​Putinin “Qarabağ planı” Azərbaycana nə vəd edir? – TƏHLİL

Ermənistan mediası növbəti dəfə Qarabağ tənzimləmə planı haqda məlumat dərc edib. Və maraqlıdır ki, bu haqda planların deşifrə olunması hər dəfə məhz Ermənistan mediası vasitəsilə edilir. Özü də müəyyən diplomatik kanalların ötürdüyü informasiyalara istinad edilərək bu, baş verir.
Burada diqqəti cəlb edən məsələ ondan ibarətdir ki, nədənsə, belə planlar Azərbaycan mediası vasitəsilə ictimaiyyətə ötürülmür və bütün zamanlarda bu, məhz Ermənistanda baş tutur. Bu isə öz-özlyüündə iki fikir yaradır: birincisi, Ermənistandakı daxili və xarici diplomatlar ictimaiyyətə daha açıqdırlar, ikincisi , Ermənistanda ictimai-siyasi vəziyyət Azərbaycana nisbətdə daha gərgin olduğundan Qarabağ planı haqda əvvəlcədən və tədrici ictimai rəy yaradılır. Buna sosial test də demək olar.
Bu dəfə Ermənistanın ANİ araşdırmalar mərkəzi (rəhbəri Qarabağ üzrə ekspert Tatul Akopyandır) iddia edir ki, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib.
Mərkəzin iddiasına görə, həmin nizamlama planı ilə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış ediblər. Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.
İddiaya əsasən Putinin planı iki əsas paketdən ibarətdir:
Birincisi: erməni qüvvələri işğal edilmiş rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır.
İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir, Ancaq bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, eyni zamanda həmin status Dağlıq Qarabağın müstəqilliyini də birdəfəlik həll etmir.
Mərkəzin məlumatına görə, Madrid prinsiplərində və Kazan sənədində əksini tapmış xalqların öz müqəddəratını təyinetmə hüququ nizamlama paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.
Bildirilir ki, Azərbaycan ərazilərin qaytarılması müqabilində statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa, Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə razılıq versəydi o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.
Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon əvəzində Madrid prinsiplərində təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.
Maraqlıdır ki, prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov tərəflərin əvvəl 5 rayonun, daha sonra isə 2 rayonun qaytarılmasına dair mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini açıqlayıb.
Aradakı fərq ondan ibarətdir ki, Ermənistandakı Mərkəzin təqdim etdiyi planda 2 rayonun qaytarılması haqda heç bir fikir bildirilmir, Novruz Məmmədov isə Kəlbəcər və Laçının qaytarılmasını bu plan çərçivəsinə salır.
Daha bir məqam, Novruz Məmmədov bilərəkdən, ya da bilməyərəkdən möhkəm aralıq status haqda ümumiyyətlə unudur, hansı ki, bu vəziyyət Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Hər bir halda Ermənistandakı Mərkəzin təqdim etdiyi plan Novruz Məmmədovun dediklərini təkzib etmir və prosesin mərhələli həll çərçivəsində aparılacağını təsdiq edir. Bu isə Mərkəzin açıqladığı həll planının inandırıcılığını artırır.
Əgər təqdim olunan plan doğruysa, bu, Azərbaycan üçün gələcəkdə çox böyük risq amilləri vəd edir. 
Əvvəla, Kəlbəcər və Laçının qaytarılmasının planda nəzərdə tutulmaması, yaxud sonraya saxlanılması Azərbaycan üçün bir tələdir və özündə gələcək savaşın tətiklənməsinin elementlərini daşıyır. Çünki Qarabağın ən yüksək nöqtələrində yerləşən bu iki bölgə qaytarılmadan digər 5 rayona əhalinin köçürülməsini və təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. 
İkincisi, prinsipcə əgər söhbət Qarabağ ətrafı rayonların işğaldan azad olunmasından gedirsə, onda bu prinsip bütün 7 rayonun hamısına şamil edilməli və birdəfəlik işğal faktı aradan qaldırılmalıdır ki, gələcəkdə savaş təhlükəsi və gərginlik aradan qalxsın. 
Üçüncüsü,bu iki rayonun saxlanılması Dağlıq Qarabağa veriləcək statusun sığortası olaraq düşünülür ki, bu da problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təhlükəyə atır. 
Dördüncüsü, əvvəlki Madrid prinsipləri sənədində nəzərdə tutulan aralıq statusundan fərqli bir statusun təklif olunması da Azərbaycan üçün böyük təhlükə yaradır. Diqqət edirsinizsə, aralıq status formuluna “möhkəm” kimi yeni bir termin əlavə edilib. Bu anlayış Qarabağ ermənilərinə gələcək statusun müstəqillikdən yana olacağı zəmanəti deyilsə, onda bu məfhumun aralıq statusunun önündə nə işi var?
