Putinin Ermənistanı hədələyən emissarı İrəvanda - bağlı qapı söhbəti

Baxış sayı:
4903

Rusiya XİN başçısının müavini işğalçı ölkəyə hansı mesajı aparıb? “Qamçı və kökə” siyasətinə sadiq qalan Moskvadan İrəvana yeni dəhliz və silah vədləri...

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvana işgüzar səfər edib. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, Karasinin işğalçı ölkəyə ziyarətinin motivi rusiyalı diplomat, şair və dramaturq Aleksandr Qriboyedevin öldürülməsinin 190 illiyi ilə bağlı İrəvanda açılan abidənin açılış mərasiminə qatılmaq olub.

Lakin aydındır ki, bu, sırf üzdə olan və təqdim edilən formal səbəbdir. Şübhəsiz ki, Rusiya XİN başçısı müavinin səfərində başqa, daha mühüm hədəflər var. Ən azı, ona görə ki, ABŞ-ın Ermənistanda “dirijor çubuğu” ilə baş tutmuş “məxməri inqilab”dan sonra Moskva-İrəvan əlaqələri hələ də gərginlik dövrünü yaşayır və əvvəlki, Kremli məmnun salan səviyyəyə qayıtmayıb.

Elə Karasinin özü az öncə Ermənistanın yeni rəhbərliyini, komandası bütünlüklə qərbpərəstlərdən qurulan Nikol Paşinyan hökumətini açıq mətnlə hədələmiş və hətta ABŞ-la Rusiya arasında seçim eləməyə çağırmışdı.

Səbəb də o idi ki, ötən ilin sonunda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda səfərdə olarkən Paşinyanı dekabr seçkilərindən dərhal sonra Dağlıq Qarabağ ixtilafının həlli yönündə real addımlar atmağa, ölkəsinin blokada rejimindən və Rusiya asılılığından qurtarmaq üçün Türkiyə və Azərbaycanla anlaşmağa, ruslarla tarixi bağlara təzədən baxmağa çağırmışdı. Eyni zamanda İrəvana “Rusiya silahlarından daha keyfiyyətli ABŞ silahları” təklif eləmişdi. Paşinyan isə nəzəri cəhətcə bunun mümkünlüyünü istisna etməmişdi.

Ä°lgili resim

Həmin bəyanatlar isə Moskvada qəzəb doğurmuşdu və konkret olaraq, Q.Karasin təbii ki, rəsmi Moskvanın mövqeyini ifadə edərək, Ermənistanı sərt formada hədələmişdi. Onun dünənki Ermənistan səfəri isə Con Boltonun bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə və ondan az öncə Paşinyana telefon açmasından dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Bu xüsusda şübhə yox ki, Karasin İrəvana hansısa mesajlar aparıb.       

*****

Erməni KİV-in məlumatına görə, İrəvanda xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşdə ikitərəfli əhəmiyyət daşıyan bir sıra məsələlər, həmçinin Qarabağ mövzusu müzakirə edilib. Keçirdiyi brifinqdə rusiyalı diplomat deyib ki, “təxminən yarım gün ərzində ikitərəfli əlaqələrə dair bütün məsələləri, o cümlədən Avrasiya Birliyi, KTMT mövzularını müzakirə ediblər”.

Karasin ile ilgili görsel sonucu

“Biz əməkdaşlığı inkişaf etdiririk və etdirməyə davam edəcəyik”, - deyə o bildirib. Qarabağ konfliktindən söz açan rusiyalı diplomat ümid etdiyini bildirib ki, münaqişə tərəfləri arasında təmaslar liderlər və XİN rəhbərləri səviyyəsində davam etdiriləcək. “İndi çox vacibdir ki, Dağlıq Qarabağ konflikti ətrafında situasiya proqnoz edilən olsun. Beynəlxalq birlik bir şeydə yekdildir ki, məsələnin həllində güc ssenariləri qəti şəkildə istisna edilməlidir” - Karasin deyib.

Yəni bununla o, xəfif şəkildə işarə edib ki, Rusiya Ermənistana qarşı Azərbaycanın hərbi güc tətbiqinə qarşıdır. Başqa sözlə, işğalçının əsas təhlükəsizlik qarantı olaraq qalır, yetər ki, o, Rusiya orbitindən uzaqlaşmağa cəhd eləməsin. 

