Putini öldürmək istəyən çeçen komandirə sui-qəsd – ÖLƏN VAR

Ukraynanın paytaxtı Kiyevin Qlevaxa qəsəbəsi yaxınlığında Adam Osmayevin avtomobili gülləbaran edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko paylaşıb. Osmayevlə birgə avtomobildə xanımı Əminə Okuyeva da olub. İnsident nəticəsində Osmayev yaralanıb, onun həyat yoldaşı isə başından aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, Osmayevə bundan öncə iyun ayında hücum olmuşdu. O zaman Sankt-Peterburqdan olan çeçen əsilli sahibkar Artur Denissultanov Osmayevi yaralamış, onun həyat yoldaşı Okuyeva isə cavab zərbəsi ilə sahibkarı vurmuşdu. Maraqlı məqam odur ki, Denissultanov sui-qəsdini həyata keçirməzdən əvvəl cütlüyə özünü Fransanın “Le Mond” qəzetinin nümayəndəsi kimi təqdim etmişdi.
2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəmişdilər. Osmayev 2014-cü ilin noyabrında azadlığa çıxmışdı.
Ukraynada Cövhər Dudayev adına çeçen batalyonunun komandiri məşhur general İsa Munayevin 2015-ci il fevralın 1-də Debaltsova yaxınlığında gedən döyüşlərdə həlak olmasından sonra Osmayev bu batalyona rəhbər gətirilmişdi. Sonradan Rusiya mətbuatı Munayevin ölümündə məhz Osmayev və Akuyevanı günahkar bilmişdi.