Putinin iki paketlik Qarabağ planı açıqlandı...

Erməni qüvvələri Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxarılır, daha sonra Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir...

Ermənistanın ANİ araşdırmalar mərkəzi (rəhbəri Qarabağ üzrə ekspert Tatul Akopyandır) bəyan edir ki, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib.
Plana əsasən Rusiya münaqişənin aralıq həll variantını tapmağa çalışır və tərəflərə öz ideyasını verib. Bu haqda vereleq.am saytı yazır.
İddia olunur ki, həmin nizamlama planı ilə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış ediblər. Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.
Putinin planı iki əsas paketdən ibarətdir.
Birincisi: erməni qüvvələri işğal edilmiş rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır.
İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir, bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, ancaq həmin status o demək deyil ki, Dağlıq Qarabağ görünən gələcəkdə müstəqillik əldə edəcək.
Mərkəzin məlumatına görə, Madrid prinsiplərində və Kazan sənədində əksini tapmış öz müqəddəratını təyinetmə hüququ nizamlama paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.
Bildirilir ki, Azərbaycan ərazilərin qaytarılması-statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə razılıq versəydi o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.
Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon-əvəzində Madrid prinsiplərində təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.
Aprel döyüşlərindəki "gizli əllər"
Bu arada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Amerikanın Səsi" radiosunun Ermənistan və Azərbaycan xidmətlərinə müsahibəsi zamanı maraqlı açıqlamalar verib. Jurnalistin “Rusiya hər iki tərəfə silah satır. Siz əminsiniz ki, Rusiya münaqişənin yenilənməsində maraqlı deyil” sualına cavab verən Uorlik deyib:
“Rusiya Dağlıq Qarabağda müharibənin yenilənməsində maraqlı deyil. Rəsmi Moskva vəziyyətin sabitləşməsini istəyir. Biz əminik ki, aprel müharibəsi görünməyən əllərin işi deyildi. Rusiya bu prosesdə maksimal şəffafdır”.
O bildirib ki, münaqişənin həlli məsələsində Rusiya, Fransa və ABŞ arasında heç bir ziddiyyət yoxdur. “ABŞ, Rusiya və Fransa münaqişəyə eyni nöqteyi-nəzərdən baxır. Rusiya da münaqişənin həllində maralıdır və bu məsələyə çox vaxt xərcləyib. Biz birmənalı olaraq münaqişənin həllində Rusiya ilə əməkdaşlıq edirik”, - deyə Uorlik bildirib.
Həmsədr Rusiyanın sabiq prezidenti və hazırkı baş naziri Dmitri Medvedevin ölkə başçısı olduğu vaxt münaqişənin həlli ilə bağlı səylərini qənaətbəxş qiymətləndirməyib: “Keçmişdə Medvedevin bu istiqamətdə addımları arzu olunan nəticələrə gətirib çıxarmayıb. İndi prezident Vladimir Putin bu istiqamətdə səylər göstərir”.
Uorlik apreldə aparılan əməliyyatların səbəbini bilmədiyini də deyib.“Bizim təmas xəttində müşahidəçilərimiz yoxdur. Ona görə də mən apreldə həyata keçirilən əməliyyatların səbəbini bilmirəm. Amma faciəli nəticələri bizə məlumdur”.
Həmsədr deyib ki, hazırda masaya bir neçə təklif qoyulub. “Amma tərəflər arasında ziddiyyətlər var. Ümumilikdə razılığa gəlmək olar. Hər iki tərəf ATƏT-in Minsk Qrupunun missiyasının genişlənilməsi ilə bağlı razılığa gəlib”,- dəyən həmsədr hədəflərinin uzunmüddətli razılaşma olduğunu bildirib.
Xatırladaq ki, prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov tərəflərin əvvəl 5 rayonunun, daha sonra 2 rayonunun qaytarılmasına dair mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini açıqlayıb. Rusiya XİN isə N.Məmmədovu “görüşün nəticələrini təhrif etməkdə” günahlandırıb.
Bununla belə 5 rayonun birinci mərhələdə qaytarılmasını nəzərdə tutan nizamlama planının Rusiya tərəfindən tərəflərə təqdim edildiyi haqda məlumatlar çoxdandır yayılırdı.

Muxalifet.az