PUTİNİN FOTOQRAF QOHUMU NECƏ MİLYARDER OLDU?- Rusiya prezidentinin sərvətinin formal sahibləri...

Baxış sayı:
6012

Rusiya prezidenti Vladimir Putinin adına offşorlarda rəsmi olaraq bir sent də yoxdur. Əvəzində qohumları və yaxın ətrafı milyardlarla ölçülən sərvətin sahibidirlər. Putinin hesabına “varlanan” yaxın qohumlarından biri də xalasının (Lyubov Şelomova) nəvəsi Mixail Şelomovdur. “Forbes”in Rusiya milyarderləri ilə bağlı tərtib etdiyi son siyahıda Şelomov 1,25 milyard dollarlıq sərvəti ilə 81 sırada yer alıb.

51 yaşlı Mixail Şelemov Sankt-Peterburqda anadan olub. Uzun illər “Sovkomflot” şirkətinin Peterburq filialında baş mütəxəssis kimi çalışıb. 2000-ci ildə 15 milyon dollara “Soqaz”ın (“Qazprom”un nəzdindəki) səhmlərinin 12 faizini satın alıb. 9 ildən sonra bu səhmlərinin dəyəri 200 milyon dollar olub.

Bundan başqa, Şelomovun “Rossiya” bankında və “Soqaz-Nedvijimost” şirkətində on milyonlarla dollar dəyərində səhmləri var. “Rossiya” bankının əsas səhmdarı Rusiya prezidentinə yaxın olan milyarder Yuriy Kovalçukdur. Bankın səhmlərinin dəyəri 868 milyard rubldur.

Mətbuat Mixail Şelemovu ilk dəfə yaxından korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdıran mərkəzin (OCCRP) “Novaya Qazeta” ilə birgə araşdırmasından (2017-ci il) tanımışdı. Araşdırmadan məlum olurdu ki, Şelomovun “Soqaz” və “Rossiya” bankında sahib olduğu səhmlərin dəyəri 573 milyon dollardır. Həmin araşdırmaya görə, hələ 2005-ci ildə bankın 3,9 faizi Şelomova məxsus olub. Bir il ondan əvvəl isə “Qazprom” “Soqaz”ın səhmlərinin 76 faizini satışa çıxaranda 13,5 faizlik hissəni Şelomovun rəhbərlik etdiyi “Aksept” şirkəti satın alıb.

“Rossiya” bankının səhmdarları arasında yer aldığı andan etibarən Şelomov səhm paketini iki dəfə artıraraq 8 faizə çatdırıb. Təkcə buradakı payı 110-150 milyon dollar arasında dəyişir.

“Aksept”in “Soqaz”dakı payına gəlincə, hazırda onun dəyəri 74,1 milyard rubl və ya 1,1 milyard dollardır. Beləliklə, təkcə bu iki şirkətin hesabına Şelomovun sərvəti 1,25 milyard dollardır.

Araşdırma müəllifləri qeyd edirlər ki, Şelomovun “Aksept” şirkəti Putinin ətrafıyla – Roldugin, Yuri Kovalçuk və Rotenberg qardaşları ilə yaxın əlaqələrdədir.

Şirkət Sankt-Peterburqda Uralskaya küçəsində – Oleq Qordinin şirkətlərindən biri ilə eyni ünvanda qeydiyyata alınıb. Qordin Putinin əmlakının nominal sahibi adlandırılan Sergey Rolduginin iş ortağıdır.

Şelomovun şirkəti hazırda Vasilyevski adasının 11-ci xəttində, ev 38-də qeydiyyatdadır. Burada eyni zamanda “Abrossiya İdarəetmə Şirkəti”nin ofisi yerləşir. Bu şirkətin telefon nömrəsi Putinin yaxın dostu – “Rossiya” bankının səhmdarı Yuri Kovalçuka məxsus “Arkonn” və “Businessross”un telefon nömrələri ilə eynidir.

“Abrossiya” əvvəllər Putinin kiçik qızı Katerina Tixonova ilə “Rossiya” bankının səhmdarının oğlu Kiril Şamalovun toyu olduğu “İgora” kurortunu da işlədirdi.

Şelomov eyni zamanda “Platinum” şirkəti vasitəsi ilə də bank “Rossiya”da 2,1 faizlik paya sahibdir. “Platinum” şirkətinin “Putinka” içki brendinə sahib olan “Stik”, “Real Invest” və Kiprdəki “Ermira Investments Limited” offşor şirkətilə də bağlılığı aşkarlanıb.

Putin və Roldugin

Rusiya mətbuatı “Ermira Investments Limited” firmasının Roldugin və “SMP Bank”la əlaqəsini də üzə çıxarmışdı. Onların sahibləri Putinin yaxın ətrafında yer alan Arkadi və Boris Rotenberqlərdir.

“Aksept” həmçinin “Soqaz-Nedvijimost”ın Priozerski rayonunda yarış kompleksi quran “İqora Drayv”ın yarısının sahibidir. “Soqaz-Nedvijimost” Peterburqda 7,3 min kvadrat metrdən çox ərazisi olan binaya sahibdir. “Soqaz”ın baş ofisi də orada yerləşir. Eyni binaya “Nomeko” tibb şirkəti yerləşib ki, bu şirkətin də səhmdarlarından biri prezident Putinin böyük qızı Mariya Vorontsovadır.

Şelomovun həyat tərzi onun maddi durumuna uyğun gəlmir. Deyilənlərə görə, o, təvazökar bir həyat sürür və mətbuatla ünsiyyətdən imtina edir. Şelomov əsasən Sankt-Peterburqda – şəhər kənarındakı qəsəbə kəndində yaşayır. Onun Tverdə Zareçye kəndində bir evi var. Şelomovun arvadı bütün yayı bu evdə yaşayır.

Şelomov ixtisasca mühəndisdir. Uzun müddət bir foto studiyasında fotoqraf işləyib. 2002-ci ildə Prezident Administrasiyası rəhbərinin o vaxtkı müavini İqor Seçin 34 yaşlı Şelomovu “Sovkomflot” şirkətinin Sankt-Peterburq filialına “müxtəlif məsələlər üzrə mütəxəssis” vəzifəsinə düzəldir. Şelomov bu şirkətdən”Novaya Qazeta” və OCCRP-ın ortaq araşdırmasının dərcindən sonra – 2017-ci ildə istefa verib.

Putin özü böyük sərvətə sahib olduğuna dair məlumatları hər zaman təkzib edib. Rusiya prezidenti 2017-ci ildə rejissor Oliver Stouna verdiyi müsahibədə demişdi ki, mətbuatın iddia etdiyi həcmdə sərvətə sahib deyil.

Putin Sergey Rolduginin adına rəsmiləşdirilən aktivlərə aidiyyətini də inkar edir. Lakin investor Vilyam Brauder açıq şəkildə bildirir ki, Şelomov, Roldugin və Putinin yaxın ətrafında olan digər şəxslər məlum aktivlərin sadəcə formal sahibidirlər. Brauder əmindir ki, gerçək sahib Putin özüdür…

Tərcümə Strateq.az-ındır