Putinin Qərbin sanksiyalarına qarşı “Runet”kası, yoxsa...

Baxış sayı:
9976

Noyabrda qanun qüvvəyə mindikdən sonra ölkəyə gələn internet kanalları filtrlənəcək; Osman Gündüz: “Nəhəng bir internet şəbəkəsi üçün böyük vəsait lazımdır, Rusiyanın buna gücü çatmaz”

Rusiya parlamentinin alt qanadı olan Duma bir müddət əvvəl ölkədə yeni müstəqil internet şəbəkəsi yaratmaq üçün qanun layihəsini təsdiqləyib. “Yeni Müsavat” xəbər verir ki, qanun layihəsini dəstəkləyən deputatlar kiber hücumlarla mübarizə etmək niyyətində olduqlarını söyləyiblər. Dumanın üzvləri deyiblər ki, Rusiyaya və ya internetə qarşı bütün dünyada istifadə edilən hər hansı bir kiber hücuma hazır olacaqlar.

Moskvada internetin avtonomiyasını qorumaq və xaricilərin müdaxiləsini önləmək üçün məclisə təqdim edilən qanun Duma tərəfindən 307 səs lehinə, 68 əleyhinə olmaqla qəbul edilib.

Aprelin 22-də qanun layihəsi Federasiya Şurasında da  təsdiq olunub. Rusiya prezidenti Vladimir Putin qanunu imzalansa, noyabrın 1-də ölkə yeni internet şəbəkəsini rəsmiləşdirəcək.

Rusiyanın milli telekom nəzarətçisi Roskomnadzor, internet provayderləri tərəfindən paylaşılacaq olan “Runet” üzərindəki məlumat axını, trafik və müştərilərin məlumatlarını paylaşacaq.

Beləliklə, Rusiyanın internet istifadəçilərinin məlumatlarının ölkədə qalmağı hədəflənir. 2017-ci ildə 2020-ci il etibarı ilə Rusiyada internet trafikinin yalnız ölkə daxilindən idarə olunmasına qərar verilmişdi.

Qanun layihəsinə əlavə edilmiş sənəddə bildirilir ki, Rusiya “Kommunikasiyalar haqqında” Qanuna bu dəyişiklikləri 2018-ci ildə ABŞ-da qəbul edilmiş “milli kibertəhlükəsizlik strategiyasının” aqressiv təbiətinə görə etməyə məcburdur.

Sənəddə deyilir ki, bu strategiyada “Rusiya birbaşa və heç bir dəlil gətirilmədən kiberhücumlarda ittiham olunur”.

Qanun qüvvəyə mindikdən sonra sistem Rusiyanı kibermüharibə təqdirində müdafiə edəcək, habelə ölkəyə gələn internet kanallarını filtrləyəcək.

Qanun layihəsinə görə internetin Rusiya seqmentində məlumat axını mənbələrinin müəyyənləşdirilməsi məqsədilə “xüsusi texniki qurğular” yerləşdiriləcək.

Lazım gələrsə, bu “texniki qurğulardan” internet resurslarındakı qadağan olunmuş informasiyanı məhdudlaşdırmaq üçün istifadə olunacaq.

Rusiya habelə özünün milli domen sistemini (DNS) yaradacaq ki, bu da məlumatların internetə hansı kompüterlərdən daxil olmasını aşkara çıxara biləcək.

Putinin o vaxtkı internet müşaviri German Klimenko demişdi ki, Rusiya internetin özünə aid seqmentini Qərb ölkələri onun bütün çıxışlarını kəsmədən hazırlamalıdır.

Rusiya son illərdə xüsusilə də facebook və twitter kimi sosial media platformalarından istifadə etməklə Qərbdə keçirilən seçkilərə müdaxilədə və ixtilaf yaratmaq cəhdlərində ittiham edilir.

Bir müddət əvvəl İran da öz internetini qurmağa hazırlaşırdı, lakin gerçəkləşmədi. Hazırda bu qonşu ölkədə də sosial şəbəkələrə giriş filtrlə mümkündür.

Belə görünür ki, Putin də eyni sistemi tətbiq etməyə hazırlaşır. Bu isə öz növbəsində internet azadlığının məhdudlaşdırılmasıdır.

Osman Gündüz ile ilgili görsel sonucu

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün daxili internet qurmaq istiqamətində addımlar atır: “Dünyada bugünkü veb layihə 30 ilə formalaşıb. Yəni mürəkkəb prosesdir. Rusiya bunu bacaracaqmı, bilmirəm. Ola bilsin ki, lokal bir layihə həyata keçirsinlər, amma internet fəlsəfəsindən uzaq olacaq, primitiv iş ortaya çıxacaq.  Çünki Rusiyanın nəhəng bir interner şəbəkəsi qurmasına böyük vəsait lazımdır. Rusiyanın buna gücü çatar-çatmaz, ağlabatan deyil”.

O.Gündüz hesab edir ki, burada siyasi məqsəd var: “Rusiyada qapalılıq yüksəkdir. Ona görə ”Runet" daha çox siyasi konyukturaya cəhddir.  Bunun adı internet olmayacaq. Məsələn, biz ona internet yox, intranet deyirik. Azərbaycanın təhsil sektorunda həmin şəbəkə yaradılıb, filtrasiya var. Rusiya öz internetini yaratmaqdansa, qlobal dünyanın tərkib hissəsinə çevrilməsi daha yaxşı olardı, serverləri ölkədə yerləşdirərdi.

Məsələn, twitter, google, apple, facebook üçün Rusiya bazarı maraqlıdır, orada pul var. Azərbaycanda bazar balacadır, onlar bura gəlməzlər.

Həmin şəbəkələrin serverlərinin Rusiyaya gəlməsi daha məqbul variantdır, nəinki öz internetini yaratmaq... Çünki bu, həm də Rusiya vətəndaşının internet azadlığını məhdudlaşdıracaq. İndi anonimlik, internet üzərindən biznes var, amma onda anonimlik olmayacaq.

Bu gün insanlar internetdə aksiya edir, etirazını ifadə edir, yəni nəhəng platfomadır, onlayn mağazalar açılıb, alış-veriş edilir, nazirlər canlı yayıma çıxırlar. Rusiya interneti buna imkan verəcəkmi? - bax ona şübhə edirəm..."/musavat