​Putinin arzuladığı DİALOQLAR RƏDD EDİLİR – Şərh

Baxış sayı:
3586

Rusiya prezidenti faktiki olaraq ötənilki mətbuat konfransında dediklərini təkrarladı.
Muxalifət.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O, ötən gün Vladimir Putinin 13-cü illik mətbuat konfransında etdiyi çıxışı bu cür şərh edib:
“Birincisi, Putinin sözlərindən anlaşıldı ki, Donbas separatçılarına dəstək davam edəcək. Putin Ukrayna hakimiyyətinin Donbas liderləriylə dialoq qurmalı olduğunu və dünyanın heç bir münaqişəsinin qarşıduran tərəflərin dialoqsuz həll olunmadığını bildirdi. Putinin fikri ilə onun Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Əgər Donbas separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbas separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olunduğunu bildirir və bu səbəbdən onlarla müzakirələr aparmır.
İkincisi, Putin dedi ki, müxtəlif mövzularda ABŞ-la dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir: Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putin isə Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq.
Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında xeyli problem var”.