Putinin reytinqi sürətlə düşür - CADUGƏRLƏR ONA NƏ EDİB?

Baxış sayı:
2167

13-19 may tarixlərində keçirilmiş Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin  sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə etimad reytinqi həftə ərzində 31,7% -ə enib. Bu, 2006-cı ildən bəri Putinlə bağlı  ən aşağı reytinqdir.

2018-ci ilin may ayında bu göstərici 47,4% təşkil edib. Prezidentin reytinqi 2018-ci ilin ortalarından etibarən- ölkədə pensiya ilə bağlı elan edilən qərardan sonra düşməyə başlayıb. Dövlət başçısının  bu ilin fevralında Federal Məclisə müraciəti də onun reytinqini düşməkdən xilas etməyib. Vladimir Putinə etimad reytinqinin maksimum göstəricisi 2015-ci ilin martında 65 faiz olub, bu isə o deməkdir ki, o vaxtdan bəri Rusiya prezidentinə etimad göstərən rusiyalıların sayı təxminən iki dəfə azalıb.

Rusiya mediası yazır ki, fevral ayında hətta cadugərlər Putinin reytinqinə kömək etmək işinə girişiblər. Prezidentin bu üsulla dəstəklənməsi və düşmənlərinə lənət göndərməsi belə onun reytinqə təsir etməyib.

Buna baxmayaraq, ruslar hələ də Putinə başqa siyasətçilərdən daha çox güvənirlər. Rusiya müdafiə naziri Sergey Şoyqu reytinqə görə (14,8%) ikincidir, xarici işlər naziri Sergey Lavrov isə üçüncü yerdədir (13%). Baş nazir Dmitri Medvedyev isə  (7,6%) beşinci yerdədir. Bu, RLDP lideri Vladimir Jirinovskidən (8,8%) də pis nəticədir.

Dmitri Medvedyevin  hökumətinə də etimad azdır.  Respondentlərin 23.4% faizi ona hökumətin vacib məsələlərini həll etmək üçün etibar etmədiyini deyib.

Rusiyalı  ekspertlər Rusiya prezidentinin reytinqinin enməsini müxtəlif səbəblərlə izah edirlər. Bəzi ekspertlər səbəb kimi  camaatın prezidentdən bezməsində görür. 2018-ci ilin martında keçirilən prezident seçkiləri ərəfəsində seçicilər Putinə alternativ görmürdülər. Getdikcə isə vəziyyət pisləşir, həyat yaxşılaşmır, xarici siyasətdə bütün cızıqlar keçilib, insanlarda inkişafa inam daha yoxdur, bədbinlik güclənib və sair...

Şöyqunun ikinciliyinə gəlincə, Rusiya hökumətində hamıdan çox işləyən şəxslərdən olan müdafiə nazirini Putinin varisi ola biləcəyi deyilir.  Şoyqunun rəhbərlik etdiyi Rusiya silahlı qüvvələri Putinin xarici siyasətinin əsas elementinə çevrilib.

Putindən 3 yaş cavan olan Şoyqu Rusiya hökumətində ən çox işləyənlərdəndir. Onun hakimiyyət strukturlarına gəlişi hələ 1990-cı ildə, SSRİ-nin dağılmasından əvvəl baş verib.

Bundan başqa, vurğulanır ki, Şoyqu fövqəladə hallar naziri postunda yaxşı nüfuz qazanıb. Bununla yanaşı, o, Rusiya bürokratiyası arasında ustalıqla manevr edərək, düşmən qazanmayıb.

Qeyd olunur ki, Şoyqunun Putinə sadiqliyi, populyarlığı və səriştəliliyinin kombinasiyası müdafiə nazirini ən ehtimal olunan varisə çevirir./Musavat.com