Putinin daha bir düşməni böyük siyasətə geri dönür

Baxış sayı:
1282

Böyük Britaniyanın keçmiş baş naziri xarici işlər nazirliyinə gətirilə bilər
Böyük Britanıyanın keçmiş baş naziri Devid Kameron böyük siyasətə geri dönməyə düşünür. Bu barədə onun yaxın dostu İngiltərənin “The Sun” qəzetinə məlumat verib.
 
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Devid Kameron bu dəfə xarici işlər naziri olaraq kabinetdə yer ala bilər. Britaniyalı siyasətçinin yaxın ətrafı ilə söhbətində Böyük Britaniya diplomatiyasına rəhbərlik etmək fikrinə olduqca ciddi yanaşdığını söyləyib.
 
Kameronun dövlət vəzifəsinə dönüşünün 2019-cu ilin yazında baş tutması gözlənilir. Həmin vaxt onun memuarlarının əks olunduğu avtobioqrafik kitabı da çapdan çıxmalıdır.
 
Keçmiş baş nazir kitabın martn 29-dan, yəni Böyük Britaniyanın Avropa Birliyindən qəti şəkildə çıxdığı vaxtdan sonra gün işığı görəcəyini təsdiqləyib.
 
Həmin kitabda D.Kameron hökumətə rəhbərlik etdiyi illəri anladacaq, o cümlədən Şotlandiya referendumu, “Breksit”, Suriyadakı hərbi əməliyyatlar, Liviyada həyata keçirilən bombardmanlar kimi məsələlərə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Devid Kameron 2010-2016-cı illərdə Böyük Britaniyanın baş naziri olub. Hakimiyyət dövründə o, xarici arenada Rusiya prezidenti Vladimir Putinin ən böyük opponentlərindən sayılıb.
 
Kameron dəfələrlə Qərbi rəsmi şəkildə Rusiya və Çinə qarşı birgə mübarizə aparmağa çağırıb. 2016-cı ildə BBC radiostansiyasına verdiyi müsahibədə o, Londonun şərqdən və cənubdan gələn təhdidlərlə bacara bilmədiyini söyləyərək, Rusiyanı digər terror təşkilatları ilə eyni cərgəyə qoymuşdu.
 
Devid Kameronun Rusiyaya qaşrı tətbiq edilən sanksiyalarda xüsusi rol oynadığı bilinməkdədir.