PUTİNİN “BUREVESTNİK”İ PARTLAYIB? – Rusiyada məxfi hərbi obyektdə qəzadan şübhələnirlər

Baxış sayı:
3535

Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığında baş verən qəza təkcə Rusiyada deyil, onun şimal qonşularında da böyük narahatçılığa səbəb olub. “AzPolitika” xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər hadisənin baş verdiyi qapalı hərbi obyektdə ciddi nüvə sızıntısı qeydə alındığından şübhələnirlər.

Qeyd edək ki, avqustun 8-də baş verən qəza ilə bağlı rəsmi məlumatlar yalnız son 2 gündə verilməyə başlayıb. Lakin məlumatların ziddiyyətli olması narahatlığı bir qədər də artırıb. “Rosatom”un yaydığı rəsmi məlumatda sözügedən obyektdə baş verən partlayış nəticəsində 5 nəfərin həlak olduğu, 3 nəfərin isə ağır xəsarətlər aldığı bildirilir. Əvvəlcə partlayışın nüvə mənşəli olduğu etiraf edilməsə də, sonradan bunu gizlətmək mümkün olmayıb. Belə ki, partlayış vaxtı yaxınlıqda yerləşən Severodvinskdəki radiasiya ölçü cihazları normadan təxminən 35 dəfə(!) artıq 2 mikrozivert/saat miqdarda radiasiya qeydə alıb.

Sonradan rəsmi qurumlar bu faktı təsdiq ediblər, lakin bildiriblər ki, güclü radiasiya fonu qısa müddətdə hiss olunub. Hansı ki, əvvəlcə ümumiyyətlə partlayışın nüvə xarakterli olmadığı bildirilirdi. Hazırda isə bu zonada radiasiyanın miqdarı rəsmi məlumata görə, 0.11 mikrozivertə enib ki, hətta bu da normadan 0.5 vahid çoxdur.

Mütəxəssislər qeyd edirlər ki, 2 mikrozivert 200 mikrorentgen deməkdir. Qanunla isə 50 mikrorentgen şüalanma olan ərazidən əhali dərhal evakuasiya olunmalıdır. Lakin rəsmi qurumlar təşvişə əsas görmədiklərini, radiasiya fonunun normaya yaxınlaşdığını bildirirlər. Buna baxmayaraq, ətraf qəsəbələrdə və şəhərlərdə əhali kütləvi şəkildə apteklərdən yod alır. Qeyd edək ki, yod radiasiyadan qorunmaq üçün təsirli maddə sayılır, onu həm bədənə sürtmək, həm də nə qədər riskli olsa belə, ciddi radioaktiv təhlükə zamanı içmək mümkündür.

Bununla yanaşı sözügedən qapalı hərbi obyektdə əslində nə baş verdiyi geniş müzakirə olunmaqdadır. “Novaya Qazeta”ya açıqlama verən rusiyalı mütəxəssis Andrey Zolotkov iddia edib ki, obyektdə nüvə enerjili raketin sınağı zamanı partlayış baş verib.Ehtimal olunur ki, bu, Vladimir Putinin hələ 2018-ci ilin martında anonsunu verdiyi ən müasir “Burevestnik” raketi olub. Həmin raket nüvə enerjisi qurğusu ilə təchiz olunub. Böyük ehtimalla partlayan da sözügedən qurğudur.

A.Zolotkov açıqlamasında qeyd edib ki, radiasiyanın yayılması onun daşıyıcısı olan obyektin havaya qalxması ilə əlaqədar ola bilər. Deməli, raketin atışı həyata keçirilsə də, bu uğursuz alınıb və startdan çox qısa müddət sonra qəzaya uğrayıb. O da təsdiqlənib ki, hadisə baş verən hərbi obyektdə doğrudan da sualtı qayıqlardan və gəmilərdən buraxılan qanadlı raketlərin sınağı keçirilir.

Rusiya mətbuatının yazdığına görə, sözügedən raketin bundan öncəki sınaqları da uğursuz keçib. Onun əsas üstünlüyü bütün müasir radar sistemləri üçün “görünməz” olması və olduqca uzun məsafələri qət edə bilməsidir. Lakin görünür, hələlik Rusiya buna nail ola bilmir.

Artıq hadisənin baş verdiyi Ağ dəniz akvatoriyasında gəmilərin keçidinə, həmçinin balıq ovuna qadağa qoyulub. Mütəxəssislər isə ümid edirlər ki, burada keçirilən sınaqlar nüvə raketləri deyil, sadəcə nüvə yanacağı qurğuları olan raketlərə aiddir. Çünki belə sınaqların yaşayış məntəqələrinin yanında keçirilməsi böyük faciələrlə nəticələnə bilər. Həmçinin qeyd olunur ki, nüvə raketlərinin sınağı üçün adətən daha uzaqda olan “Novaya Zemlya” poliqonundan istifadə olunur.