““Qaçqınkom”da mənə deyirlər ki, mitinqə çıx, etirazını bildir” - MƏCBURİ KÖÇKÜN

Baxış sayı:
23920

Bakı şəhəri, Abşeron rayonu, 27-ci məhəllə, bina 2b, mənzil 35 ünvanında məskunlaşan Kəlbəcər qaçqını, Qarabağ müharibəsi iştirakçısı İlyasov Nəcməddin Əli oğlunun“Hürriyyət”ə ünvanladığı məktubda deyilir: “Mən İlyasov Nəcməddin Əli oğlu, 1965-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. 1984-cü ildə Bakı qeydiyyatı ilə sovet ordusu sıralarında Kuril adalarına hərbi xidmətə getmişəm, xidmətimi başa vurduqdan sonra isə orada qalıb işləmişəm. 1991-ci ildə Vətənin çağırışı ilə (O zaman televiziyada yayımlanan “Vətən oğulları, haradasınız?” adlı verilişdə səslənən çağırışa hay verərək) oradan qayıdıb, könüllü olaraq Qarabağ uğrunda döyüşməyə yollanmışam. “Ölümə belə cibimin pulu ilə getmişəm” Ölümə belə cibimin pulu ilə getmişəm. Rusiyadan gəldiyim üçün məni Kəlbəcərə buraxmırdılar. Pul verib xahiş etdim ki, müharibədə iştirak etməyimə icazə versinlər. Məsələ bundadır ki, o vaxt evimizə bir çağırış vərəqəsi gəlmişdi. Atama bildirmişdilər ki, oğullarından biri müharibədə iştirak etməlidir. Qardaşlar arasında tək mən subay idim, həm də hərbi hissədə xidmət edən yeganə oğul da mən idim. Odur ki, müharibəyə də könüllü olaraq mən getdim. 1il 9 ay müharibədə oldum, yaralanmasam da, dəfələrlə kontuziya aldım. Kəlbəcərdə, 712 saylı batalyonda döyüşmüşəm. Sonra 712-ci batalyonun tərkibi 701-ci batalyona köçürüldü, mən də həmin batalyonda döyüşməli oldum, batalyon komandirimiz Balay Nəsibov idi. Onu da deyim ki, müharibədə olduğum müddətdə hər zaman üzərimdə fotokamera gəzdirmişəm. Döyüş yoldaşlarımla çoxlu sayda fotolarım var. Lazım gəlsə, onları da müharibədə olduğuma sübut kimi aidiyyati qurumlara təqdim edə bilərəm. Kəlbəcər alınandan sonra sonuncu dəfə 1993-cü ilin 28 dekabrında hərbi əməliyyatda iştirak etmək üçün Gəncə batalyonunun tərkibində Daşkəsənin Səbətkeçməz kəndindən Kəlbəcərə keçmişik. Döyüşdən qayıdandan sonra isə Rusiyaya yollandım. Bir müddət orada qaldım, evləndim, 1996-cı ildə isə ailəmlə birgə Azərbaycana qayıtdım. “Uzun müddət ailəmlə birgə zirzəmidə, şəraitsiz, rütubətli, üfunət qoxuyan zirzəmidə yaşamışam” O zaman Mingəçevirdə qaçqın və məcburi köçkünlər dəmir evlərlə təmin edilmişdilər. 1996-1997-ci illərdə valideynlərim və ailəmlə birgə həmin dəmir evlərdən birində yaşadım. Sonra iş tapmaq üçün ailəmi də götürüb Bakıya üz tutdum. Burada isə ömrümüz kirayələrdə keçdi. Uzun müddət ailəmlə birgə zirzəmidə, şəraitsiz, rütubətli, üfunət qoxuyan zirzəmidə yaşamışam. Bu illər ərzində aidiyyati qurumlara dəfələrlə müraciət etsəm də, nə qaçqın, nə də müharibə veteranı kimi sözümü eşidən, dərdimə əlac edən tapılmayıb. Nə qədər ki, sağlamlığım yol verirdi, iş vardı, işləyib birtəhər ailəmi dolandırırdım. Amma 2014-cü ildə belimdən əməliyyat olundum, qismən iş qabiliyyətimi itirdim, bununla belə, yenə də işləməyə hazıram, sadəcə iş yoxdur. Heç kəs məni müqavilə ilə işə götürmək istəmir. Deyirlər, gəl işlə, imkan olanda hissə-hissə pulunu ödəyərik. Bu isə mənə əl vermir. Çünki dəfələrlə olub ki, aylarla işlədib pulumu verməyiblər, sonu dava ilə bitib. Kontuziyalı olduğumdan əsəblərim yerində deyil, tez özümdən çıxıram, bu da qarşı tərəfə məni polislə hədələməyə imkan verir. Odur ki, 2017-ci