadın ərəbdir, olsun, fələstinli deyil ki, xaç müharibələri dövründə Avropadan gələn xaç yürüşlərinin iştiraçılarının ərəb qadınlarından olan törəmələridir, metisdirlər, onları nə ərəb, nə də avropalı hesab etmək olar. Ona görə, onu bu sevdadan vaz keçirtməyə çalışmaq lazımdır. O,  diqqətini Qarabağa yönəltsə, daha yaxşı olar. Fələstinlə məşğul olanlar çoxdur. Onsuz da Fələstinlə bağlı məsələdə Türkiyəni eşidən yoxdur, amma Dağlıq Qarabağ məsələsində bizə daha böyük dəstək versə, çox yaxşı olardı. Doğrudur, müəyyən dəstəklər verir. Bu yaxınlarda Azərbaycan ordusu Türkiyə ilə  birgə hərbi təlim keçdi, amma Rusiyanı neytrallaşdırmaq üçün bizim ciddi dəstəyə ehtiyacımız var”.
 
“Bayquşların yallı çəkməsi sözün həqiqi mənasında ürəkağrıdıcıdır”
 
Q. Hüseynli əlavə etdi ki, XİN bu bəyanatı verməliydi: “Bəyanatın məzmununda nəsə çatışıb, çatışmaya da bilər. Amma əsas məsələ Azərbaycan dövlətinin ermənilərin bu həyasız addımlarına münasibət bildirməsidir. Qarabağ xanlığının mərkəzi olan Şuşada bayquşların yallı çəkməsi sözün həqiqi mənasında ürəkağrıdıcıdır və bu məsələ siyasilərdən tutumuş sıravi vətəndaşlarımıza kimi hamımızı daima düşündürməlidir”.
 
Hurriyyet.org