PUTİNİN HESABINA VARLANANLAR…- Rusiya prezidentinin qohumları milyonlara necə sahib olub?

Baxış sayı:
2968

Rusiya prezidenti Vladimir Putinin qohumu Mixail Putin "Qazprom"un İdarə Heyətinə gətirilə bilər. Rusiyanın ən iri və gəlirli şirkətlərindən olan "Qazprom"da İdarə Heyəti üzvlərinin orta aylıq maaşı 10 milyon rubldur. Martın 22-də mətbuata açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib ki, Mixail Putin Rusiya prezidentinin qohumudur. Lakin Peskov bildirib ki, ikili demək olar ki, ünsiyyət saxlamır.
Putinin ailə üzvləri mətbuatdan və qalmaqallardan uzaq həyat tərzi ilə tanınırlar. Rusiya prezidenti özü də onlar haqda geniş danışmağı xoşlamır. Bu barədə verilən suallara da adətən qısa cavablar verir. Putin övladlarının elmlə məşğul olduğunu və çox əməksevər olduqlarını deməklə kifayətlənir. Məsələn, Qərb mətbuatı Katerina Tixonovadan yazarkən onu Putinin qızı kimi təqdim etsə də, bu xəbəri bugünədək nə Rusiya prezidentinin özü, nə də digər rəsmilər təsdiq edib.
Maraqlıdır ki, Putin ailəsi və qohumları barədə nadir hallarda verdiyi açıqlamalarda onların sadə və təvazökar həyat sürdüyünü iddia edir. Halbuki mətbuatın Putinin qohumları barədə araşdırıb üzə çıxardığı faktlar bunun əksini ortaya qoyur.
Strateq.az xarici mətbuata istinadən Putinin qohumlarına bu soyadın hansı imkan və imtiyazlar gətirdiyini öyrənməyə çalışıb.
 
Mixail Putin
 
Mixail Putinin Rusiya prezidentinin əmisinin nəvəsi olduğu deyilir. 51 yaşlı M.Putin İvanovoda dünyaya gəlib, tibb təhsili alıb. Tibb üzrə elmlər namizədi dərəcəsi alandan sonra Rusiya Səhiyyə Nazirliyinin nəzdindəki "Medtexsnab" dövlət müəssisəsində rəhbər vəzifədə çalışıb.
Bir müddət sonra fəaliyyətini Səhiyyə Nazirliyində davam etdirib. Nazirlikdə bir il işləyəndən sonra iqtisadiyyat departamentinin rəhbəri olub.
2004-cü ildə "Qazprom"un tibb idarəsinə rəhbər gətirilib. Üç il sonra "Soqaz" sığorta şirkətinə direktor müavini təyin olunub. Ötən ilin nəticələrinə görə, bu şirkət Rusiyanın ən iri sığorta şirkəti kimi tanınıb.
 
Mixail Şelomov
 
50 yaşlı Mixail Şelemov da Putinin qohumlarındandır. Sankt-Peterburqda anadan olan Şelemov uzun illər "Sovkomflot" şirkətinin Peterburq filialında baş mütəxəssis kimi çalışıb. Paralel olaraq nəhəng səhmlərin sahibi olub.
2000-ci ildə 15 milyon dollara "Soqaz"ın səhmlərinin 12 faizini satın alıb. 9 il sonra səhmlərinin dəyəri 200 milyon dollar olub. Bu barədə məlumat korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdıran mərkəzin (OCCRP) araşdırmasında əksini tapıb.
Bundan başqa, Şelomovun "Rossiya" bankında və "Soqaz-Nedvijimost" şirkətində 30 milyon dollar dəyərində səhmləri var. "Rossiya" bankının əsas səhmdarı Rusiya prezidentinə yaxın olan milyarder Yuriy Kovalçukdur. Bankın səhmlərinin dəyəri 868 milyard rubldur.
Mətbuatın yazdığına görə, Mixail Şelomovun şirkətləri 2016-cı ildə 2 milyard rubl gəlir əldə edib.
 
İqor Putin  
 
İqor Putin Rusiya prezidentinin əmisi oğludur.
64 yaşlı İqor Sankt-Peterburqda dünayaya gəlib. Hərbi təhsil alan, dövlət xidmətində çalışan İ.Putin 90-cı illərin sonlarında ordudan tərxis olunub. Və Ryazan vilayətində dövlət orqanlarında çalışmağa başlayıb. 
2000-ci illərin ortalarında ayrı-ayrı şirkətlərin və bankların ("Master-Bank" və s.) rəhbər vəzifələrində çalışıb.
2007-ci ildə "Master-Bank"ın adı "The New Times" jurnalının araşdırmasına çirkli pulların yuyulması prosesinin iştirakçısı kimi düşüb. Həmin araşdırmadan 6 il sonra bankın lisenziyası əlindən alınıb.
Rusiyada nəşr olunan "Novaya qazeta" və OCCRP üzə çıxarıb ki, İqor Putinin çalışdığı daha bir bankda ("Russkiy zemelnıy bank") çirkli pulların yuyulması halı aşkarlanıb. Və bankın da iştirakı ilə Rusiyadan  20 milyard rubl çıxarılıb. 2014-cü ildə "Russkiy zemelnıy bank" da lisenziyadan məhrum edilib.
 
Roman Putin
 
Roman Putin İqor Putinin oğludur. 40 yaşlı Roman Ryazan vilayətində dünyaya gəlib.
Atası kimi hərbi təhsil alıb. Sankt-Peterburqdakı hərbi akademiyanı başa vurandan sonra Federal Təhlükəsizlik Xidmətində 3 il xidmət keçib. Ryazan vilayət administrasiyasında müxtəlif vəziflər tutub. 2007-2008-ci illərdə MTS mobil operator şəbəkəsinin bu vilayətdəki filiallarına rəhbərlik edib.
2011-ci ildə MRT.V şirkətində Direktorlar Şurasının rəhbəri olub. Şirkət Rusiya Dəmiryolu İdarəsini məhsul və xidmətləri ilə təmin edib.
2014-cü ildə Roman Putin özünün şəxsi "Putin Consulting" şirkətini qurub. Şirkət yüksək riskli biznesə məsləhət xidməti göstərib.
 
Kiril Şamalov
 
Putinin övladlarının da adları oxşar araşdırmalarda yer alıb. Məsələn, Rusiyanın tanınmış müxalifət lideri,  Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıy 2016-cı ildə araşdırmışdı ki, Katerina Tixonovanın («Reuters» və «Bloomberg» agentlikləri Katerinanı Putinin qızı adlandırır) rəhbəri olduğu «Innopraktika» fondu 2015 və 2016-cı illərdə dövlət müqavilələri və ianələrdən 877 milyon rubl (təqribən 14 milyon dollar) gəlir əldə edib. «Innopraktika» sözügedən məbləğin yarısını dövlət şirkətlərinin tenderlərindən udub.
Təşkilatın donorları arasında «Rosneft», «Rosatom», «RosNANO» və başqa şirkətlər var. Qalan 425 milyon rubl (6.8 milyon dollar) isə quruma anonim mənbələrdən ianə kimi daxil olub.
Navalnının elə həmin ildəki başqa bir araşdırmasında qeyd olunurdu ki, Putin dövlət büdcəsindəki vəsaitləri dövlət sifarişləri adı altında yaxın ətrafına paylayır. Büdcə pullarından faydalananlardan biri də onun kürəkəni Kiril Şamalovdur. Təkcə 2016-cı ildə Şamalovun qazandığı dövlət sifarişlərinin dəyəri 148,8 milyard rubl olub…/Strateq.az