Putinin “qarşısı alınmaz raketlər”i: Qərbdə Rusiya ilə bağlı yeni lətifə qaynağı qazandılar

Baxış sayı:
3070

İlkin reaksiyalar Kremlin böyük yalanına inamsızlığı göstərir

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin “Manej” sərgi zalında kompüter animasiyası formasında Rusiyanın ən müasir silahlarını təqdim edib. Putin həmçinin uçuş zamanı ballistik trayektoriyadan istifadə etməyən ən yeni raketlərin hazırlandığını bildirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin nüvə enerjisi ilə işləyə bilən raketlərinə deyəsən, heç öz ölkəsində də inanan yoxdur.
Kosmik siyasət institunun rəhbəri İvan Moiseyev belə raketlərin mövcud olmasının mümkün olmadığını ifadə edib.
“Mən Putinin bəyanatındakı sitatları oxudum. Burada deyəsən, anlaşılmazlıq var. Bu cür raketlərin qurulması mümkün deyil, üstəlik mənası da yoxdur. Yer üzündə belə mühərriklər mövcud deyil. Nüvə mühərriki ilə meqavat sinfində yalnız kosmik raketlər işləyə bilər. Özü də indi yox, yalnız 2027-ci ildə onun ilk sınaqları keçirilə bilər”, - ekspert “The İnsider” saytına söyləyib.
“İndi deyə bilərlər ki, bununla bağlı keçən il sınaqlar keçirilib. Bəs onillər boyu aparılan hazırlıqlar hardadır? Sovet İttifaqı bənzər işləri görməyə cəhd edib. Lakin hava vasitələrinə, məsələn təyyarələrə, qanadlı raketlərə nüvə mühərriki qoymaq ideyasından hələ keçən əsrin 50-ci illərində vaz keçilib”, - rusiyalı alim davam edib.
 
Ekspert Putinin “müəyyən edilə bilməyən uçuş trayektoriyasına malik raketlər”inə də istehza ilə yanaşıb: “İstənilən raketin trayektoriyası onsuz da qeyri-müəyyəndir. Komanda verirsən, raket kursunu dəyişir. Əgər raket mühərriksiz uçursa, onun uçuşunu təyin etmək olur. Mühərriklə uçan raketin trayektoriyası isə onu idarə edən adamdan asılıdır, vəssalam”.
Pentaqonda da Vlaidmir Putinin Federal Məclisdə göstərdiyi animasiyaya sakit yanşıblar.
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Dana Uayt nazirliyin Putinin nitqindən təəccüblənmədiyini söyləyib. O, ABŞ-ın Rusiya Federasiyasının istənilən yeni silah növünə qarşı hazırlıqlı olduğunu bildirib.
CNN telekanalı da ABŞ rəhbərliyinin Rusiyanın nüvə mühərrikli qanadlı raketlərə malik olması xəbərinə olduqca şübhə ilə yanaşdığını xəbər edib. CNN-ə danışan mənbələr bu cür qanadlı raketlərin Amerika hərbçiləri tərəfindən sınaqdan keçirildiyini, lakin hər dəfə müvəffəqiyyətsizliyə uğradığını dilə gətirib.
 “Reuters” Qərbin bir yüksək rütbəli məmurunun dili ilə Putinin yeni “Sarmat” adlı qitələrarası raketlərin mövcudluğuna şübhə ilə yanaşıldığını yazıb.
 “Bu, onda əsl raket-stels olardı. Mən bu barədə heç nə eşitməmişəm. Rusiya yüksək texnologiyalı silahlanma sahəsində bizə rəqib ola bilməz. Onların sanksiyalara görə bu cür müasir sistemlər əldə etməsi mümkünsüzdür. Putinin bəyanatı təbliğat məqsədi daşıyır”, - mənbə agentliyə bildirib.
Müdafiə üzrə nüfuzlu ekspertlərdən sayılan, “Teal Group” aerokosmik korporasiyasının nümayəndəsi Riçard Abulefiya Rusiya prezidentinin sözlərini “Potyomkin kəndi” adlı deyimə bənzədib.
Belə ki, rəvayətə görə, 1787-ci ildə Qriqori Potyomkin çariça II Yekaterinada müsbət təəssürat yaratmaq məqsədilə çariçanın Osmanlı imperiyasından ilhaq edilmiş Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirmiş və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışmışdı. Gözdən pərdə asmaq funksiyası daşıyan bu fırıldaqçılıq əməli tarixə "Potyomkin kəndi" adı ilə düşüb. "Potyomkin kəndləri" ifadəsi sonradan görüntü yaratmaq, görüntü yaratmaqla aldatmaq və fırıldaqçılıq anlamına çevrilib.