​Putini tənqid edən mer istefa verdi: “Elə bir duruma salınmışıq ki..”

Baxış sayı:
367

Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqun meri Yevgeni Royzman istefa verdiyini açıqlayıb. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz olaraq belə bir addım atıb.
“Şəhər sakinləri tərəfindən seçildiyim üçün onların maraqlarını müdafiə edirəm. Elə bir duruma salınmışıq ki, başqa birisinin qərarını qanuniləşdirməliyik. Belə bir şəraitdə bunda iştirak etməyəcəyəm. Bugünkü toplantı bitib. Sizə buna qatılmaq istəmədiyimi elan edir və istefa verirəm”, – Royzman mayın 22-də şəhər şurasının iclasında deyib.
O, həmin açıqlamadan öncə şəhər merinin seçilməsinin ləğvi ilə bağlı şəhərin xartiyasına dəyişikliklər edilməsini toplantının gündəliyinə salmaqdan imtina edib. Aprelin 3-də Sverdlovsk regionunun deputatları qanun layihəsi qəbul ediblər. Sənədə görə, regionun paytaxtı olan Yekaterinburgun merini şəhər şurası seçəcək. Namizədlərin siyahısını isə komissiya hazırlayacaq. Bu addım Royzmanın və şəhər sakinlərinin etirazına səbəb olub. Royzman regionun qubernatoru Yevgeni Kuvaşevin təqdim etdiyi bu qanunvericiliyi pisləyib. O deyib ki, birbaşa seçkilərin ləğvi demokratiyaya zərbə olar, şəhərin maraqlarına ziyan vurar. Onun fikrincə, Kremlə sadiq yerli hakimiyyət bu sənəddən yararlanaraq üzüyola mer “təyin edəcək”.
Tənqidçilərin sözlərinə görə, prezident Vladimir Putin 18 illik hakimiyyəti dövründə Kremlin seçki siyasəti üzərində nəzarətini gücləndirib. Royzman Putini açıq tənqid edən, müxalifət lideri Aleksey Navalnını dəstəkləyən azsaylı yerli rəsmilərdəndir. Ancaq onun vəzifəsi daha çox protokol xarakterlidir, Yekaterinburda icraedici səlahiyyətin çoxu şəhər administrasiyasının rəhbəri Aleksandr Yakoba məxsusdur./"Azadlıq" radiosu/