“PUTİNİN ÜZƏRİNƏ YABA İLƏ GƏLMƏSİNLƏR...” – Yeni iqtisadi blokun qarşısında duran əsas vəzifə

Baxış sayı:
3070

Rusiyadakı hökumət dəyişikliyindən sonra hansı yeniliklərin baş verəcəyi maraqla izlənilir.

Əksər analitiklərin fikrinə görə, Vladimir Putinin iqtisadiyyatla bağlı indiki konsepsiyası da elə əvvəlki kimi öz yerində qalacaq. O, fundamental islahatlar aparmaq niyyətində deyil, çünki bu iş olduqca ağırdır və həm də yüksək biliyə malik peşəkar komanda tələb edir. Digər yandan isə dərin iqtisadi islahatlar siyasi sistemdə köklü dəyişikliklərə gətirib çıxara bilər. Bu isə qətiyyən arzuolunmazdır.

Kreml rəhbərliyi hər şeyin öncəki kimi rəvan getməsini istəyir. Hazırda Rusiyanın siyasi sistemi bir nəfərin üzərində cəmləşdirilib. Bunun yaxşı və ya pis olması ayrı bir məsələ, lakin hər necə olsa da, Rusiyadakı mövcud sistemin dayanıqlığı iqtisadiyyatın hansı vəziyyətdə olmasından çox asılıdır. Ona görə də, gələcək illərdə hazırkı iqtisadi vəziyyətin qorunub saxlanılmasına çalışılacaq. Çünki Vladimir Putinin siyasi məqsədlərinin çalxantısız və sakit tərzdə həyata keçirilməsi üçün iqtisadi böyüməyə yox, büdcənin sabit qalmasına ehtiyac var. Bəli, bundan sonrakı bütün dəyişikliklər məhz bu meyara uyğunlaşdırılacaq. Deməli, bu yolda Rusiyanın yeni hökumətinin qarşısına qoyulan tapşırıqlar ölkə iqtisadiyyatının Kremlin siyasi maraqlarına yaxşı xidmət göstərməsini təmin etməkdən ibarət olacaq.

Sözügedən mövzuyla əlaqədar “Carnegie Moscow Center”-in saytında “Kosıgin rəqəmsallaşdırması. Yeni hökumətin iqtisadi bloku nəylə məşğul olacaq” başlıqlı məqalə dərc edilib. Həmin məqalədə deyilir: “Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi Rusiyanın yeni hökuməti geniş müzakirə obyektinə çevrilib və hətta ordakı hansısa mühüm yenilənmələr barəsində də danışılır. Lakin əslində iqtisadiyyatla bağlı ciddi yenilənmə yoxdur. Baxın, Rusiya iqtisadiyyatında vacib rolu olan Maliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərləri öz əvvəlki postlarında oturublar. Baş verən dəyişikliklər əyani şəkildə hələ Stalin vaxtından Rusiya isteblişmentinin yüksək mərtəbələrində kadrların necə seçilməsi prinsipini göstərir.

elə söyləyirlər ki, guya Stalin deyibmiş: “Düşmən atəşi altında Dnepri üzərkən batan əsgər pis əsgərdir və o, Qızıl Orduya yaramır”. Gördüyünüz kimi, yanaşma sadə və aydındır. Vakant yerlərə bilərəkdən təsadüfi adam təyin edirlər. Sözsüz ki, öncəki karyera böyük əhəmiyyət daşıyır. Deməli, sonradan isə yeni təyin olunmuş adamın öz yeni vəzifəsinin öhdəsindən necə gəlməsi müşahidə edilir. Əgər qərarların qəbulu nöqteyi-nəzərindən hər şey yaxşı gedirsə, onda həmin şəxs öz postunda qalır. Yox, əgər, işlər yolunda getmirsə, təyin olunmuş adam vəzifəsindən götürülür.

Başqa yandan, əgər məmur öz yerində nə qədər çox qalarsa, onda onun mövqeyi daha da möhkəmlənir. Təbii ki, bu, məmurun mühüm problemlərin öhdəsindən necə gəlməsindən asılıdır. Ümumiyyətlə, mühüm problemlərin uğurla həlli faktı başlıca kriteriyadır.

Bu məntiq çərçivəsində indiki yerdəyişmələr monetar blokun böyük hissəsindən -Maliyyə Nazirliyi və Mərkəzi Bankdan yan keçdi (Amma İqtisadi İnkişaf Nazirliyindən yox). Sözügedən hər iki müəssisə, federal büdcənin aşağı kəsirdə qalması məsələsində mühüm rol oynayıblar. Uzun müddətdir ki, hər iki struktur qarşılarındakı tapşırığın öhdəsindən gəlir.

Dövlət başçısının büdcə kəsirinə xüsusi diqqət ayırmasının səbəbi aydındır. Boris Yeltsinin vəzifədən getməsi və elə onun yerinə Vladimir Putinin gəlməsi, 1998-ci ildəki maliyyə iflasının nəticəsi idi. Əgər məsələnin dərinliyinə getsək, onda tam aydın olar ki, həmin iflas yüksək büdcə kəsiriylə bağlıydı.