Karasin İrəvanda Ermənistana başqa bir reverans da etməyə çalışıb. Belə ki, Gürcüstanla münasibətlərin normallaşması üzrə Rusiyanın səlahiyyətli şəxsi vəzifəsini də icra edən diplomat 2011-ci ildə İsveçrənin vasitəçiliyi və zəmanəti ilə əldə edilmiş gömrük anlaşmasının, nəhayət, rəsmi Tiflis tərəfindən təsdiqlənəcəyinə və Ermənistana daha bir nəqliyyat dəhlizinin açılacağına ümid etdiyini söyləyib.

Karasin Paşinyan ile ilgili görsel sonucu

“Biz öz üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Ancaq regionda problemlər var, bir sıra dövlətlərin siyasi statusu ilə bağlı fikir ayrılıqları mövcuddur. Dəhlizin (Abxaziya dəmir yolunun - ”YM") keçəcəyi Cənubi Osetiya ilə bağlı problemlər var və s. Bunlar incə məsələlərdir. Biz gürcülər və isveçrəlilərlə müzakirələri davam etdirəcək və erməni tərəfini məlumatlandıracağıq", - deyə o əlavə edib.

*****

Maraqlıdır ki, Qriqori Karasin İrəvanda ikən Ermənistanın Rusiyadan Su-30SM qırıcılarının alınmasına dair müqavilə bağladığı xəbəri yayılıb.

“Ermənistan Rusiyadan çoxməqsədli Su-30SM qırıcılarının alınması yönündə işləməkdə davam edir. Ermənistan bununla bağlı Rusiya ilə müvafiq anlaşma imzalayıb. Bundan əlavə nəsə deyə bilmərəm”. 

“Yeni Müsavat” xəbər verir ki, bu barədə düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsruni Ovanisyan deyib. Jurnalistin “Bəs həmin qırıcılar alınıbmı, yoxsa hələ gözlənilir” dəqqiləşdirici suala cavabında Ovanisyan “Proses o vaxt başa çatmış sayılacaq ki, qırıcılar Ermənistanda olacaq” deyib.

Ä°lgili resim

Yəni əslində Rusiya hələ Ermənistana qırıcı verməyib. Böyük ehtimalla, Moskva bunun ətrafında İrəvanla maksimum siyasi bazarlıq eləməyə çalışacaq. Həmçinin söhbətin təlim, yoxsa döyüş qırıcılarından getdiyi də bilinmir. Bundan əlavə, 100 milyon dollar güzəştli kredit anlaşması çərçivəsində bu qırıcılardan vur-tut 2 ədəd almaq mümkündür. Çünki təyyarənin birinin qiyməti 50 milyon dollara yaxındır. O da hələ bilinmir ki, onlara nəzarət müştərək olacaq, yoxsa yox. Hər halda, Kremlin şirnikləndirici təklifi qüvvədədir.      

Əlavə edək ki, Su-30SM, 4+ nəsil çoxməqsədli qırıcıdır. Hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurur, habelə kəşfiyyat aparır. Onu da qeyd edək ki, hərbi təhlilçilərə görə, Azərbaycan postsovet regionunda Rusiyadan sonra ən güclü hərbi hava qüvvələrinə malik olan ölkələrdən biridir. Hələ ki Azərbaycan HHQ-nin silahlanmasında 4-cü nəsil qırıcılar yoxdur. Azərbaycan belə qırıcıları almaq üçün danışıqlar aparır, Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasına dair ilkin razılaşmanın mövcud olduğu bildirilir (virtualaz.org).

*****

Beləcə, rəsmi Moskva hələ ki forpost statusunda qalmaqda davam edən Ermənistana münasibətdə “qamçı və kökə” siyasətinə sadiqdir: Kreml bir yandan, özünü “yaxşı aparmayan” Ermənistanı hədələyir, ona satdığı təbii qazın qiymətini artırır, o biri yandan, işğalçı ölkəyə ucuz rus silahlarının tədarükü yönündə yeni anlaşmadan da vaz keçmir, ermənilərə Gürcüstan ərazisindən dəhliz vədi verir və s. Bu siyasət yəqin ki, Putinin Paşinyanla bağlı yekun və qəti qərarından sonra dəyişəcək. Hansı tərəfə - onu da görəcəyik.../musavat