Çünki möhkəm status müstəqilliyi vəd edən təməl anlamına gəlir və gələcəkdə Azərbaycan üçün geriyədönməz şəkil ala bilər. Ona görə ki, əvvəlki Madrid sənədində nəzərdə tutulan aralıq statusunda bəzi özünü idarəetmə hüquqları var ki, bunların arasında hətta beynəlxalq təşkilatlarda müşahidəçi sifətilə təmsilçilik hüququ, yerli idarəetmə və məhkəmə orqanlarının təşkili nəzərdə tutulur. Bunun üstünə “möhkəm” ifadəsini də qoysanız və bu sənədə imza atsanız, bunu da həmsədr dövlətlər təsdiq edib, qarant olaraq çıxış etsələr, sonradan bu tələdən necə qaçacaqsınız?
Ayrıca mərhələli həll planı yerinə yetirilmədən öncə bütün işləri sığortaya almaq üçün tərəflərə münaqişəni müharibə yolu ilə həll etməkdən imtina etmək barədə imzalanmış öhdəlik alınmayacağını necə düşünmək olar?
İlk baxışdan prosesi yerindən tərpətmək üçün mərhələli həll planı və ilk olaraq 5 rayonun qaytarılması təklifi cəlbedici görsənə bilər. Ancaq bu şirnikləndirici təklif sonradan bizim üçün bağlayıcı da ola bilər ki, çox ehtimal elə belə də olacaq. Çünki söhbət əgər problemin həllini Azərbaycanın Kostitusiyası çərçivəsində həllini nəzərdə tutursa, onda möhkəm status məsələsi kimləri və nəyə inandırmaq üçün ortaya atılıb?
Yaxud izah olunsun görək, bu möhkəmlik gələcəkdə hansı hüquqlara imkan verir ki, xüsusi olaraq statusun önünə keçirilib?
Göründüyü kimi, suallar çoxdur, cavablar isə demək olar yoxdur və hər şey qaranlıq olaraq qalır. Və bütün bunların müqabilində bir də Peterburqda danışıqların pozitiv ruhda keçdiyini bəyan ediriksə, onda pozitiv ruhda olmayan danışıqları necə təsəvvür edək?
Bu xüsusda bir məqamı daha vurğulamaq yerinə düşərdi. ABŞ dövlət katibinin müavini xanım Nuland Ukraynadakı Donbas problemi ilə bağlı əvvəlcə Kiyevə, sonra isə Moskvaya səfər edib. Xanım Nuland Rusiya paytaxtında Kremlin Donbasla bağlı qeyri rəsmi səlahiyyətli nümayəndəsi və prezident Putinin sağ əli hesab olunan Surkovla görüşüb və problemin həlli yollarını müzakirə ediblər. Verilən informasiyaya görə, Donbasla bağlı ABŞ-la Rusiya arasında 11 maddəlik bir sənəd razılaşdırılıb. Sənədin mahiyyətinə diqqət etsək, bunu Rusiyanın ABŞ qarşısında kapitilyasiya sənədi də adlandırmaq olar. Çox güman ki, bu sənəd Ukrayna ilə Rusiya arasında Minsk-3 sazişi çərçivəsində mümkün olacaq.
Sənəddə bütün silahların bölgədən çıxarılması, sülhməramlıların bölgəyə yerləşdirilməsi, silah anbarlarının ATƏT-in qoruması altına verlməsi,
bütün sərhədlərin Ukrayna və ATƏT-in nəzarətinə verilməsi, seçkilərin Ukrayna qanunvericiliyinə uyğun olaraq keçirilməsi və yalnız bundan sonra separatçı döyüşçülərin amnistisiyası nəzərdə tutulur. Bu isə tam olaraq Ukraynanın maraqlarını güdən bir sənəddir və qarşılığında Rusiyaya sanksiyaların tam ləğvi deyil, yalnız yumşaldılmasından söhbət gedir. 
Əgər bu sənədin reallaşması öz təsdiqini taparsa, bu, Ukraynanın, Obamanın və xanım Nulandın nüvə ölkəsi olan aqressiv Rusiya qarşısında qələbəsi hesab oluna bilər. Biz isə cırtdan Ermənistanla hələ möhkəm status haqda söz güləşdirməklə məşğuluq.

Natiq Miri, Hurriyyet.org