İndiki Rusiya rəhbərliyinin keçmişdən çıxardığı başlıca dərs bəllidir. Necə olursa-olsun, federal büdcə kəsiri, şərti təhlükəsizlik səviyyəsi olan 3% sərhəddini aşmamalıdır, profist isə, əlbəttə ki, ideal olardı. Valyuta ehtiyatının toplanması isə çox vacib məsələdir. Belə ki, məhz valyuta ehtiyatı 2008 və 2014-2015-ci illərdə Rusiyanı xilas edərək, öz faydalılığını əyani göstərdi. Maraqlıdır ki, “sabitləşdirici fond” konsepsiyası irəli sürüləndə o zamankı maliyyə naziri İqor Kudrini çox adam tənqid edirdi. Lakin 2008-ci il böhranı sübut etdi ki, valyuta ehtiyatının yığılması praktik baxımdan necə xeyirlidir.

Federal büdcənin sabit saxlanması əhəmiyyətli taktikadır. Əks təqdirdə büdcə kəsiri mahiyyət etibarıyla dövlətin öz öhdəliklərini yerinə yetirə bilməməsi deməkdir. Buradakı ən həssas məsələ - pensiyaların, müavinətlərin, büdcə təşkilatlarının və güc strukturlarının məvaciblərinin verilməsidir. Çünki bu çox təhlükəlidir. Ən ağıllı iş, vəziyyəti kritik hala gətirməməkdir. Ona gərə də büdcənin balanslaşdırılmasında koordinasiyalı işləyən Maliyyə Naziriliyi və Mərkəzi Bank rəhbərlərinin vəzifələrindən uzaqlaşdırılmasına ciddi əsas olmayıb.

Amma İqtisadi İnkişaf nazirinin seçilməsi elə də mühüm deyil. Onun dəyişdirilməsi böyük risklər daşımır. Rusiya iqtisadiyyatının uzun müddətdir ki, dayanıqlı staqnasiyada olmasına baxmayaraq, üç məsələdə - ticarət balansında, mövcud hesab əməliyyatlarında və federal büdcədə profist saxlanılır. Şübhəsiz ki, belə vəziyyət Rusiya iqtisadiyyatını dayanıqlı edir. Düzdür, iqtisadi böyümə arzu olunandır, ancaq indiki reallıqda, yəni hakimiyyət sisteminin dayanıqlığı baxımdan bu, son dərəcə vacib deyil. Elə çox aşağı iqtisadi böyümə ilə də vəziyyəti sabit saxlamaq mümkündür. SSRİ-nin son dövrləri buna əyani nümunədir. Büdcənin sabit və dayanıqlı vəziyyətdə qalması iqtisadi böyümədən daha vacibdir. Elə bu səbəbdən də İqtisadi İnkişaf nazirinin namizədliyi ilə eksperiment aparmaq olar. Onun yaxşı işləməsi sayəsində böyümə sürətlənə bilər, uğursuzluq olduğu təqdirdə isə dəhşətli bir şey baş verməyəcək.

Yeni iqtisadi blokdan yalnız bir şey tələb olunur - narazılığın dərəcəsini elə təhlükəsiz səviyyəyə salmaq lazımdır ki, hakimiyyətin üstünə “yaba ilə gəlməsinlər”. Bunun üçün əhalinin ən aşağı gəlirli hissəsinin həyat səviyyəsinin 10-20% qaldırılması gərəkdir. Hərçənd bu, çox baha başa gəlməsə də, ancaq texniki baxımdan sadə deyil. Çünki Rusiyada həqiqətən də kimin kasıb olmasını obyektiv şəkildə və düzgün müəyyənləşdirmə sistemi yoxdur. Amma indiki baş nazirin təcrübəsi və Rusiya Maliyyə Vergi Sisteminin rəqəmsallaşdırılmış uğurları müəyyən sahələrdə daha tez tərəqqi əldə olunmasına imkan verir.

Ümumiyətlə, Rusiya iqtisadiyyatının yüksək səviyyədə dövlətləşdirilməsinin çatışmamazlığıyla yanaşı, həm də müsbət tərəfi də var. Bu, heç də pis olmayan idaretmə üsuludur.

İnformasiya texnologiyasını anlayan texnokratların hökumətdə yer tutması idarəetmənin keyfiyyətinin yüksəldilməsinə yaxşı şans və eyni zamanda Rusiya iqtisadiyyatının səmərəliliyinin qalxmasına imkan verə bilər. Böyük sıçrayışlar gözləməyə heç bir əsas yoxdur, lakin mötədil böyümə tamamilə mümkündür. Öz miqyasına görə bu, 1965-1970-ci illərdə Aleksey Kosıgin tərəfindən həyata keçirilmiş islahatlara uyğun gələ bilər.

Bunun baş verməsi texnokrat hökumətin öz yerində nə qədər uzun müddətə qalacağından və həmçinin də xarici şok təsirlərdən - ixrac məhsullarından əldə edilən gəlirlərin azalmasından asılı olacaq. Xarici şok təsirlərin büdcəni “yaşamaq uğrunda mübarizəyə” məcbur etdiyi bir vaxtda, iqtisadi böyümə məfhumu birdəfəlik unudulacaq. Bəli, belə olan təqdirdə heç bir texnokratiya və rəqəmsallaşdırma köməyə gələ bilməyəcək”.

Hazırladı: Vaqif NƏSİBOV 

AzPolitika.info