Putini qovmağa gedən şaman… – “Yaradanın əmrini” icra edirmiş

Baxış sayı:
1069

Rusiyanın Buryatiya Respublikasının ərazisindəki “Baykal” avtomagistralının 202-ci kilometrində, İrkutsk Vilayətilə sərhəddə Aleksandr Qabışev adlı şaman və onun tərəfdarları həbs ediliblər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, A.Qabışevin Moskvaya üz tutduğu və məqsədinin ölkə prezidenti Vladimir Putini qovmaq olduğu məlum olub.

Əsasən Rusiyanın azsaylı şimal xalqlarında rast gəlinən şamanlar ruhları qovmaqla, müxtəlif cadular və mistika aləminə aid rituallar keçirməklə tanınsalar da, A.Qabışev ruhlarla deyil, Putinlə mübarizə aparmaq qərarına gəlib. Şamanın kifayət qədər tərəfdarının da olduğu bildirilir. Qabışevin həbsi zamanı hadisə yerində olan tərəfdarlarından biri deyib ki, güc strukturlarının təmsilçiləri avtomagistralı bağladıqdan sonra şamanın yolun kənarındakı çadırına hücum ediblər. Onlarla xüsusi təyinatlının iştirak etdiyi əməliyyatda şamanla birgə 20 nəfər tərəfdaşının da həbs edildiyi bildirilir.

Rusiya mətbuatı yazır ki, əslən Yakutiyadan olan A.Qabışev bu yola hələ yarım il bundan əvvəl 2 metrlik arabası ilə çıxıb. Sentyabrın 9-da Buryatiya paytaxtı Ulan-Udeyə çatan şaman şəhəri əməlli-başlı qarışdırıb. Belə ki, paytaxta çatandan sonra polis işçiləri onun bir neçə tərəfdarını həbs edib. Bundan sonra şəhərdə onların azad edilməsi tələbilə etiraz aksiyaları keçirilməyə başlayıb. Sonradan həmin aksiyalar daha da siyasiləşərək, hakim partiyanın nümayəndəsi olan şəhər merinin istefası tələbilə davam etdirilib. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edərək, yeni seçkinin keçirilməsini tələb ediblər. Bundan sonra Moskvaya yolunu davam etdirən A.Qabışev paytaxta gələn ilin mayında çatmağı planlaşdırırmış.

Putini qovmağın “yaradanın əmri olduğunu” deyən şamana qarşı kifayət qədər ciddi maddə ilə cinayət işi açılacağı gözlənilir. Belə ki, mətbuat hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, A.Qabışevə qarşı “ekstremist təşkilatın yaradılması” maddəsilə ittiham irəli sürülə bilər.