ildən faktiki işsizəm, kirayə haqqını güc-bəla ilə ödəyirəm. Həyat yoldaşım da işləmir, çünki ürəyində anadangəlmə qüsur var. İki qız atasıyam. Hər iki qızım təhsillidir, amma ixtisaslarına uyğun iş tapa bilmədiklərinə görə bir neçə aydır ki, ailəyə az da olsa qazanc gətirmək üçün hər ikisi dükana satıcı düzəlib. “Deyirəm ki, “Hürriyyət” qəzetinə sizdən şikayət edəcəyəm, deyir, hara istəyirsən get...” Uzun müddət zirzəmidə qaldıqdan sonra xeyirxah insanlar bizim üçün indi yaşadığımız mənzili tapdılar, xeyli vaxtdır orada ayı 200 manatdan kirayə qalırıq. Sağ olsun ev yiyəsi, mənzilin kommunal xərclərini özü ödəyir, bizə hər mənada güzəşt edir. Amma bu yaxınlarda ağır xəstəliyə düçar olduğunu öyrənib, müalicə üçün ona külli miqdarda pul lazımdır, odur ki, yaşadığımız evi satışa çıxarmağa məcbur olub. Biz də çarəsiz durumda qalmışıq. Dövlət mənə qaçqın kimi hər ay 40 manat məbləğində müavinət verir (25 illik qaçqın həyatımda dövlətin mənə verdiyi tək bu 40 manat olub), qızlarım isə qaçqın statusları olduğu halda, heç bu pulu da ala bilmirlər. 2017-ci ilə qədər ailədə üç nəfər qaçqın olduğuna görə (həyat yoldaşım Yevlaxda anadan olub deyə, ona qaçqınlıq statusu düşmür) hər ay 120 manat alırdıq. Bu məbləğ kommunal xidmətlərin ödənilməsi üçün nəzərdə tutulmuşdu. Kart sisteminə keçəndən sonra isə qızlarımın aylıq müavinəti kəsildi. Səbəbini soruşanda, sadəcə “onlara müavinət düşmür”,-cavabını alıram. Ölkə başçısının göstərişi ilə qaçqın və məcburi köçkünlər üçün binalar inşa edilir, şəhərciklər salınır, minlərlə qaçqın yaşayış mənzilləri ilə təmin edilir, amma bizim ailə nədənsə hələ də evsiz-eşiksizdir. Aidiyyati qurumlara müraciət edəndə bizə deyirlər ki, bu mərhələdə yataqxanalarda qalan qaçqınları və məcburi köçkünləri evlə təmin edirik, kirayədə qalanlar üçün isə mənzilimiz yoxdur. Buna görə də sizin məktubunuzu Abşeron İcra Hakimiyyətinə yönləndiririk, sizi həmin qurum evlə təmin edəcək. Amma Abşeron rayonunun icra hakimi məni qəbul etmir, icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rəşad Qubatov mənə məhkəməyə müraciət etməyi məsləhət görür, kimi məhkəməyə verməli olduğumu isə demir. Ona deyirəm ki, heç olmazsa, mənə 1 sot torpaq verin, ailəm üçün ev tikim, ya da yataqxanada 1 otaq ayırın, deyir ki, Abşeron rayonunun mənzil fondunda boş ev yoxdur. Halbuki, hazırda kirayə qaldığımız binanın arxasında dövlətə məxsus torpaqlar qanunsuz olaraq zəbt edilib. Sənədsiz evlər tikilərək kirayəyə verilib. Bütün ərazi çəpərlənib. Binanın arxasına keçmək mümkün deyil. Rəşad Qubatovsa mənə deyir, get yataqxanada boş otaq tap, ailənlə yığış ora, biz köməklik edərik ki, sizi oradan çıxarmasınlar. Deyirəm ki, “Hürriyyət” qəzetinə sizdən şikayət edəcəyəm, deyir, hara istəyirsən get, istəyirsən, lap “Azadlıq” qəzetinə şikayət et. ““Qaçqınkom”da mənə deyirlər ki, mitinqə çıx, etirazını bildir” Abşeron Rayonu Milli Təhlükəsizlik Xidmətinə də müraciət etmişəm. Onlara bildirmişəm ki, sabah məcbur olub intihar körpüsünə qalxsam, yaxud xarici səfirliklərə müraciət etsəm, məni vətənə xəyanətdə suçlamayın. Məni bu vəziyyətə çatdırıblar. Mənim şikayətim “Qaçqınkom”dan və Abşeron Rayon İcra Hakimiyyətindəndir. Onlar məni eşitmirlər, hüquqlarımı pozurlar, mənimlə ikili oyun oynayırlar. Abşeron Rayonu Milli Təhlükəsizlik Xidmətində məni dinləyib kömək edəcəklərinə söz veriblər, amma aylar keçsə də, heç bir nəticə yoxdur. Dövlət “Qaçqınkom”da mənə deyirlər ki, (komitənin əməkdaşı Sənan Hüseynov deyib bu sözləri) get hara şikayət edirsən, et, çıx mitinqə, sözünü de, etirazını bildir. “Mənim iki min manatım olsa, elə normal bir mənzil kirayələyib ailəmi içinə köçürərəm ” Aidiyyati dövlət qurumları məni top kimi bir-birinə çiləyir, qapı-qapı gəzməkdən yorulmuşam, amma ortada heç bir nəticə yoxdur. Qarabağ müharibəsi veteranı statusu almaq üçün dəfələrlə Azərbaycan respublikası hərbi komissarlığına müraciət etmişəm. Hər dəfə də eyni cavabı alıram: “Kəlbəcərdən arxiv gəlməyib, arxiv yoxdur, arxivdə sizin haqqınızda heç bir məlumat tapa bilmirik”. Onlara bildirirəm ki, hərbi kitabçamdakı möhür döyüş bölgəsində olduğumu sübut edən ən kəsərli sənəddir. Arxiv nəyə lazımdır ki? Onu da qeyd edirəm ki, 1 il 9 ay döyüşsəm də möhürdə 1 il qeyd edilib. Çünki döyüşlərə qatılmağımın 1 ili tamam olanda 712-ci batalyon dağıldı və bizi 701-ci batalyona köçürdülər. Bir neçə aydan sonra isə qaçqınlıq düşdü, ara qarışıb məzhəb itdi, möhür vurmaq da yaddan çıxdı. Amma dediyim müddətdə müharibədə olduğumu həm döyüş yoldaşlarım, həm də keçmiş komandirim təsdiq edə bilər. Sözügedən möhürü hərbi biletimə vuran adam, o zaman bizim alay komandirimiz idi, vurduğu möhür isə olduğumuz hərbi hissəyə məxsusdur. Həmin şəxs hazırda Xırdalanda yaşayır, o da döyüşdüyümü təsdiq edə bilər. Amma söylədiklərim qarşı tərəfi razı salmır, deyirlər, bizə döyüşdüyünü təsdiq edən beş şahid göstər. Cavab verirəm ki, istəsəniz, lap 15 nəfər şahidlə gələrəm qəbulunuza. Onda da cavab verirlər ki, şahid də problemi həll etməyəcək, 2 min manat rüşvət ver, statusunu al. Mənim iki min manatım olsa, elə normal bir mənzil kirayələyib ailəmi içinə köçürərəm. “Cənab Prezident, Sizdən bu ədalətsizliyə son qoymağı xahiş edirəm...” İnanın, ailəmin üzünə baxa bilmirəm. 20 yaşlı qızım mənə deyir ki, ata, sən bu ölkə uğrunda canından keçməyə hazırsan, müharibədə sağlamlığını itirmisən, bəs niyə bu ölkədə sənə heç bir dəyər verilmir? Onun sualına cavab tapa bilmirəm, için-için qovruluram. İki ərgən qızım var, sabah-birisigün onlara elçi düşsələr, elçiləri harada qarşılayacağam, qızlarımı hansı evdən gəlin köçürəcəyəm? Bu suallar mənə rahatlıq vermir, qəlbimi parçalayır. Razıyam, mənə heç nə verməsinlər, sadəcə desinlər ki, get, Kəlbəcərdə qalan ev-eşiyini yağı düşməndən azad et, günü bu gün gedərəm, dağlarda partizanlıq edərəm, özümə güvənirəm, təcrübəli hərbçiyəm. Mən hər an vətənimin müdafiəsinə qalxmağa hazıram. “Hürriyyət” qəzeti vasitəsilə Cənab Prezidentə müraciət edirəm. Ondan hüquqlarımın bərpa olunmasında mənə yardımçı olmağını xahiş edirəm. Torpaqlarımızın bütövlüyü uğrunda iki ilə yaxın ön cəbhədə döyüşməyimə baxmayaraq, bu günədək müharibə veteranı vəsiqəsini ala bilməmişəm. 25 ildir Kəlbəcərdən qaçqın düşsəm də, bu günədək evsiz-eşiksizəm, heç bir aidiyyati dövlət qurumu məni dinləmək istəmir, ailəmlə, iş qabiliyyəti olmayan həyat yoldaşımla qapılarda qalmışıq. Cənab Prezident, Sizdən bu ədalətsizliyə son qoymağı xahiş edirəm. Əks təqdirdə intihar körpüsünə qalxmaqdan savayı çarəm qalmayacaq”. Hazırladı: İnci Türkel, Hurriyyet.org Redaksiyadan: Mövzunu davam etdirəcəyik.